“Neftin kəskin ucuzlaşması Azərbaycan iqtisadiyyatına təsir etməyəcək”

721

Ötən gündən etibarən Azərbaycanın 2015-ci il üçün dövlət büdcə zərfi parlamentin plenar müzakirəsinə çıxarıldı. İclası açıq elan edən spiker Oqtay Əsədov bildirdi ki, 2015-ci ilin dövlət büdcəsi layihəsi Azərbaycanın real inkişaf səviyyəsi, dünyada gedən siyasi və iqtisadi proseslərin təsiri ilə baş verə biləcək mənfi hadisələr nəzərə alınaraq hazırlanıb: “2015-ci ilin dövlət büdcəsinin gəlirləri cari illə müqayisədə 5,7% artırılaraq 19,4 milyard manat, xərcləri isə 5,2% artırılaraq 21,1 milyard manat nəzərdə tutulur. Dünyada və bölgədə hökm sürən siyasi qeyri-sabitlik şəraitində bu proqnoz göstəricilərini məqbuledici hesab etmək olar”. Spikerin çıxışından sonra büdcə ilə əlaqədar aidiyyatı dövlət qurumlarının səlahiyyətli şəxslərinin çıxaşları oldu. Həmin çıxışlardan bəzilərini olduğu kimi sizə təqdim edirik.

2015-ci ildə Neft fondundan transfertlər nəzərə alınmadan Vergilər Nazirliyi xətti ilə vergi daxilolmaları büdcə gəlirlərinin 78%-ni təşkil edəcək.

  2015-ci ildə dövlət büdcəsinin qeyri-neft sektoru üzrə gəlirləri ölkəmizin 2003, 2004, 2005-ci illərdəki cəmi büdcəsindən 1,4 dəfə, qeyri-neft sektorundan isə 4 dəfə çoxdur.

 Büdcədə neftin qiymətinin 90 dollardan götürülməsi bizə 2 mlrd. dollar zərər vura bilər. Neftin qiyməti 75 dollar da, 85 dollar da ola bilər bu dünya siyasətidir. Dünya siyasətinə bizim müdaxiləmiz qeyri-mümkündür. Bu gün bizim valyuta ehtiyatlarımız 55 mlrd. dolları ötür. Neftin qiymətinin aşağı düşməsi bizə 2-3 mlrd. dollarlıq zərər vura bilər.  Bizim dövlətin kifayət qədər imkanı var ki, bu fərqi ödəyə bilsin.

 2015-ci ildə ÜDM 2,4 dəfə artacaq və ÜDM-in adambaşına düşən həcmi 8 min dollar təşkil edəcək.

Növbəti ildə dövlət büdcəsinin sosial yönümlü tədbirlər üzrə xərclərinin ümumi məbləği 5 milyard 826 milyon manat təşkil edəcək ki, bu da 2014-cü illə müqayisədə 9,2% artım deməkdir.

  Əhalinin ən həssas və aztəminatlı hissəsinin yaşayışı üçün mühüm maliyyə təminatı rolunu oynayan pensiya, təqaüd və sosial müavinatların ödənişi üçün 1 milyard 845 milyon manat ayrılacaq. Bu cari illə müqayisədə 75 milyon manat çoxdur.

 Bu ilə nisbətən 2015-ci il dövlət büdcəsi xərclərində sosial təminat xərcləri 18%, mədəniyyət, incəsənət, kütləvi informasiya və idman xərcləri 11,7%, səhiyyə xərcləri 7,2%, təhsil xərcləri 3,5% artımla proqnozlaşdırılmışdır.

 Növbəti ildə dövlət büdcəsindən müdafiə xərclərinə 3 milyard 783 milyon vəsait ayrılacaq ki, bu da 2014-cü illə müqayisədə 27,2% çoxdur.

 Növbəti il üçün manatın məzənnəsi sabit olaraq qəbul edilmiş infilasiya səviyyəsi isə 2,3% proqnozlaşdırılmışdır.

 2015-ci ildə iqtisadi artım 4,4%, növbəti üç ildə isə 5% proqnazlaşdırılır.

 Neft hasilatı 40,6 milyon ton, növbəti illərdə isə sabit olaraq 40 milyon ton olacağı gözlənilir. Bununla da sabit neft hasilatı və dinamik inkişaf edən qeyri-neft sektoru hesabına neft sektorunun ÜDM-dəki xüsusi çəkisinin 2013-cü ildəki 43,4%-dən 2018-ci ildə 28,7%-ədək azalması gözlənilir.

 2015-ci ildə orta əmək haqqının 4.8% artaraq, 485,5 manat, 2018-ci ilə qədər isə 589,3 manata çatacağı proqnozlaşdırılır.

 2015-ci ildə yaşayış minimumu 131 manat təşkil edəcək. Yaşayış minimumunun artması ilə yanaşı minimum əmək haqqının da artırılması planlaşdırılır.

 Bizim hesablamalarımız göstərir ki, neftin qiymətinin 60-70 dollara düşdüyü şəraitdə belə Azərbaycan Respublikasının gəlirləri xərclərimizdən daha çox olacaq.

 Azərbaycan iqtisadi həcminə görə bu gün dünyanın 70 dövlətindən biridir. Ölkəmiz həm də yoxsulluğun ən aşağı olduğu 25 ölkə arasındadır.

 2015-ci ildə maliyyə sektorunda sabitliyin təmin edilməsi əsas prioritetlərimizdəndir. Mərkəzi Bank maliyyə sektorunun inkişaf etdirilməsi, biznesin kreditlərə, investisiyalara tələbatının ödənilməsi üçün bir sıra yeni alətlər və instrumentlər üzərində çalışacaqdır.

 Ölkədə nağdsız hesablaşmaların genişləndirilməsi, nağd hesablaşmaların fəaliyyət dairəsinin məhdudlaşdırılması sayəsində həm büdcə sabitliyinin, həm də maliyyə sektorunun gücləndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi planlaşdırılır.

Bəylər Məcidov