Neftçilərin axtarışına 4 sualtı dalğıc gəmisi cəlb

411

Dekabrın 15-də Xəzər dənizində əsən güclü küləyin “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın bir hissəsini dənizə uçurması nəticəsində itkin düşən neftçilərin axtarışı davam edir. Bu barədə hadisə ilə bağlı “Azneft” İB-də yaradılan qərargahdan bildirilib. Qeyd olunub ki, bu gündən axtarış işlərinə sualtında axtarış edə bilən 4 dalğıc gəmisi cəlb olunub.

Məlumata görə, bundan başqa axtarış işlərini ətraf yataqlarda Fövqəladə Hallar Nazirliyinin (FHN) və “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 10 gəmisi davam etdirir. Eyni zamanda FHN-in 2 helikopteri axtarışa cəlb olunub, daha 1 helikopter isə yaxın dəqiqələrdə havaya qalxacaq.

Qeyd edək ki, dekabrın 15-i saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.
Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:
1. Zülfüqarov Güloglan – maşinist
2. Zülfüqarov Azay – operator
3. Qurbanov Vidadi – operator
4. Həsənov Elçin – mexanik
5. Hacıəliyev Həsənağa – operator
6. Qafarov İlham – operator
7. Əsədov Samir – operator
8. Bəhrəmov Cavid – operator
9. Abbasov Ramiz – maşinist
10. Rüstəmov Qorxmaz – operator
Ötən gün axtarış nəticəsində 3 saylı Neft Yığım Məntəqəsinin əmtəə operatoru, 1958-ci il təvəllüdlü, Bakı şəhəri, Ələt qəsəbəsinin sakini İlham Əlihüseyn oğlu Qafarovun meyiti tapılıb. Axşam saatlarında onun nəşi “Qaradağ-8” gəmisi ilə sahilə gətirilib və aidiyyəti üzrə təhvil verilib.