Neftin ucuzlaşması qeyri-neft sektorunun inkişafına faydalı olacaq

547

Neftin ucuzlaşması fonunda baş verənlər islahatların aparılmasını zəruri edib. Bu qənaətə gəlmək olar ki, neftin ucuzlaşması qeyri-neft sektorunun inkişafı baxımından faydalı olacaq.

Neftin ucuzlaşması özü ilə bir çox problemlər gətirdiyi kimi, bu mövzuda müzakirələri də artırıb. Məsələn, kiminə görə bu vəziyyətin acınacaqlı nəticələri olacaq, kiminə də görə islahatların aparılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması kimi vacib məsələləri də qaçılmaz edəcək. Son dövrlər hökumət tərəfindən atılan addımlar da bu qənaəti bir qədər təsdiqləyir.

Məsələn, Prezident İlham Əliyev dövlət orqanlarında struktur islahatlarının tərkib hissəsi olaraq, bir neçə mühüm fərman imzalayıb. Belə ki, Satınalmalar üzrə Dövlət Agentliyi, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi ləğv edilib, İqtisadiyyat və Sənaye Nazirliyinin adı dəyişdirilib.

“Artıq ciddi islahatlara start verilib”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, artıq ciddi islahatlara start verilib: “Dövlət başçısı bundan sonra hansı qurumlarda struktur islahatlarının aparılmasını yaxşı bilir. Dövlət Gömrük Komitəsi ilə “ASAN xidmət”in rəhbərləri görüşüblər. Yəni ki, ciddi islahatlara artıq start verilir. Biz bunun nəticələrini görəcəyik. Bu və gözlənilən dəyişikliklər Azərbaycan iqtisadiyyatına müsbət təsirlər göstərəcək”.

“İdxaldan asılılığın azaldılması bu gün Azərbaycan üçün bir zərurətdir”

Millət vəkili Rövşən Rzayev isə bildirib ki, Azərbaycanın idxaldan asılılığını azaltmaq istiqamətində işlər sürətləndirilməli və hər kəs bu işdə maraqlı olmalıdır. Onun sözlərinə görə, idxaldan asılılığın azaldılması bu gün Azərbaycan üçün bir zərurətdir: “İş adamları mövcud imkanlardan istifadə edib, bu işlərə öz töhfələrini verməlidirlər”.

Deputat hesab edir ki, idxaldan asılılığı azaltmaq üçün kənd təsərrüfatının inkişafına xüsusi önəm verilməlidir: “Azərbaycanda kənd təsərrüfatı daim inkişaf edib və ölkə iqtisadiyyatında mühüm yer tutub. Azərbaycanın iqlim şəraiti baxımından kənd təsərrüfatı uğurlu bir sahədir və ölkəyə böyük faydalar gətirə bilər. Hətta kənd təsərrüfatı neftdən sonra Azərbaycana ən çöx gəlir gətirən bir sahə ola bilər”. R. Rzayev kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrinin inkişafında qanunvericilik bazasına müəyyən düzəlişlərin edilməsinin vacib olduğunu bildirib.

Regionlarımız kənd təsərrüfatı üzrə ixtisaslaşsın

“Qarabağ-taxıl” şirkətinin direktoru Rəcəb Orucov isə qeyd edib ki, Azərbaycanda regionların kənd təsərrüfatı üzrə ixtisaslaşmasını tətbiq etməyə ehtiyac var. Onun sözlərinə görə, məsələn, Lənkəranda sitrus meyvələri yetişdirilir və bu meyvələrə böyük tələbat var: “Yəni, Lənkəranda pomidor və ya taxıl yetişdirilməsinə ehtiyac yoxdur”.

R. Orucov “Trend”ə açıqlamasında onu da əlavə edib ki, əkin zamanı mövsüm mədəniyyətinə də əməl etmək lazımdır: “Bir zamanlar pambığın məhsul dövriyyəsindən çıxarılması mənfi nəticələrə gətirib çıxarmışdı. İyuldan sonra əkin sahələri faktiki olaraq boş qalırdı və isti hava torpaqların şoranlaşmasına gətirib çıxarırdı. Lakin təkrar əkinlə bağlı dövlət subsidiyaları haqqında qərar fermerlər və kənd təsərrüfatı üçün bir stimul oldu”. R. Orucov hesab edir ki, ilk növbədə, Azərbaycanda taxıl istehsalını inkişaf etdirmək lazımdır: “Bu, həmçinin heyvandarlıq üçün yem idxalının da azalmasına səbəb olar”.

