“Neftin ucuzlaşması davam edərsə…”

664
”Neftin qiymətinin ucuzlaşmasından Dövlət Neft Fondunun itkiləri yaxşı halda 6 milyard 348 milyon, pis halda isə 9 milyard 116 milyon dollar ola bilər”.
 Bu barədə iqtisadçı Qubad İbadoğlu bildirib. O qeyd edib ki, dünya bazarında qiymətinə görə Azəri Light neftinin analoqu olan UK Brent xam neftinin 1 barelinin qiyməti dünən (srağagün-red.) 2005-ci ildən bəri ən aşağı səviyyəsinə (həmin il üzrə orta qiymət 54,38 ABŞ dollar/barel olub) düşüb: “İlkin hesablamalara görə, 2014-cü ildə 1 barel UK Brent xam neftinin orta qiyməti 104,65 dollar olub. ARDNŞ-nin açıqlamalarına görə, ötən ilin yanvar-dekabr aylarında BTC əsas ixrac boru kəməri vasitəsilə dünya bazarına 28 milyon 508 min 192 ton neft ötürülüb. Bu o deməkdir ki, BTC-nin orta günlük ixracı 491 min 278 barel təşkil edib. 1 barel neftin maya dəyərinin 12 dollara qədər, Azərbaycan dövlətinin mənfəət neftində payının 75 faiz və ötən il 1 barelin orta satış qiymətinin 104,65 dollar olduğunu nəzərə alsaq,  2014-cü ildə hər gün dünya bazarında orta hesabla 51 milyon 412 min dollar məbləğində Azərbaycan nefti satılıb ki, onun da 5 milyon 895 min dolları məsrəfə gedib.

Yerdə qalan ümumi mənfəət 45 milyon 516 min dollar olub. Bölüşdürülən zaman Azərbaycan dövlətinin payı 75 faiz olduğundan Dövlət Neft Fondu (DNF) ötən il orta hesabla hər gündə 34 milyon 37 min, ayda 1 milyard 24 milyon, ildə isə 12 milyard 290 milyon dollar qazanıb”.

Ekspertin sözlərinə görə, bu il Azəri-Çıraq-Günəşli yatağı üzrə hasilat ötən ilki səviyyəsində qalarsa, dünya bazarında UK Brent xam neftinin 1 barelinin qiyməti 2015-ci ildə pis ssenarı üzrə orta hesabla 40 dollar olarsa, DNF 3 milyard 714 milyon, orta ssenari üzrə 50 dollar olarsa 4 milyard 704 milyon, yaxşı ssenari üzrə 60 dollar olarsa, 5 milyard 942 milyon dollarlıq mənfəət neftinə sahib ola bilər:

“Bu isə o deməkdir ki, ötən illə müqayisədə DNF-nin gəlirləri il ərzində 1 barelin qiyməti 40 dollar olarsa 9 milyard 116 milyon, 50 dollar olarsa 7 milyard 586 milyon, 60 dollar olarsa 6 milyard 348 milyon dollar azala bilər. Yəni DNF-nin neftin qiymətinin ucuzlaşmasından itkiləri yaxşı halda 6 milyard 348 milyon, pis halda isə 9 milyard 116 milyon dollar ola bilər. Nəzərə alsaq ki, DNF-nin bu il ərzində yalnız dövlət büdcəsi qarşısında öhdəliyi 10 milyard 388 milyon manat və ya 13 milyard 233 milyon dollardır, onda fondun bu ildəki gəlirləri yalnız büdcəyə nəzərdə tutulan transferin pis halda 28 faizini, orta halda 35,5 faizini, yaxşı halda isə 47,9 faizini ödəyə bilər”.

Qubad İbadoğlunun fikrincə, yerdə qalan vəsaitlərin maliyyələşdirilməsi üçün yeganə mənbə fondun aktivləridir: “Onun da müxtəlif banklarda və bazarlarda yerləşdirildiyini nəzərə alsaq, o halda DNF aktivlərinin idarə edilməsi siyasətində indidən dəyişikliklər aparmalıdır. Əks halda lazım olan sərbəst vəsaitin büdcəyə və digər strateji layihələrə yönəldilməsi vəsaitlərin idarə edilməsinə dair mövcud müqavilələrin pozulmasına və bu səbəbdən də əlavə cərimə və itkilərə səbəb ola bilər. Ona görə, təklif edirəm ki, DNF 2015-ci il üçün aktivlərinin idarə edilməsi siyasətində dəyişikliklər aparmalı, sabitləşdirmə funksiyasını təmin edə biləcək vəsait mənbələri formalaşdırmalıdır ki, onun təyinatı üzərində istənilən zaman sərbəst sərəncam vermək imkanı yaransın”.