Nikol gedəcəkmi?..

0
36

Ağır hərbi məğlubiyyətdən sonra Ermənistanın sosial-iqtisadi tənəzzülü sürətlənib. Noyabrın 10-dan etibarən isə ölkədə, demək olar ki, hakimiyyətsizlik və siyasi xaos baş alıb gedir. Son günlər İrəvanda bu məğlubiyyətin səbəbləri araşdırılır, günahkarlar axtarılır. Amma bu zavallılar hələ də dərk etmək istəmirlər ki, Ermənistan öz işğalçılıq  siyasətinin qurbanı olub.

Bu günlərdə keçirilən rəy sorğusu da baş nazirin nüfuzunun daha sürətlə aşağı düşdüyünü növbəti dəfə göstərib. Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyət və onu dəstəkləyənlər isə nəyin bahasına olursa-olsun yenə xalqın ürəyinə yol tapmağa çalışırlar. Lakin xalq daha onların nağıllarına inanmaq istəmir. Məsələn, baş nazirin həyat yoldaşı Anna Akopyan müharibədə ölən əsgərlərin ailələrini ziyarət etmək istəsə  də, öldürülən əsgər valideynləri onu qəbul etməyiblər. Hətta onlar həlak olan əsgərlərin hesabına özünü reklam etmək istəyən  Anna Akopyanı nəzərdə tutaraq bildiriblər ki, “Belə bir qadın ayağını evimizə basa bilməz”. Bu isə o deməkdir ki, artıq ölkədə populist çıxışlarla, addımlarla camaatın könlünü almaq mümkün deyil.

Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən mitinqlər də  ara vermir. Amma görünən budur ki, hələ ki müxalifətin Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa gücü çatmır. Digər tərəfdən, Ermənistanda keçirilən sorğular göstərir ki, xalqın müxalifətə də inamı yoxdur. Elə müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Manukyanın respondentlərin cəmi 12 faizinin dəstəyini qazanması dediklərimizə sübutdur. Buna rəğmən, Nikol Paşinyanı “dəli” adlandıran Ermənistanın Vatikandakı sabiq səfiri Mikael Minasyan və “Vətən” partiyasının üzvü Arsen Babayan  bildiriblər ki, Paşinyan istefa verənədək geri çəkilməyəcəklər. Bu isə   “Nikol, get!” şüarı ilə keçirilən prosesin daha da dərinləşəcəyindən və Ermənistanın yeni ili Nikol Paşinyansız qarşılayacağından xəbər verir.

Bıçağın artıq boğaza dirəndiyini hiss edən Nikol Paşinyan isə mümkün qədər hakimiyyətdə qalmaq məqsədilə dəridən-qabıqdan çıxır. Özünü “Regiona nəzarət edən hərbi superdövlətin” rəhbəri kimi aparan baş nazir istefa verməyəcəyini bildirməklə yanaşı, hakimiyyətin istefasını tələb edənləri birmənalı şəkildə güc yolu ilə susdurmağa, etiraz aksiyalarını polis dəyənəyi hesabına dağıtmağa üstünlük verir. Hətta Nikol Paşinyanın mühafizəçiləri tərəfindən baş nazirin istefasını tələb edən etirazçılara silah da qaldırılıb. Hələ bunlar azmış kimi baş nazirin göstərişinə əsasən, kütləvi həbslər həyata keçirilir, siyasi partiya rəhbərləri, fəallar saxlanılır. Amma fakt budur ki, davam edən aksiyalar fonunda getdikcə dramatikləşən hadisələr hakimiyyətin mövqeyini gündən-günə zəiflətməkdədir. Üstəlik, baş nazirə qarşı müxalifətin etirazı həm də vətəndaş itaətsizliyinə gətirib çıxarıb. Doğrudur, Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını 31 dekabrda, daha doğrusu, Yeni il müraciətində elan edəcəyi və erkən parlament seçkilərinin keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb. Amma siyasətçilərin fikrincə, bu məlumatlar o qədər də həqiqətə uyğun gəlmir. Çünki hakimiyyət hərisi olan Nikol Paşinyanın öz xoşu ilə hakimiyyətdən əl çəkəcəyi o qədər də inandırıcı görünmür.

Qvami Məhəbbətoğlu, “İki sahil”