“Monopoliya varsa, o zaman iqtisadi qanunlar işləmir”

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə açıqlamasında bir daha monopolistləri sərt tənqid edib: “Monopoliya Azərbaycan iqtisadiyyatının ən ciddi problemidir və monopolistlər bazarda rəqabətin formalaşmasına imkan vermədiyi üçün qiymət artımları müşahidə edilir”. Vüqar Bayramov bildirib ki, monopolistlər ərzaq məhsullarının qiymətini bilərəkdən dəfələrlə artırıb gəlir əldə edirlər. Rəqabətə imkan verilmədiyi üçün qiymətlər aşağı düşmür. İqtisadçı alim deyib ki, əksər ərzaq məhsullarının qiymətləri qonşu ölkələrlə müqayisədə hətta 2 dəfəyə yaxın yüksəkdir. Bu isə birbaşa idxalda monopoliya ilə bağlıdır.

İqtisadçı alim deyib ki, idxal ilə yanaşı, daxildə də monopoliya var və fermerlərin paytaxt bazarına daxil olmasına imkan vermirlər. Fermerlərdən kənd təsərrüfatı malları alınır və 2 dəfə artıq qiymətə satılır. Nəticədə bir qrup gəlir əldə edir.

İqtisadçı deyib ki, bazar iqtisadiyyatında monopoliya olmur. Monopoliya varsa, o zaman iqtisadi qanunlar işləmir. Vüqar Bayramov eyni zamanda bildirib ki, biz qeyri-realistik deyil, müqayisəli üstünlüyə malik olan sektorları dəstəkləməliyik: “Bizim aqrar ölkə olmağımızda qeyri-adi heç nə yoxdur. Çalışmalıyıq ki, qeyri-neft ixracatını artıraq ki, ölkəyə çox valyuta daxil olsun”.

Nazirlik təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim edib

İqtisadiyyat Nazirliyindən “Zaman-Azərbaycan” qəzetinə verilən məlumatda isə qeyri-neft məhsullarının ixracının artırılması və sahibkarların xarici ticarət əlaqələrinin inkişafı, yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən, kompleks tədbirlər həyata keçirilir: “Qeyri-neft məhsullarının ixracının genişləndirilməsi, sahibkarların ixrac-idxal əməliyyatları ilə bağlı qarşılaşdıqları problemlərin araşdırılması, bu sahədə prosedurların sadələşdirilməsi işinin əlaqəli şəkildə təşkili məqsədilə İxracatçılar Klubu və müvafiq İşçi Qrupu fəaliyyət göstərir. Eyni zamanda beynəlxalq təcrübə əsasında ixracın təşviqi mexanizmləri, o cümlədən ixrac kreditləşməsi, xarici bazarlarda təşviqat və brendləşmə, logistikanın yaxşılaşdırılması və s. tədbirlərin həyata keçirilməsi barədə təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib”.

“Ötən ilin 11 ayı ərzində qeyri-neft ixracı 3,6% artaraq 1,5 mlrd. dollara çatıb. Bu müddətdə Azərbaycandan xarici ölkələrə 2391 adda məhsul ixrac edilib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,7% çoxdur”,-deyə nazirlikdən qəzetimizə verilən məlumatda bildirilir.

Regionlarda ciddi tədbirlər görülməsinə başlanılıb

Qeyd edək ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən azad edilib. Nəticədə unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə azalıb, daşınma xərclərindən asılı olaraq, 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb. Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılacaq.

Onu da bildirək ki, devalvasiyadan sonra ölkəmizdə idxaldan asılı olmayan məhsulların qiymətində ciddi süni artımlar müşahidə olunmuşdu və Prezidentin tapşırığına əsasən, artıq bu istiqamətdə həm Bakıda, həm də regionlarda ciddi tədbirlər görülməsinə başlanılıb.

