Niyə məni başa düşmürsünüz?

618

(Oxucu məktubları əsasında)

Vallah, mənim çox qəribə oxucularım var. Hər gün məni hədələyirlər: biri deyir, əgər mənim yazdıqlarımdan söz açmasan, bir də səni oxumayacağam, arayıb özümə bir bab yazar tapacağam: o biri deyir ki, əgər mənim dərdimə işıq salmasan, səni görəndə heç salam da verməyəcəyəm. Xülasə, elektron poçtum bu tipli yazılarla doludur.

Ay başınıza dönüm, nədən məni başa düşmək istəmirsiniz? Axı sizə dəfələrlə demişəm ki, elə şeylərdən yazın ki, mən onları bəh-bəhlə təqdim edim də… Siz isə elə məsələlərə toxunursunuz ki, heç iyirmi ilin jurnalisti onlardan söz açmağa cürət etməz. Bir də axı nə vaxta qədər siz mənim əlimlə öz dərdlərinizi izhar edəcəksiniz? Olmaya, xam tapmısınız? Yox, mən heç də sizin dediyiniz kimi deyiləm.

Yenə deyirəm, mən dəli-zad deyiləm ki, durub Qubadan gələn məktuba reaksiya verib yazım ki, bəs bu cənnətməkanın sakini Əlövsət dayı deyir ki, xeyli vaxtdır, bir neçə il öncə çəkilmiş Bakı-Quba yolunda təmir işləri aparılır. Halbuki çəkilişinə milyonlarla manat xərclənən həmin yolun betonla, çox keyfiyyətli tikildiyi, ona on illərlə zəmanət verildiyi deyilirdi. Üstəlik, Əlövsət kişi ərz edir ki, məgər bu, dövlətin milyonlarının havaya sovrulması demək deyilmi? Məgər mən belə şey yaza bilərəm? Adama deməzlərmi, balam, şəxsən sən havada uçan o milyonları görmüsənmi? Onda mən onlara nə cavab verərəm axı? Niyə məni başa düşmürsünüz?

Avtomobil yolundan söz düşmüşkən, Bakı sakini Hidayət kişi yazır ki, bəs özləri barədə “qoçu dəstəsi” imici formalaşdıran Nəqliyyat Nazirliyinin müfəttişləri son vaxtlar, sözün həqiqi mənasında, at oynadırlar. Sürücülərə qarşı zor tətbiq etməyi özləri üçün az qala vərdişə çevirən Nəqliyyat Nazirliyinin bəzi müfəttişləri o qədər arxayınlaşıblar ki, onlar artıq işlərinin taksi sürücülərini döymək və təhqir etmək olduğunu zənn edirlər. Ay Hidayət kişi, incimə, vallah-billah, mən bundan bir kəlmə belə yaza bilmərəm. Nədən ki, yaxşı bilirəm ki, onların elə vəzifəli adamları var ki, sabah mənim də başıma belə oyun aça bilərlər. Bunu bilə-bilə niyə sizin dediklərinizə züy tutmalıyam axı? Bir də ağrımayan başıma niyə dəsmal bağlamalıyam?

Gör hələ Bərdədən olan bir oxucum məndən nə soruşur? Allahım, o nə soruşurdu?.. Hə, hə, yadıma düşdü. O: “Bərdə Rayon Mərkəzi Xəstəxanasında, eləcə də Bərdə Rayon Doğum Evində göstərilən tibbi xidmətlərə görə xəstələrdən pul tələb olunduğunu bildirərək” “dövlət xəstəxanalarında tibbi xidmət pulludur?” sualı ilə mənə müraciət edib. Ay oxucum, məgər sən o boyda rayonda bu suala cavab verə biləcək adam tapmırsan ki, mənə müraciət edirsən? Axı hər rəhbər şəxs, hətta adi hüquqşünas da yaxşı bilir ki, Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən, 2008-ci ilin fevral ayının 1-dən nazirliyin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmət ləğv edilib. Hazırda təsərrüfathesablı tibb müəssisələri istisna olmaqla, nazirliyin tabeliyindəki müalicə-profilaktika müəssisələri pulsuz fəaliyyət göstərir. Özü də bu barədə dəfələrlə məlumat verilib. İndi mən yenidən bu məsələdən söz açmaqla guya Amerika kəşf edəcəyəm? Yox, ay bərdəli oxucum, incimə, sizin bu sualınıza da cavab verə bilməyəcəyəm. Adama Bərdənin hər hansı bir yetkilisi deməzmi, balam, şikayət edən şəxs sənin oxucundur, bu mənada sənin adamındır deyə, onun hər dediyini yazmalısanmı? Onda mən ona nə cavab verərəm? Belə olan təqdirdə, həmin o yetkili mənə torba tikməzmi? Əlbəttə, tikər, tikməyə də haqqı var.

Bir sözlə, ay mənim əzizlərim, məni oxumasanız da, salam verməsənizdə, dalımca danışsanız da əqidəmdən dönən deyiləm. Yəni sizin dediklərinizin heç birindən söz açan deyiləm. Odur ki, deyirəm, bir daha mənə problemli məktublar göndərməyin, əbəs yerə məni dilə tutmağa çalışmayın. Siz sağ, mən salamat. Hərdən düşünürəm, nə yaxşı ki, belə oxucu məktublarına reaksiya vermirəm. Versəydim, vallah, canımı qoymağa yer tapmazdım. Allahım, sən özün mənə kömək ol!