Neftin qiyməti 6 il əvvəlki səviyyəyə düşüb

422
Neftin qiymətinin aşağı düşməsi davam edir. Brent neftinin barelinin qiyməti 49,90 dolları düşüb. 
Neft ABŞ-ın anbarlarında ehtiyatların artaraq qlobal təklif çoxluğunun daha da artacağı fərziyyəsi ilə 50 dollardan aşağı geriləyib. Neftin qiymətinin aşağı düşməsinə Avropa və Asiyada tələbin zəif olması da təsir göstərir. Neft qiymətlərində eniş davam edərkən Reuters-in texniki analitiki Vang Tao, neftin düşə biləcəyi minimum qiymətlər barədə bir hesablama aparıb. Taoya görə, ABŞ xam nefti  böyük ehtimalla 37,74 dollara qədər enə bilər. Texniki analitik Brent nefti üçün ola biləcək ən aşağı qiymətin isə 41,99 dollar səviyyəsində ola biləcəyini hesablayıb.

Dünən Brent nefti 50 dollardan aşağı düşərək 5,5 ilin ən aşağı səviyyəsinə enib. “Qara qızıl”ın kəskin ucuzlaşmasına əsas səbəb dünya iqtisadiyyatının artım tempinin aşağı düşməsidir. Bununla yanaşı, agentliyin analitikləri hesab edir ki, neftin ucuzlaşması yaxın perspektivdə davam edəcək. Analitiklərin fikirləri ilə əksər aparıcı qərb investisiya bankları da razıdır.

Yaponiya Mərkəzi Bankının İdarə Heyətinin keçmiş üzvü Nobuyuki Nakahara isə hesab edir ki, neftin qiyməti gələcəkdə 20 dollara qədər enə bilər: “Son illər neftin 1 barrelinin qiyməti 100 dollar olub. BU, anormal göstəricidir. Çünki enerji resurslarının qiymətinin yüksək olması dünya iqtisadiyyatının artım tempinə mənfi təsir edir. Neftin qiyməti 20 dollara qədər enərsə, təəccüblənmərəm. Bu, tələb və təkliflə əlaqəli olan məsələdir”.