Anlaşılmazlıq

Göyçay Rayon İcra Hakimiyyətində manatın devalvasiyasından sonra istehlak bazarında bəzi iş adamları tərəfindən süni qiymət artımının yaradılması ilə bağlı müşavirə keçirilib. Müşavirədə rayonda fəaliyyət göstərən sahibkarlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev son günlər işbazların istehlak bazarında qiymətləri süni şəkildə qaldırmaları ilə bağlı yaranmış vəziyyətdən danışıb. Bildirib ki, taxılın bol olmasına baxmayaraq, Göyçayın istehlak bazarında unun, eləcə də yerli istehsal olan meyvə-tərəvəz məhsullarının, yumurta və quş ətinin alıcılara yüksək qiymətə təklif edilməsi anlaşılmazdır.

Bildirilib ki, yerli məhsulların qiymətində artım halları yalnız bu vəziyyətdən istifadə edərək əlavə gəlir qazanmaq istəyən möhtəkirlərin fəaliyyətinin nəticəsidir. Xüsusilə, kənd təsərrüfatı məhsullarının qiymətlərini artırmaq cəhdləri də müşahidə olunur. Bu isə yolverilməz haldır. Kənd təsərrüfatı məhsullarının böyük əksəriyyəti yerli istehsaldır. Onların qiymətində artım yalnız sui-istifadə hallarının nəticəsidir”.

Monitorinq komissiyası yaradılıb

Mingəçevirdə un və çörəyin qiymətinə nəzarət etmək məqsədi ilə reyd keçirilib. Müəyyən edilib ki, son günlər Mingəçevirdə un və çörək ucuzlaşıb.

Lənkəranda unun və çörəyin satışına nəzarət etmək məqsədilə Şəhər İcra Hakimiyyəti yanında monitorinq komissiyası yaradılıb. Komissiyanın sədri, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini İlkin Rəhimov bildirib ki, yanvarın 15-dən etibarən ticarət şəbəkələrində 50 kiloqramlıq əla növ unun bir kisəsi 23-24 manata, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılır. Qiymətlərin sabit saxlanılması, süni qiymət artımına yol verilməməsi üçün monitorinq komissiyasının yoxlamalara başladığını deyən İ. Rəhimov rayon sakinlərindən süni qiymət artımına rast gəldikləri təqdirdə, komissiyaya məlumat vermələrini xahiş edib.

Süni qiymət artımının qarşısı alınır

Daşkəsən rayon rəhbərliyi ictimaiyyət nümayəndələri ilə görüşüb. Görüşdə süni qiymət artımının qarşısının alınması ilə bağlı görülən işlər barədə məlumat verilib, qarşıda duran vəzifələr müzakirə olunub. Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev dünya iqtisadiyyatında baş verən proseslərin ölkəmizə təsirindən, manatın devalvasiyasından sonra yaranan iqtisadi çətinliklərdən danışıb. Bildirib ki, bu vəziyyətdən sui-istifadə etməyə cəhd göstərən bəzi işbazlar yerli məhsulların qiymətini artırıblar. Prezident İlham Əliyevin tapşırığı ilə bu cür hallara qarşı sərt cəza tədbirləri görüləcək. Diqqətə çatdırılıb ki, bununla bağlı rayonda xüsusi komissiya yaradılıb və pərakəndə ticarət obyektlərinə baxış keçirilib, maarifləndirmə işi aparılıb. Hüquq-mühafizə orqanlarının iştirakı ilə bu sahəyə tam nəzarət olunur.

Füzuli rayonunda süni qiymət artımının qarşısının alınması məqsədilə istehlak bazarı nəzarətdə saxlanılır. Yerli məhsullarda qiymətlərin süni şişirdilməsi hallarına yol verilməməsi və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib. Rayon rəhbərliyi Bala Bəhmənli kəndi ərazisində, əsas bazarın yerləşdiyi yerdə topdan və pərakəndə satış mərkəzlərində olub, əhali ilə söhbət edərək ərzaq məhsullarının qiymətləri ilə maraqlanıb. Alıcı və satıcılarla söhbət zamanı bildirilib ki, hazırda rayon ərazisində 50 kiloqramlıq unun bir kisəsinin qiyməti 24 manatdır.

Nicat İntiqam, Pərviz Əliyev, Esmira Hidayətova, Vüqar Nəbiyev