Nigarançılıqlarım

595

Bir neçə şeydən yana çox nigaranam. Biri budur ki, məsəl üçün deyək, bütün məmurlarımız Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsalı olan “NAZ-Lifan” avtomobillərini almaqda israrlıdırlər (Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı dövlət məmurlarına Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsalı olan “NAZ-Lifan” avtomobillərini almağı tövsiyə edib). Allah işlərini avand eləsin, sağlıqla işlətsinlər. Buna sözüm yox. Sözüm ona ki, indi məsəl üçün, bir saatlığa tutaq ki, onlar həmin avtomobillərdən aldılar və o vədə nəzərinizə gətirin ki, hamısı oldu “NAZ”lı. Bu isə o deməkdir ki, onlar dünənə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə həmin avtomobillərə sahib olmuş sosial qayğıya ehtiyacı olan insanlardan fərqlənməyəcəklər. Vallah, mənə elə gəlir ki, bunu onlar özlərinə dərd edəcəklər. Məmur da ki dərdli oldu, daha heç nə. Mən bundan yana çox nigaranam.

İkinci nigarançılığım budur ki, hazırda ekranlarımızda özlərini müğənni adlandıranlar ekran sulayırlar. Özləri də, maşaallah, hansı sahədən desən, danışırlar. (Məsələn, Xatirə xanım nə siyasətçidir, nə iqtisadçıdır. Amma efirə çıxıb gah iqtisadiyyatdan danışır, gah da siyasi bəyanat verir). Allah onların da işlərini avand eləsin. İndi, məsəl üçün tutaq ki, həmin müğənnilər dəvəti qəbul edib telestudiyaya gəlmədilər və camaata siyasət, iqtisadiyyat “dərsi” keçmədilər, o vədə həmin verilişlərin, həmçinin telekanalların rəhbərlərinin qəm və qüssəsi yerə və göyə sığışacaqmı? Bundan yana da nigaranam.

Üçüncü nigarançılığım bizim sahibkarlarla bağlıdır. Bu nigarançılığımın kökü orada ki, onların dərdlərini izhar etmələri üçün hər vür şərait yaradılır, hətta Prezident səviyyəsində… Amma sahibkarlarımız iş prosesində qarşılaşdıqları heç bir problemi dilə gətirmək istəmirlər. Bunun da sirri bizi yaradan Allahdan başqa bir kəsə məlum deyil. Amma mən belə güman edirəm ki, onlar görünür, hələ də kimlərdənsə, və yaxud kimdənsə çəkinirlər. Və hərdən də mənə elə gəlir ki, hakimiyyətin hansısa küncündə oturmuş hansısa Eldar Mahmudov kimisi onlara göz ağardır. Elə bu səbəbdən problemlərdən həmişə yan keçirlər… Bunu da düşünəndə bilmirəm ki, ilin-günün bu çağında başıma haranın külünü töküm. Bundan yana da nigaranam.

Dördüncü nigarançılığımın əsasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun bir açıqlaması dayanır. O, həmkarlarıma verdiyi müsahibəsində belə bir ifadə işlədib: “Yerimə məndən ağıllı kadr təyin olunsa, sevinərəm”. İnsafən, iş-gücü ilə ad çıxarmış, paytaxt üçün canını qoymuş bu müəllimi sevindirməmək heç də yaxşı iş deyil. Axı belə bir sevinc nə olan şeydir ki, bunu ondan əsirgəyirlər. Bu kişinini hələ də intizarda qalmasından yana yaman nigaranam. Gəlin, merimizi sevək, onun şəxsi arzularının çiçək açmasına vəsilə olaq.

Sonuncu nigarançılığım tam alayı bir məsələyə söykənir. Bilmirəm, fikir vermisiniz, ya yox, qışın oğlan çağında manat üzməyə göndəriləndən camaatı dindirmək müşkül məsələyə çevrilib. Yəni bizim camaat bir az da əsəbi olub, adi bir sözdən əsəbiləşir, xüsusilə bir zamanlar banklardan dollarla kredit götürənlər. Təbii ki, bu xoşagəlməz halın kökündə həmin devalvasiyanın rolu danılmazdır. Bilmirəm, onların belə giley eyləməyə haqqı var, ya yox? Bax, bundan yana lap çox nigaranam.

Qvami Məhəbbətoğlu