Neftin ucuzlaşması idxalı yarı-yarıya azaldıb

0
564

Bu ilin ilk yarısında xarici ölkələrə 6,2 milyard dollar dəyərində məhsul satılıb. Bu dövürdə xarici ölkələrdən 4,7 milyard dollar dəyərində məhsul alınıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac əməliyyatlari dəyər ifadəsində 44,6% azalıb, idxal əməliyyatları isə 13,6% artıb. Nəticədə ötən ilin ilk yarısı ilə müqayisədə bu ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsində 28,9% azalma baş verib. Dövlət Gömrük Komitəsinin açıqladığı statistik göstəricilərə istinadən apardığımız hesablamalar göstərir ki, əvvəlki illərdə olduğu kimi cari ilin ilk yarısında da xarici ölkələrə ən çox xam neft idxal olunub. Hesabat dövrü ərzində xarici ölkələrə 4 milyard 779 milyon dollar dəyərində xam neft göndərilib ki, bu da ümumi ixracın 76,7%-ni təşkil edib. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə xam neftin ixracı dəyər ifadəsində 2 dəfədən çox azalıb. Belə ki, 2014-cü ilin ilk yarısında xaricə 9,7 milyard dollar dəyərində xam neft satılıb. Xam neftin ixracı eyni zamanda miqdar baxımından da azalıb. Əgər ötən ilin ilk yarısında xarici ölkələrə 17,1 milyon ton neft satılıbsa (sayğac göstəriciləri əsasında), bu ilin yanvar-iyun aylarında bu göstərici 16,6 milyon ton olub.

Neft, neft məhsulları və təbii qazın ixracı azalıb

Xam neftdən sonra xarici ölkələrə ən çox neft məhsulları satılıb. İxrac olunan neft məhsullarının dəyəri isə 425,5 milyon dollar təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə neft məhsullarının ixracı 16,4% azalıb. Neft məhsullarından sonra xarici ölkələrə ən çox təbii qaz ixrac edilib ki, onun da dəyəri 143,9 milyon dollara bərabər olub. Hesabat dövründə təbii qazın da ixracı azalıb. 2014-cü ilin yanvar-iyun ayları ilə müqayisdə təbii qazın ixracı 26,3% aşağı düşüb.

İxrac olunan məhsulların sıralamasında xam neft, neft məhsulları və qazdan sonra meyvə-tərəvəz, şəkər, həmçinin bitki və heyvan mənşəli yağlar gəlir. Cari ilin ilk 6 ayı ərzində xarici ölkələrə 125,5 milyon dollar dəyərində meyvə-tərəvəz, 98,2 milyon dollarlıq şəkər, 78,5 milyon dollarlıq yağlar satılıb. Meyvə-tərəvəzin ixracında 1,8% artım, şəkərin və yağların ixracında isə müvafiq olaraq 14,4% və 30,7% azalma olub.

Say baxımından avtomobil idxalı

azalıb, dəyər baxımından artıb

2015-ci ilin yanvar-iyun ayları ərzində xarici dövlətlərdən ölkəmizə ən çox maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri gətirilib. Satın aldığımız bu məhsulların ümumi dəyəri isə 1,008 milyard dollar təşkil edib. Bu, ümumi idxalın 21,4%-nə bərabərdir. Ötən illə müqayisədə bu məhsulların idxalı 21,2% azalıb. Eyni zamanda ilin ilk 6 ayı ərzində 939,1 milyon dollar (ümumi idxalın 19,9%-i) dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə mqayisədə təxminən 2,5 dəfə çoxdur. Məlumat üçün bildirək ki, ötən 6 ay ərzində xaricdən 17 min 35 avtomobil gətirilib. 2014-cü ilin analoji dövründə bu göstərici 34 min 359 ədəd olub. Rəqəmlərdən də göründüyü kimi say baxımından avtomobil idxalı azalıb, dəyər baxımından isə artıb. Avtomobillərin idxalının dəyər ifadəsində artması “Avro 4” standartının tətbiqi ilə əlaqədar olaraq ölkəyə daha çox buraxılış ili təzə avtomobillərin idxalı ilə bağlıdır. Bildiyimiz kimi buraxılış ili təzə avtomobillərin qiyməti də yüksək olur. Eyni zamanda son 6 ayda İlk Avropa Oyunları ilə əlaqədar olaraq ölkəyə gətirilən avtobusların da sayı artıb ki, bunların da qiyməti minik avtomobillərinin qiymətindən dəfələrlə yüksəkdir.

Meyvə-tərəvəzin idxalı isə

2,4 dəfə çox olub

Bunlardan başqa 2015-ci ilin yanvar-iyun aylarında ölkəyə 526,1 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib ki, bunun 187,5 milyon dolları buğdanın, 55,9 milyon dolları şəkərin, 42,7 milyon dolları isə yağların payına düşüb. Ötən illə müqayisədə buğda idxalı 34,4% artıb, şəkər idxalı 34,7%, yağların idxalı isə 13,3% azalıb. Ümumiyyətlə son bir ildə ərzaq məhsulları arasında ən çox meyvə-tərəvəzin idxalı artıb. Belə ki, ötən ilin ilk yarısı ilə müqayisədə bu ilin yanvar-iyun aylarında meyvə-tərəvəzin idxalı isə 2,4 dəfə çox olub. Eyni zamanda tütün və tütün məmulatları, həmçinin əczaçılıq məhsulları da ən çox satın alınan məhsullar sırasında olub. Bu məhsulların ölkəmizə gətirilməsi üçün 6 ayda müvafiq olaraq 153,9 və 133,5 milyon dollar ödənilib. Son bir ildə əczaçılıq məhsullarının idxalı 15,1% artıb, tütün və tütün məmulatlarının idxalı isə 16,6% azalıb.

Dövlət sektorunun ixracı

10,6 milyard dollardan

5,5 milyard dollara düşüb

İlin ilk yarısında özəl sektor tərəfindən 619,7 milyon dollarlıq məhsul ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 72,1 milyon dollar və ya 13% çoxdur. Müqayisə olunan dövrdə fiziki şəxslərin ixracı isə 5,4% azalaraq 102,9 milyon dollardan 97,4 milyon dollara geriləyib. Bu ilin ilk 6 ayında dövlət sektorunun ixacı neft qiymələrinin aşağı düşməsilə əlaqədar olaraq daha kəskin aşağı düşüb. Ötən ilin birinci yarısında 10,6 milyard dollar olan dövlət sektorunun ixracı, bu ilin eyni dövründə 2 dəfə az – 5,5 milyard dollar təşkil edib.

İxracdan fərqli olaraq idxalda özəl sektor daha böyük ticarət əməliyyatları aparır. 2015-ci ilin birinci yarısında özəl sektorun idxalı 3,6 milyard dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü (2,9 miyard dollar) ilə müqayisədə 19,4% çoxdur. Fiziki şəxslərin idxalı isə 6,4% artaraq 166,6 milyon dollar təşkil edib. Ötən ilin ilk 6 ayı il müqayisədə bu il dövlət sektorunun idxalı azalıb. Dövlət sektorunun idxalı 1,063 milyard dollardan (2014-ün 1-ci yarısı) 929,6 milyon dollara geriləyib.

Allahverdi Cəfərov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here