Nepal zəlzələnin vurduğu zərəri aradan qaldırmağa qadir deyil

Nepalda baş verən son 80 ilin ən dağıdıcı zəlzələsinin fəsadlarının aradan qaldırılması 10 milyard dollara başa gələ bilər.
 Bu barədə məlumat verən ölkənin maliyyə naziri Ram Mahat, eyni zamanda iqtisadiyyata dəyən zərərin hesablanmasının hələ tez olduğunu qeyd edib. Dünya Bankının hesablamalarına görə, səsləndirilən məbləğin özü belə Nepal üçün yüksək göstəricidir. Belə ki, bu, Himalay Krallığının bütün iqtisadiyyatının tən yarısı deməkdir. Hökumət artıq kömək üçün beynəlxalq ictimaiyyətə müraciət edib. Nepal nəinki Asiyanın, həmçinin dünyanın ən kasıb ölkələrindəndir. 2011-ci ildə adambaşına düşən ümumdaxili məhsul cəmi 717 dollar təşkil edib. 27 milyon əhalisi olan ölkədə hər dörd nəfərdən biri (25,2 faiz) kasıblıq səviyyəsində (gündə 1,25 dollar və ya daha az) yaşayır. Əmək qabiliyyətli əhalinin 75 faizi ümumdaxili məhsulun təxminən 1/3-ni təşkil edən aqrar sektorda çalışır. Əkilən torpaqlar Nepalın ümumi sahəsinin yalnız 1/5 hissəsini tutur. Qalan ərazi isə meşələrdən və dağlardan ibarətdir.

Ölkə iqtisadiyyatının 8 faizi turizmin payına düşür. Planetin ən uca zirvəsi olan Everest məhz Nepalın ərazisində yerləşir. İl ərzində bu ölkəni orta hesabla 800 min turist ziyarət edir. Ekspertlərin fikrincə, zəlzələnin nəticələri bu sahəyə hələ bir neçə il mənfi təsir göstərəcək.