Neftin aldıqları və verdikləri

0
696

Bu yazımın mövzusuna “Günəşli” platformasında baş verən məlum hadisədən sonra qərar verdim. Əvvəlcə, həlak olan neftçilərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyirəm.

Neftçilərin çörəyi, sözün həqiqi mənasında, həmişə daşdan çıxıb. Ailəsinə bir qarın çörək aparmaq üçün buruqlara üz tutan neçə-neçə cavanın, yaşlının həyatına son qoyub. Gəlin birlikdə Bakımızda fontan vuran ilk quyudan sonra nələr baş verdiyinə birlikdə nəzər salaq.

19-cu əsrin əvvəllərindən etibarən Bakı nefti dünyada məşhurlaşmağa başladı. Neftimizin adı o qədər uzaqlara yayılmışdı ki, onun sorağına Rotşild, Ceyms Vişau, Nobellər kimi böyük kapital sahibləri şəhərimizə üz tutmağa başladı.

Quyuların sayı artdıqca daha çox işçiyə ehtiyac yaranırdı. Cənubi Azərbaycanda yaşayan soydaşlarımız bir parça çörək üçün Şimala üz tuturdular. Həmin dövrdə Cənubdan gələnlər ciddi əmək qüvvəsini təşkil edirdilər. Qara qızıldan isə onların payına, sadəcə, qara gün düşürdü. Günləri qışın şaxtasında da, yayın qızmarında da belinə qədər soyunmuş halda neftin içində keçirdi. Sahibkarlar üçün dərin quyular qazır, boruları döşəyirdilər. Çox vaxt isə güclü fontan quyudakı fəhlənin həyatına son qoyurdu. Fontanın sevincini yaşayan sahibkar isə quyudakı ölünü unudurdu. Çünki onları onsuz da insan hesab etmirdilər. Xüsusən də Cənubdan gələn soydaşlarımıza şəhərin elit yerlərinə getmək, restoranlara, əyləncə yerlərinə girmək qadağan idi. Onlar ikinci səviyyəli insan sayılırdılar. Birinci Dünya müharibəsi illərində Bakıda işləyən İrandan gələnlərin sayı yüz min nəfərdən çox idi.

Bakıdakı İran konsulluğu bir növ fəhlələrin hamisi hesab olunurdu. Onların əsas vəzifələri fəhlələrin hüquqlarını qorumaq olsa da, konsulluğun əməkdaşları, sadəcə, fəhlə öldüyü zaman sahibkardan pul qoparmaq üçün peyda olurdular.

Neft mədənlərində ucuz işçi qüvvəsinə ehtiyac var idi. Bunu da çörəyə möhtac olan xalq doldururdu.

Ancaq xarici sərmayənin gəlişi ilə vəziyyət nisbətən yumşalmağa başladı. Xüsusən də Nobel qardaşlarının buruqlarında fəhlələrə dəyər verilirdi. Yeni üsullar gətirilərək işçilərin yükü azaldılırdı. Bunun da nəticəsində yerli sərmayədarlar da belə addım atmağa məcbur qalırdılar.

Nobel qardaşları Bakıya gəlmiş ilk böyük sərmayəçilər idilər. Nobel qardaşları daha çox silah istehsalı ilə tanınırdılar. Krım müharibəsi zamanı Rusiyanı silahla təmin etmişdilər. 1879-cu ildə Bakıda “Nobel Qardaşları” şirkəti qurulur. Səhmdarları Lüdovik, Alfred, Robert qardaşları və mühəndis Pyotr idi. Şirkətin əsas rəhbəri Lüdovik idi. Alfred isə İsveçdə yaşamış, amma neft sahəsindəki ixtiraları ilə işə dəstək olmuşdu. Alfredin ölümündən sonra 58 patenti və 50 milyon kapitalı qalmışdı. “Nobel mükafatı” da 1901-ci ildən etibarən onun kapitalı əsasında verilməyə başlanır. Qardaşlar Bakıda daha çox istifadəsiz neftli torpaqları ucuz qiymətə alırdılar. Sonradan aldıqları yerlərdə quyu qazırdılar. Ancaq Azərbaycanın Çar Rusiyası tərəfindən işğalından sonra vəziyyət çətinləşir. Çünki bütün torpaqlar dövlətin xəzinəsinə keçir. İcarədarlara isə qısa müddətlik icarəyə verilir. 1820-ci ildə 4 illiyə icarəyə verilməyə başlayan quyular sonradan yenə dövlət xəzinəsinə keçir. İcarə sistemi neft istehsalına böyük zərər vururdu. Çünki bir neçə illik icarəyə götürən şəxs quyulara ciddi yatırım etməkdən çəkinirdi. 1825-ci ildə quyulardan 200 min fut neft çıxarıldığı halda, 60-cı illərdə də, demək olar, eyni idi. Bunun səbəbi isə icarə və dövlətin təyin etdiyi qiymət siyasəti idi. İcarə sisteminin qorxulu tərəflərindən biri də quyuların necə gəldi istifadə edilməsi idi. İcarəçilərin əsas məqsədi daha çox neft çıxarmaq idi. Belə olduqda isə neftin çıxarılma texnikası onları maraqlandırmırdı. Bunun əvəzini isə qara fəhlələr ödəyirdi. Nobel qardaşlarının Bakıya gəldikləri vaxt Bakıda vəziyyət belə idi və qazma işindən başı çıxan çox az adam var idi. Lüdovik qazma üsulunun təkmilləşdirilməsi üçün ilk dəfə Bakıya Amerikadan qazmaçılar gətizdirir, eyni zamanda avstraliyalıların təcrübəsini öyrənir. Qardaşlar Bakıda neft sənayesinə yeni nəfəs gətirirlər. Eyni zamanda dayanmadan təcrübələr keçirirlər. Qazma işində ilk dəfə buxardan istifadə edirlər. Sonra isə elektrikdən istifadə etməyə başlayırlar. Bütün bunların nəticəsində fəhlələrin işi nisbətən yüngülləşir və yerli kapitalistlər də bu üsullardan istifadə etməyə məcbur olurlar.

