“Nikulinin dəvətini qəbul etmədim”

0
501

Bir vaxtlar şənliklərdə tamaşaçıların zövqünü oxşayan kəndirbazlara indi maraq azalıb. Bu barədə saytımıza bu sənəti yaşadan 62 yaşlı Məhəmməd Paşayev məlumat verib. Ömrünü bu sənətə bağlayan peşəkar kəndirbaz ötən ay Türkiyədə yayımlanan yarışda da iştirak edib.
Ağdaş rayonunun Qəribli kəndində yaşayır Məhəmməd Paşayev. 15 yaşından kəndirbazlıq edən Məhəmməd kişi məşqlərini də həyətində quraşdırdığı qurğuda edir. İşində həmişə məsuliyyətli olan peşəkar kəndirbaz hətta məşq zamanı da xüsusi tikdirdiyi geyimində olur. Kəndir üzərində isə 20-dən artıq nömrə nümayiş etdirir.
47 ildir bu sənətlə məşğul olan Məhəmməd kişi bir çox ölkələrdə müxtəlif nömrələrlə çıxış edib. Hətta bir vaxtılar dünyaca məşhur rus aktyoru Yuri Nikulin onu öz sirkində işləməyi də təklif edib. Elinə, obasına bağlı olan Məhəmməd kişi isə bu təklifi qəbul etməyib: “Dedim mənim öz elim-obam var. Elimin sənətidir. Heç vaxt mən bu sənətlə klubda çıxış edə bilmərəm. Mənə Allah verən sənətdir. Açıq havada, kəndlərdə, eldə-obada qururuq, nağara-zurna ilə çıxış edirik. Bu elə bizə böyük fəxrdir, elimizin, obamızın sənətini yaşadırıq”.
kart

Peşəkar kəndirbazın məharəti qardaş Türkiyənin də gözündən yayınmayıb. Onu Türkiyədə telekannaların birində yayımlanan məşhur yarışa şəxsən proqramın rəhbəri dəvət edib. Dəvəti qəbul edən Məhəmməd kişi yarışa qatılan 3 min 500 nəfərin içində kəndir üzərində öz bacarığını nümayiş etdirərək yarımfinala kimi gəlib çıxa bilib. Məharəti bununla da bitməyən Məhəmməd kişinin həm saz çalmaq, həm də şeir yazmaq qabiliyyəti də var.
Məhəmməd kişi təəssüflə qeyd edir ki, indi bu sənətə maraq yoxdur. 3 oğlu, 2 qızı, 12 nəvəsi və 1 nəticəsi olan kəndirbaz bu sənətin daim yaşamasını istəyir. Elə buna görə də övladları və nəvələrinə bu sənətin sirlərini öyrədir.
Esmira Hidayətova