Niyə bütün avtobuslar kart sisteminə keçmirlər?

449

Son günlər Bakıda ard-arda avtobus qəzaları baş verir. Bununla əlaqədar həyatını itirənlər, yaralananlar, cinayət məsuliyyətinə cəlb olunanlar var. Sanki “tədbir görülür” imici formalaşdırmaq istəyənlər var. Amma nə vaxt – hadisə olandan sonra. Niyə əvvəlcədən tədbir görülmür? Qəza bir dəfə olar, iki dəfə olar. Demək olar ki, hər həftə avtobus qəzaları haqqında mətbuatda xəbər yayılır. Bəs bu qədər avtobus qəzaları niyə baş verir? Adətən, qəza olanda deyirlər ki, səbəbi sürət həddinin aşılmasıdır. Bəli, maşınsürənlər yaxşı bilirlər ki, avtomobili yüksək sürətlə idarə edəndə onu saxlamaq çətinləşir. Amma normal sürülən avtomobili müəyyən mənada qəzadan yayındırmaq mümkündür. Hətta aşağı sürətlə qəza olsa belə, az xəsarətlə nəticələnir. Əslində mövzumuz ictimai nəqliyyatlarda kart sisteminə keçilməsinin gecikməsidir. Qəzalardan danışmağımın səbəbi odur ki, nizam-intizamlı, kartlı, maaş alan sürücülərin idarə etdikləri avtobuslar olarsa, qəzaların da qarşısını bir mənada almaq olar. Bəs şəhərarası nəqliyyatda kart sisteminə keçid niyə bu qədər yubadılır?
“Baku Bus”dan razı olmayan adam yoxdur yəqin ki. Hətta bununla bağlı mətbuatda xeyli müsbət rəylər də yazıldı. Deyilirdi ki, əgər bizim sürücülər belə ola bilirlərsə, biz belə ola biliriksə niyə bu qədər gecikmişik?! “Baku Bus”un saytında məqsədimiz, strategiyamız və hədəflərimiz başlıqlı bölmələrin hamısında sərnişinlərə təhlükəsiz xidmət göstərməkdən bəhs olunur. Doğrudan da, yazdıqları kimi də edirlər…
Bütün avtobuslar kart sistemi ilə işləyəcək?
İndi Bakıda bütün marşrut avtobusları belə xidmət edə bilmirlər. Bunun səbəbləri nələrdir? Bunu araşdırmaq üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) ilə əlaqə saxladıq. NİİM-nin mətbuat xidmətinin rəis əvəzi Rauf Mirqulamov suallarımıza cavab verdi. Onun sözlərinə görə, yaxın vaxtlarda digər avtobuslarda kart sistemi ilə işləyəcəklər: “Bildiyiniz kimi, dekabr ayında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) yaradılıb. Biz (NİİM) BNA-ya tabeyik. Bakı Nəqliyyat Agentliyinin əsas öhdəliklərindən biri avtobuslarda kart sisteminin yaradılmasıdır. Konkret nə vaxt olacaq onu deyə bilmərəm, bununla bağlı işlər görülür. Düşünürəm ki, yaxın vaxtlarda bütün avtobuslar kart sistemi ilə işləyəcəklər”.
“Avtobus şirkətləri kart sisteminə keçməyə maraqlı olmurlar”
Mövzu ilə bağlı “Zaman-Azərbaycan” qəzetinə müsahibə verən nəqliyyat üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, ictimai nəqliyyatda kart sisteminə keçidin gecikməsinin səbəbləri müxtəlifdir: “Bu gecikmənin səbəbini müvafiq icra qurumları cavablandırmalıdır. Amma düşünürəm ki, bu sistemin gecikməsi sırf texniki xarakterlidir. Çünki burada müəyyən texniki təchizat məsələləri öz həllini tapmalıdır. Bütün şirkətlər texniki avadanlığın quraşdırılmasına dair sərəncam verməlidirlər. Bu məsələ qanunvericilikdə bir növ tövsiyə xarakteri daşıyır. Dekabr ayında Bakı Nəqliyyat Agentliyi yaradılıb, bu agentlik məsələni nəzarətə götürüb. Onlar bildiriblər ki, yaxın vaxtlarda sərnişin daşınmasını həyata keçirən avtobus şirkətləri birmənalı şəkildə həmin texniki avadanlıqla avtobuslarını təchiz edəcəklər. Bu, məsələnin texniki aspektidir. Təbii ki, burada başqa səbəblər də var ki, o da müəyyən subyektiv xarakter daşıyır. Çünki bəzi hallarda sərnişindaşıma ilə məşğul olan sahibkarlar, avtobus şirkətləri, bəlkə, o qədər də maraqlı olmurlar ki, kart sisteminə keçsinlər. Bunun da müxtəlif səbəbləri var. Kart sistemi artıq müəyyən mənada onların gəlirlərini azalda bilər. Onlar müvafiq qaydada vergi ödəməli və digər məsələləri tam şəkildə həyata keçirməlidirlər. O baxımdan kart sistemində hansısa neqativ hallar üçün imkanlar qalmır. Hər şey vahid şəkildə olur, bir mərkəzdən idarə olunur. Maliyyə axını üzərində də nəzarət olur”.
“Kart sisteminə keçilsə, sürücünün plandan asılılığı olmayacaq”
Azər Allahverənov qeyd etdi ki, bu gün plana işləyən sürücülər, planı ödəmək missiyası ilə həmin avtobusları idarə edirlər: “Planın ödənilə bilmədiyi və planın daha artıq ödənildiyi halda, nəzarət etmək olduqca çətin olur. Mən onun tərəfdarıyam ki, bütün avtobuslar kart sisteminə keçsinlər. Ona görə ki, bu sistemə keçid olarsa, sürücünün plandan asılılığı aradan qaldırılacaq. Avtobus sürücüsü ona həvalə olunmuş avtobusu müəyyən olunmuş marşrut üzrə, qrafik çərçivəsində idarə edəcək. Çünki onun işi konkret saatlar üzrə avtobusu idarə etməkdir. Plan və digər məsələlər olduğu halda, sürücü məcbur olur ki, bəzi halarda hətta qeyri-qanuni hallara da yol versin. Yol hərəkəti qaydalarını pozur. Belə olanda avtobuslar öz aralarında ötüşə çıxırlar. Dolayısilə qəzaların qarşısı alınacaq. Həqiqətən də, sürücü evə pul aparmaq istəyir, əks halda, uşaqları ac qalmış olur. Bu pulu qazanmaqdan ötrü o bəzən kobud qayda pozuntuları da edir. Pis idarə olunan avtobus, təhlükəli idarə olunan avtobus daşıdığı sərnişinləri təhlükə altına atmış olur. Bu, çox vacib bir məqamdır. Kart sistemi bunları aradan qaldıracaq, avtobuslar müəyyən olunmuş qaydalar çərçivəsində idarə olunacaq və bu da sərnişinləri təhlükə altına almayacaq”.

Rasim Məmmədli