İcarə sisteminin ləğvi isə kapitalistləri daha da həvəsləndirir. Bakıda neft, kerosin istehsalı artır. Artıq nəinki Amerikadan Rusiyaya kerosin gətirilmir hətta Bakı kerosini Amerika bazarlarına çıxır. 1908-ci ildə “Nobel Qardaşları” şirkəti artıq böyük bir konsernə (holdinqə) çevrilmişdi. Şirkətdə 25 mindən çox fəhlə işləyirdi.

Lüdovik fəhlə və qulluqçuların həyat və məişət şəraitini yaxşılaşdırmaq üçün bir sıra əhəmiyyətli addımlar atır. Özü şəxsən tədbirlərin həyata keçirilməsinə nəzarət edir. Şirkət 1884-cü ildə Qara şəhərlə Ağ şəhər arasında 9 desyatin ərazidə fəhlə və qulluqçular üçün o zamankı adı “Villa Petralsa” olan park saldırır. Parkda ağac və çiçəklər əkmək üçün Lənkərandan gəmilərlə torpaq daşınır. Parkı su ilə təmin etmək üçün Volqadan gəmilərlə təmiz su gətirilir. Park şirkət üçün illik 250 min manata başa gəlirdi. Parkda həmçinin fəhlələr üçün 11 kottec ev, bundan əlavə, zavodlar olan hissədə 64 ev tikilmişdi. Burada 1536 fəhlə ailəsi yaşayırdı. Mədənlər olan yerdə 1718 nəfərlik 72 ev, Pirallahıda isə 5 ev və 178 nəfərlik yataqxana tikilmişdi. Şirkətin fəhlə və qulluqçularının övladları üçün Balaxanıda, zavod rayonunda, Bakı şəhərində məktəblər açır. Qara şəhərdəki məktəb üçün böyük bir bina tikilir. Fəhlələrin ali və orta məktəblərdə oxuyan övladları üçün də təqaüd təyin edilmişdi. Məktəblərdə həmçinin qızlar üçün tikiş kursları və savadsızlığı aradan qaldırmaq məqsədi ilə fəhlələr üçün gecə kursları təşkil olunur. Yayın istisindən fəhlələri xilas etmək üçün Həştərxandan və Saratovdan buz gətirilərək fəhlələrin qaldıqları evlərə paylanılırdı. Balaxanıda şirkətin xəstəxanası var idi. Bundan əlavə, bütün zavod rayonlarında tibbi palatalar düzəldilmişdi. Şirkət öz işçiləri üçün çörəkxana tikdirmişdi və mal-qara kəsərək işçilərinə paylayırdı. Eyni zamanda şəhərdə yaşayan fəhlələrin daşınmasını da şirkət öz hesabına həyata keçirirdi.

1904-cü ildə şirkətin 25 illiyi münasibətilə şirkətdə işləyən işçilərin uşaqları üçün məktəb tikilməsi üçün 100 min manat, ali məktəbdə oxuyan uşaqları üçün 250 min manat, 25 il işləyən işçilər üçün 350 min manat pul ayrılır, əsgərə çağırılanlara bir dəfəyə məxsus olmaqla bir aylıq maaşlarını və əsgərlik müddətində maaşlarının 50 faizinin ailələrinə verilməsi qərara alınır. 1905-ci ildə alınan qərara əsasən, xalis gəlirin 40 faizi işçilər arasında bölünürdü.

Elə buna görə də digər kapitalistlərin quyularında işləyən neftçilər daima “Nobel Qardaşları” şirkətində işləməyə can atırdılar.

Ancaq unutmaq olmaz ki, onlar da kapitalist idilər. Bu cür insani davranışları ilə birlikdə onlara zərər verəcək hər şeyi də məhv etməyə hazır idilər. Xüsusən də fəhlə hərəkatlarının başlandığı dövrdə şirkət hərəkatçılara qarşı amansız olmuşdu.

Amma Azərbaycan neftçisi ilk dəfə insani rəftarın nə demək olduğunu burada görmüşdü. Bütün bunlar bir az da olsa neftçilərin həyatlarını rahatlatmışdı.