“Neftçi”nin əlacı

670

“Neftçi”yə lazımdır bir əncam çəkmək, dəxi bundan sonra səbr eləmək mümkün deyil. Onun “üfunəti” aləmə dağılıb, qoymur nəfəs almağa. Elə bu “üfunət”ə görə azarkeşlər komandanın ünvanına “Ayıb olsun, ayıb olsun” kimi şüarlar səsləndirirlər.

Kim nə deyir desin, nə qədər ki “Neftçi” bu halətdədir, futbolumuzun tərəqqisi əsla mümkün deyil. O səbəbə ki, hamı gözünü dikib “flaqman”a -”Neftçi”yə və ondan nicat gözləyir. Amma nicat əvəzinə gözlənilən ümidlər puça çıxmaqdadır. Elə bu komanda da yavaş-yavaş üz qoyub puça çıxmağa. Hətta iş o yerə çatıb ki, bu dəfə “ağ-qaralar” qələbə üzünə həsrət qalmış autsayderlə, yəni Bəhmən Həsənovun “Rəvan”ı ilə oyundan məğlub ayrılıblar. Başqa sözlə desək, Ruslan Qurbanovla hesabı açan Samir Əliyevin yetirmələri ikinci hissədə “Rəvan”ın ardıcıl 3 qoluna əngəl ola bilməyiblər. Son dəqiqələrdə Qurbanov hesab arasındakı fərqi azaltsa da, komandanın gücü bundan artığına çatmayıb. Xülasə, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa müəllim Hacıyevin sözü olmasın, “Neftçi”yə hazırda bir ana, dörd bacı lazımdır ki, qabağına qoyub ağlasın. Həqiqətən də, “flaqman” heç vaxt turnir cədvəlində bu pillələrdə olmayıb, hər zaman öz iddialı çıxışı ilə yadda qalıb, liderlər qrupunda yer alıb.

Mən bilən, bu komandanın əlacı bir neçə şeylə bağlıdır. Əvvəla, lazımıdır ki, “Neftçi” bir az kasıblasın. Əbəs yerə deyilmir ki, kasıb mərd olur. Mənim fikrimcə, pul çox olduğundan oyunçuları cızığından çıxıblar. Başları onu xərcləməyə qarışıb, elə bu səbəbdən məşqlərə kifayət qədər vaxt ayıra bilmirlər. Yəni bu komandanı şişirdən paradır. Baxın da imkansız komandalara, aylarla maaş gözləyən “Zirə”ni, hər oyunqabağı maaş davası edən “İnter”i, məhdud büdcəsi olan “Kəpəz”i deyirəm, onlar “Neftçi”dən neçə xal üstündürlər.

İkinci əlacı budur ki, “Neftçi”nin Müşahidə Şurasının üzvlərini göndərmək lazımdır ki, gedib öz işləri ilə məşğul olsunlar. Çünki aparılan eksperimentlər göstərdi ki, futbol onlarlıq deyil, bu oyunun öz xiridarları var. Kiminsə şöhrətli yazıçı olması, yaxud tanınmış aktyor olması futbolda heç bir rol oynamır. Yəni futbol meydançası nə yazı masasıdır, nə də ki çəkiliş meydançası. Vallah, sonda bu uğursuzluq onların yaradıçılığına da təsirsiz ötüşməyəcək. Qəribədir, nədən onlar  bunu bilə-bilə hələ də komandanı müşahidə edirlər?

Üçüncü əlacı budur ki, bəzi oyunçuları da göndərmək lazımdır gəldikləri yerə… Nədən ki, onlar da hər oyunda adlarına layiq olmayan bir oyun çıxarırlar. Hə, bir də baş məşqçi barədə dərindən düşünmək lazımdır. Çünki Samir bəy Əliyev istefa vermək fikrini artıq dəfələrlə dilə gətirib. Bununla da bu kişi “Neftçi”nin dərdinə əlac tapmaqda çətinlik çəkdiyini dilə gətirib. Başqa sözlə desək, elə Samir bəy “Neftçi”yə əlacın bir yolunu göstərib.

Dördüncü əlacı budur ki… “Neftçi” kimi köklü bir komandanı “gəncləşdirmə” adı ilə bu günə qoymaq olmaz. Çünki bu bizim məmləkətinin futbolunda özünü doğrultmayan yanlış bir siyasətdir. Gəncləşdirmə siyasəti mərhələ-mərhələ aparılmalıdır, birdən-birə yox. Belə siyasət aparılarkən, heyət təcrübəli və gənc futbolçuların vəhdətindən təşkil olunmalıdır. Bu yerdə bir məsələyə də toxunum. “Neftçi”nin icraçı direktoru Elnur Məmmədov hansısa ölkələrə futbolla bağlı mühazirə oxumağa gedir. Mənə elə gəlir ki, həmin mühazirələr də “Neftçi”yə əlac ola bilər. Elə isə nədən bu “dərman”dan bu komandaya verilmir?

Beşinci əlacı budur ki… Yox, məncə hələlik sadaladıqlarım kifayət edər. Əgər bu saydığımız əlacların hamısı mümkün olsa, demək olar ki “Neftçi” düzələr. Yoxsa, bunlardan savayı bir çarə bilmirəm. Bilən varsa, əlac eləsin. Əks halda, “Neftçi”yə bir ana, qırx dörd bacı lazım olacaq ki, qabağına qoyub ağlasın.

“Neftçi”yə lazımdır bir əncam çəkmək, dəxi bundan sonra səbr eləmək mümkün deyil. Onun “üfunəti” aləmə dağılıb, qoymur nəfəs almağa. Elə bu üfunətə görə azarkeşlər komandanın ünvanına “Ayıb olsun, ayıb olsun” kimi şüarlar səsləndirirlər.