Nigarançılığım

608

(Mirzə Cəlilin felyetonu əsasında)
Bir neçə şeydən yana nigaranam. Biri budur ki, məsəl üçün, deyək ki, gedirsən bizim teatrlardan birinə, növbəyə durmadan bir dəqiqədə bilet alıb tamaşaya baxırsan. Elə ilk pərdədən görürsən ki, tamaşa uğurlu alınmayıb. Odur ki, deyinə-deyinə zalı tərk edirsən. İndi məsəl üçün, tutaq ki, tamaşa əla oldu, o vədə nəzərinə gətir ki, növbə əlindən tərpənmək olmur və sən də bilet ala bilmirsən. Onda heç bilmirəm, nələr olar. Mən bundan çox nigaranam.

İkinci nigarançılığım budur ki, hazırda Quba zəhmətkeşlərinin min bir əziyyətlə topladıqları almanın bir tonuna emal müəssisələrinin rəhbərləri heç qırx manat də ödəmək istəmirlər. Buna görə də həmin zəhmətkeşlər həyəcan təbili çalırlar. İndi məsəl üçün, tutaq ki, heç bu qiymətə də almadılar, onda biçarə meyvə yetişdirən həmin zəhmətkeşlərin qəm və qüssəsi yerə sığışarmı? Bundan yana da nigaranam.

Hə, yadıma düşmüşkən, bu günlərdə 52 saylı Quba şəhər Seçki Dairəsindən deputatlığa namizəd Əlabbas Məhərrəmov seçicilərlə görüşündə deyib ki, camaat, narahat olmayın, əmin olun ki, əgər seçilsəm, Qubada “ASAN xidmət” mərkəzi işə düşənə qədər qubalıların “Asan deputat”ı olacağam. Deyirəm, nə yaxşı ki, bu şəxs seçilmədi, seçilsəydi Quba camaatının hər işi asan olacaqdı, onda da rayondakı bütün idarələrdə çalışanların vəziyyəti lap pis olardı. Qorxuram, indən belə kimsə belə bir sevdaya düşə. Bundan yana da lap çox nigaranam.

Bir halda ki, seçmək, seçilməkdən söz düşdü, elə üçüncü nigarançılığım, millət vəkili seçilmiş bəzi şəxslər barəsindədir. Sözüm ondadır ki, onlar yenə də seçicilərinə dürlü-dürlü vədlər verdilər. İndi məsəl üçün, tutaq ki, onlar vədlərinə əməl etmədilər. Onda bu kimi vədlərə aldanan seçicilər ilin, günün bu çağında başlarına haranın külünü tökəcəklər? Qorxuram, daşa əl atalar. Bax, bundan yana lap nigaranam.

Dördüncü nigarançılığım futbol üzrə milli komandamızdandır. Son illər milli komandamıza əcnəbilərin (Torres, Foqts, Prosineçki) rəhbərlik etdiyini hər kəs bilir. Amma di gəl, millimiz hələ də Avropa miqyasında keçirilən yarışlarda qrupdan çıxa bilmir ki, bilmir. Üstəlik, bu sahəyə maya qoyanlar hər məğlubiyyətimizi də irəliyə doğru addım kimi dəyərləndirirlər. Elə bil millimiz sonuncu yerlərə təhkim olunub. İndi məsəl üçün, tutaq ki, həmin əcnəbilərin yerinə komandamızın başına öz yerli məşqçilərimizi gətirdik. Təbii ki, onda onlara əcnəbilərə verilən qədər zəhmət haqqı verilməyəcək. Onda görəsən, AFFA qalan məbləği hara xərcləyəcək? Bax, bundan yana da nigaranam.

Axırıncı nigarançılığım bizim bəzi iş adamlarının əməlləri, daha doğrusu, banklardan kredit alıb qaytarmaq istəməməsi ilə bağlıdır. Elə bu səbəbdən onların arasında həbs olunanlar da var. Tutalım ki, onlar aldıqlarını qaytarmışdılar. Onda onların arxasında kimlərin dayandığı üzə çıxardımı? Elə bu kredit oyunu çox mətləblərə işıq salmadımı? Deyirəm, hərdən belə oyunlar olmasa günümüz lap qara olardı. Bax bundan da nigaranam.

Hər kəs bu yuxarıda saydığım nigarançılıqlarıma bir sakitedici cavab yazıb göndərsə, onu bir aylıq müddətinə “Zaman” qəzetinə abunə edərəm. Yox, cavab yazanın hesabına yox, öz hesabıma. Cavabı daha əhatəli olsa isə, ona “Çempion” da göndərərəm, üstəlik, “Ailəm” də…

Qvami Məhəbbətoğlu