Nekroloq və yaxud gözaydınlığı (Seçim sizindir)

478

Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz verib. Almaniyalı futbol mütəxəssisi, milli komandamızın baş məşqçisi, 68 yaşlı Berti Foqts oktyabrın 17-də İsveçrənin Sürix şəhərində AFFA prezidenti Rövnəq Abdullayevlə keçirdiyi gərgin işgüzar görüşdən sonra yığmamızdan birdəfəlik əl çəkib. Xatırladaq ki, o, xeyli vaxt idi bu “xəstəlikdən” əziyyət çəkirdi.

Berti Foqts (təəssüf ki, atasının adını dəqiqləşdirə bilmədik) düz altı il, altı ay, on yeddi gün bu vəzifədə “çalışdı”. Biz onun bu müddətdə “tarixi” göstəricilərinə işıq tutaraq hörmətli oxucularımızı göz yaşlarına qərq etmək istəmirik. Təkcə bir faktı qeyd edək ki, o kişi düz 33 seçmə oyunda iş başında oldu. Komandamıza 4 qələbə, 9 heç-heçə və ən əsası, 20 məğlubiyyət bəxş etdi. Bu oyunlarda qapımıza atılan papaqların, bağışlayın, qolların sayı isə 61 oldu. Bu müddətdə o, bizə daha nələr bəxş etmədi ki? Məhz onun sayəsində millimizin adı Andorra, Cəbəllütariq, San-Marino, Farer adaları, Malta kimi “cırtdan” dövlətlərin sırasında yer aldı. Belə idman “xoşbəxtliyi” isə hər komandaya nəsib olmur. Məhz onun sayəsində əsəblərimiz tarıma çəkildi. Onun sayəsində müxtəlif xəstəliklər tapdıq. O hələ bizlərə daha çox şeylər bəxş edəcəkdi. Amma nə yazıq ki, Avro-2016-nın seçmə mərhələsində xorvatlarla keçirilən sonuncu oyun buna imkan vermədi. Belə ki, xorvatlar görməmişlik edərək qapımızdan 6 cavabsız qol keçirməklə, dahi məşqçinin arzularına qəbir qazıdılar. Bununla da bu görkəmli insanın həyatını məhv etdilər.

Bəli, Berti Foqts Azərbaycanı, bu məmləkətin futbolunu “dərin” bir məhəbbətlə sevirdi. Odur ki, hər il Azərbaycandan zəhməthaqqı kimi aldığı milyonları bir anda Vətəninə daşıyırdı ki, məmləkətimizə yük olmasın. Hər oyundan sonra Vətəninə yola düşürdü ki, Azərbaycan torpaqlarını gəzərək ələk-vələk etməsin. Milli çempionatın oyunlarına göz dəyəcəyindən qorxaraq onlara heç gözünün ucu ilə baxmırdı. Hətta oyunçulara legioner həyatı yaşamaq imkan vermirdi ki, onlar yorulub əldən düşməsinlər. Bəli, o, olduqca qayğıkeş, təvazökar bir insan idi. Onu da qeyd edək ki, Berti Foqts həm də yaxşı qolf oynayırdı. Təəssüf ki, onun bu sahədəki bacarığından heç yararlana bilmədik. Yəqin ki, tarix bunu bizə heç vaxt bağışlamayacaq.

Müasir Azərbaycan futbolunun “parlaq simalarından” biri olan Berti Foqts öz yaradıcılığı ilə milli futbolumuzun “çiçəklənməsində” mühüm rol oynadı. Bu “çiçəklərin” ətrindən bihuş olmuş məşhur insan dünya futbol tarixində analoqu olmayan sınaqları komandamıza tətbiq etdi. Bununla da dünya komediya janrına yeni, lakin əbədi bir mövzu verdi. Futbolumuzun əsaslı şəkildə “yeni mərhələyə” qədəm qoymasının fəal iştirakçısı olan Foqts öz “mənəm-mənəmlik” fəaliyyəti ilə futbol mühitimizin inkişafına bir sıra “sanballı” töhfələr verdi. Bir sözlə, Berti Foqtsun milli komandamıza özünəməxsus şəkildə yanaşma və fərqli düşüncə tərzi futbolumuzun məzmunca, hətta formaca “püxtələşməsində” müstəsna əhəmiyyətə malik oldu. “Dərin təəssübkeşliyi” ilə seçilən ustad mütəxəssis futbolumuzun potensial imkanlarını üzə çıxardı. Lakin nədənsə son anda aydın mövqeli Berti Foqts bu kimi üzəçıxarmalardan təngə gəldi, hətta Azərbaycan millisində gələcəyini görməməsini dilə gətirdi.

Doğrudur, onun başçılığı altında millimiz heç bir titul qazanmadı. Buna rəğmən, Berti Foqtsun Azərbaycan futbolunun inkişafında “səmərəli xidmətləri” və altı illik zəngin yaradıcılığı istər azarkeşlər, istərsə də millimizin rəsmiləri tərəfindən yüksək qiymətləndirildi. Məsələn, azarkeşlər hər dəfə onu görəndə dişlərinin dibindən çıxanı deyirdilər. Hətta mətbuat konfransında jurnalistlərdən biri ona aftafa verdi, digər jurnalist isə isə ona tərəf tualet kağızı rulonu tulladı. Üstəlik, meyxana aləmində tanınmış İntiqam və Ehtiram qardaşları özlərinin məşhur “Davay, do svidaniya” meyxanasına yeni bəndlər əlavə etdilər. Yaxın günlərdə həmin bəndlər əsasında klip çəkilməsi də nəzərdə tutulub. Amma insafən, rəsmilərimiz ona güldən ağır bir söz demədilər, sadəcə, hər “uğurunu” özlərinə məxsus şəkildə, sözün həqiqi mənasında bəzəməyə çalışdılar. Hətta onu daha urvatlı yola salmaq istədilər, lakin Berti Foqts özü bunu istəmədi.

Azərbaycan futbol tarixinə, sözün həqiqi mənasında, silinməz səhifələr yazmış görkəmli idman xadimi, səmimi və təvazökar insan Berti Foqtsun işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah səbir versin!

Bir qrup azarkeş…

P.S. Xatırladaq ki, Berti Foqtsun “vəsiyyətinə” əsasən ölkəmizdə onunla təntənəli vida mərasimi keçirilməyəcək.