Nisyə qorxusu

604

Yaşadığım məhəllədə bir qəssab dükanı var. Neçə ildir ki, qəssab Zakir bu dükanda ət satışı ilə məşğul olur. Satdığı heyvanı da özü kəsir.

Özü də qəssab Zakir aran rayonlarından mal gətizdirməz, heyvanı da hər adamdan almaz. Deyir ki, hər ət satan qəssab olmadığı kimi, hər heyvan satandan da heyvandar olmaz. Dediyinə görə, ətin dadı heyvanın necə kəsilməsindən, onun doğranmasından çox asılıdır. Səliqəsi də öz yerində. Bir sözlə, o öz sahəsinin sərrafıdır. Elə bu səbəbdən ondan ət alan hər kəs razılıq edir. İndiyədək onun müştəri sarıdan korluq çəkdiyini də eşitməmişəm. İnsafən, şirin dili də var ki, bu da onun işinə çox yarayır. Hə, o, indiyədək heç bir müştərisini əliboş yola salmayıb. Amma öz aramızdır, onun nisyə dəftərində, demək olar ki, bütün qonşuların adları var. Bircə mənim adım yox idi (Ümumiyyətlə, mən həmişə çalışmışam ki, adım bu və ya digər dükançının borc dəftərində olmasın, istər sovet dönəmində, istərsə də indi). Bu hesabatı da qəssab Zakir özü aparıb və bu barədə mənə məlumat verib.

Bir neçə gün öncə ət almağa onun yanına getdim. Növbə mənə çatan kimi o dilləndi:

– Hə, müəllim, necəsən, nə var, nə yox?

O, cavabımı gözləmədən davam etdi:

– Müəllim, son aylar görünmürsən e…

Söhbətinin bu yerində o, zarafatından da qalmadı:

– Olmaya, ət yeməyi tərgitmisən?

Gülümsündüm. Qəssab Zakir bu təbəssümümdən özünəməxsus şəkildə yararlanaraq dedi:

– Müəllim, dolmalıq?

– Hə, 2 kilo?

İki kilo sözünü eşidən qəssab Zakir yarızarafat-yarıgerçək dilləndi:

– Müəllim, bu nədir? Beşdən ikiyə düşmüsən? Olmaya, sizin də müəssisədə o söz…

Dinmədim. Durub, bu barədə qəssab Zakirə hesabat verməli deyildim ki…

Elə bu zaman evdən zəng gəldi. Həyat yoldaşım idi. Bir kilo ciyər də almağımı söylədi. Bunu da hamilə gəlinin könlünə düşməsi ilə əsaslandırdı.

Əlimi cibimə saldım. Təxmini hesablamamdan bəlli oldu ki, bu işin öhdəsindən gəlmək mümkün olmayacaq. Bir də düşündüm ki, bu sifarişi gerçəkləşdirsəm, ailə büdcəmdə müəyyən kəsirlər yaranacaq ki, onları da aradan qaldırmaq üçün ən azı 2-3 ay lazım olacaq. Odur ki, həyat yoldaşıma: “İmkan yoxdur, sonra alaram”, – dedim.

İmkansızlıq ucbatından rəngimin dəyişməsi qəssab Zakirin gözündən yayınmadı. Lakin o, fərqinə varmaq istəmədi. İki kilo ətin pulunu verəndə özümdən asılı olmayaraq: “Sənə ciyər almağa imkanım yoxdur, a bala”, – sözlərini pıçıldadım. Qəssab Zakir birdən: “Dayan, a müəllim”, – dedi. Və əti doğraya-doğraya dilləndi:

– Müəllim, bilmirəm yadındamı, ya yox, sovet dönəmində məşhur “Beşmərtəbə”nin yaxınlığında müştərisi bir an belə azalmayan bir “cızbızxana” varmış. Buradakı qələbəliyə başlıca səbəb bişirilən cızbızın keyfiyyəti ilə yanaşı, həm də onun çox ucuz olması idi. Burada başqa xörəklər bişirilmədiyindən bütün günü ancaq və ancaq “Cızbız” sözü eşidilərdi. Müştərinin istəyinə müvafiq, “bir cızbız”, “üç cızbız” və yaxud da “beş cızbız” sözləri səslənərdi.

Günlərin bir günü satirik kimi tanıdığımız Baba Pünhanın yolu bu məkana düşür. Sən demə, bu məşhur yeməkxanaya gəlişi zamanı metroda çalışan şairin cibində pul çox az olubmuş. Bu pul bir payı cəmisi 40 qəpiyə olan cızbızı almağa da çatmırmış. Odur ki, o, əlindəki pulu satıcıya uzadıb: “Bir pay cız verin”, – deyir. Bütün günü içəridə tam “cızbız” sözü eşidən satıcı bu yarımçıq sözdən diksinən kimi olur. Odur ki, yaxşı eşitməyibmiş kimi gözünü Baba Pünhana zilləyib, ondan nə istədiyini soruşur. Şairin sakitcə: “Cız” deməsi onun böyük marağına səbəb olur və o istər-istəməz ondan niyə sözü axıra qədər dilə gətirmədiyini soruşur. Satirik də ovcunu açaraq, əlindəki 20 qəpiyi ona göstərir və bu pulun yalnız yarım paya, başqa sözlə desək, ancaq “cız”a çatdığını “bız”a isə pulunun olmadığını deyir. Bu sözdən böyük ləzzət alan satıcı doyunca gülür və şairdən pul almayacağını söyləyib: “Ürəyin neçə pay istəyirsə, yeyə bilərsən”, – deyir. Hə, müəllim, indi onun sözü olmasın, ürəyin neçə kilo ciyər istəyir, verim. Amma əndişələnmə, vallah, adını heç nisyə dəftərimə də salmayacağam. Nə vaxt imkanın olsa pulunu verərsən…

Razılaşdım.

Qvami Məhəbbətoğlu