Nicat Kazımov mükafatlandırılıb

436

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru və quruluşçu rejissoru, Əməkdar Artist Nicat Kazımov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomuna layiq görülüb. O, bu diploma sözügedən nazirlik tərəfindən həyata keçirilən “Tarixin canlı səhifələri” I və II Gənclər Festivallarında rejissor işinə görə təltif edilib.

I Gənclər Festivalı cari ilin may ayında ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümündə Şəki şəhəri “Xan sarayı”nda, II Gənclər Festivalı isə avqust ayında  Suraxanı rayonunda yerləşən “Atəşgah Məbədi” Dövlət Tarixi-Memarlıq Qoruğunda baş tutub.

Tarixi rekonstruksiya formatında təşkil edilən festivalların əsas məqsədi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onların tariximizə olan marağını özlərinin də iştirak etdiyi bədii-xroniki səhnəciklər vasitəsilə artırmaq, şərəf dolu tarixi döyüş anlarını gənclərə əyani şəkildə çatdırmaqdır.

Məlumat üçün bildirək ki, festivallar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.7 yarımbəndini icra etmək məqsədi ilə Gənclər və İdman Nazirliyi tərəfindən reallaşdırılmışdır.