Nişanələri bizim telekanallarımızda qalıb

743
Sevsəm də, sevməsəm də istirahət deyəndə ağlıma əski divanımız və bir də on beş ildən bəri axşam-səhər gözümüzü zillədiyimiz televizorumuz gəlir. Çünki mənim istirahət anlayışım ən çox bunlardan ibarətdir. Arada bir evdəkindən giley-güzar eşidəndə də “çay gətir!” xahiş qarışıq nidası ilə mövzunu dəyişməyə çalışıram. O da hərdən tutur, hərdən də əks reaksiya verir. 
 

Xüsusilə də bazar günləri. Əgər o gün gedəcək bir yerim yoxdursa, demək ən çox məşğuliyyətim kanalları dolaşmaqdır. Bəzilərindən fərqli olaraq mən yerli kanallarımızı dönüb dolaşmağı sevirəm. Ölkəmizdə nəyin danışıldığı, hansı mövzuların gündəmdə olduğunu bilmək bir vətəndaş kimi mənim ən təbii haqqımdır. Amma bununla neçə dəfədir ki, bazar günləri kanallarımızda yarım əsr əvvəl çəkilmiş hind və rus kinolarından başqa bir şey tapa bilmirəm. Bəzən elə olur ki, eyni film müxtəlif kanallarda yayımlanır. Orda da “Zita və Gita”, burda da “Zita və Gita”  Efirimiz daha çox hind filmlərinə meyilli olduğu üçün mən də elə bu filmlər haqqında danışmaq istəyirəm. Bugünkü gəncliyin haqlı olaraq mənasız cızmaqara kimi baxdığı o filmlər bir zamanlar ölkəmizdə anşlaqla izlənirdi. “Toz içində çiçək”, “Kəşmirdə məhəbbət”, “Sanqam”, “Daş üzərində poema”, “Ram və Şam”… Kinoteatrlarda gün ərzində üç-dörd dəfə nümayiş etdirilən o filmlərə bilet tapmaq qəhrəmanlıq idi. Sovet hakimiyyətinin ən xoş günləri idi onda. O boyda imperiyada bir mahnı  oxuyanlar, bir top oynayanlar, bir də “politbüro”nun üzvləri tanınırdı. Həmin illərdə ölkədə düzəlməyən problem yox idi, adamlar ayda altmış manat maaş alır, amma necə edirdilərsə, o pulla xeyli dərəcə məmnun yaşaya bilirdilər. Hər kəs rahat idi onda, indiki kimi qaçhaqaç yox idi. Bəzi bərk qaçanlar da bir də gözlərini açırdılar ki, barmaqlıqlar arasındadır. Hər hansı təşəbbüsün, “sabah başımz nə gələcək?” qayğısının olmadığı o günlərdə bu gün barmaq arası baxdığımız o hind filmləri bizim uçan qanadlarımız, xəyal dünyamız idi. Elə bilirdik ki, dağların o üzündə Hindistan adlı bir məmləkət var və o məmləkətdə insanların işi ancaq sevib-sevilməkdən ibarətdir. Sevib ağlaşırlar, ayrılıb ağlaşırlar, sonra necə olursa rast gəlib görüşür, ayrı yaşaya bilməyəcəklərini anlayır və hər şeyi xoşbəxt bir sonluqla tamamlayırlar. Özü də o məmləkət necə bir yer idisə dağları yamyaşıl, çiçəkləri şapalaq boyda, adamlar bir-birinin boynuna çiçəkləridən hörülmiş çələng keçirirlər, uzaqdan gələn müsiqi səsi elə bil ki, hansısa alətdən deyil, dağdan, ağacdan, küləkdən, sulardan, meşənin dərinliyindən gəlir. Elə bil ki, çalan da oxuyan da insan deyil, təbiətin özüdür. Gecələr klubda tamaşa elədiyimiz o filmlərin təsiri altında evə gəlir, səhər qədər allı-güllü xəyallar qurardıq. O ölkəyə gətmək, o insanların arasına qarışmaq ən böyük arzumuz olurdu. Uşaqlar o filmdəki qəhrəmanlardan danışıq, əda öyrənərdilər, geyim-kecim götürdülər. Bəzi heyranlar öz övladlarına sevdiyi qəhrəmanın adını da verirdilər. Xüsusilə də Rac Kapurun filmlərinin qəhrəmanları daha çox sevilirdi. Bu gün ölkəmizdə yaşı qırx ətrafında xeyli Rac, Vicay, Ratxa, Rita var.

İllər keçdi, dünya sürətlə dəyişdi və həqiqətlərlə tanış olanda gördük ki, o filmlərdə gördüklərimiz dekordan başqa bir şey deyilmiş. Sanki o dağlar da, meşələr də, insanlar da sadəcə dekor imiş. Çünki o filmlərdəki həyat, sevgi, saflıq Hindistanın özü üçün belə xülyadan başqa bir şey deyilmiş. O illərdə hind mahnısı oxumaq müğənnilərimiz arasında dəb halına gəlmişdi. Rəmiş gitarada kinolardan seçdiyi mahnıları çalırdı.

Hindistan bizim üçün dağların o üzü idi, əlçatmaq, ünyetməz bir səadət ünvanı idi. Bu gün o ölkəyə əl də çatır, ün də yetir, amma nə əlimizi uzadırıq, nə səsimizi çıxarırıq. Çünki çoxlarımız üçün Hindistan səfalət ölkəsidir, evsiz-eşiksiz, işsiz, sabaha ümidsiz insanların ölkəsi, natəmizliyin, cəhalətin baş alıb getdiyi, insanların küçə tinində yatdığı, çimdiyi bir  məmləkət.

Biri vardı, biri yoxdu, çox-çox qədimlərdə və uzaqlarda bir məmləkət vardı, amma daha yoxdu, əslində heç olmayıb da, ancaq nişanələri bizim telekanallarımızda qalıb.

Əli Çərkəzoğlu