Neftçi” “Qəbələ”ni qəbul edəcək

0
311

Bu gün keçiriləcək iki görüşlə Topaz Premyer Liqasının II tura yekun vurulacaq. Turun maraqla gözlənilən oyununda “Dalğa Arena”da “Neftçi” komandası “Qəbələ” klubunu qəbul edəcək. Görüş saat 18:30-da başlayacaq.

Bu, ilk dəfə 12 il öncə üz-üzə gələn rəqiblərin ümumilikdə 46-cı dueli olacaq. Komandalar indiyədək çempionat və kubokda üst-üstə 45 dəfə qarşılaşıb. 16 dəfə qalib gələn “Qəbələ” 11 heç-heçə edib və 18 dəfə uduzub. Lakin “qırmızı-qaralar” top fərqində üstünlüyə malikdir – 58:57.

Bakılıların qapısına vurulan 58 qolun müəllifləri arasında ən məhsuldar oyunçu Baqali Dabodur. Onun hesabında 6 top varsa, Dodo 4, Aleksey Qay, Lorentso Ebesilio, Yannik Kamanan, Ruslan Qurbanov və Stiven Monroz hərəyə 3 dəfə fərqlənib.

Ardıcıl 10 görüşdür heç-heçə etməyən rəqiblərin son iki mövsümdəki matçlarında “Qəbələ” 6, “Neftçi” 4 dəfə qalib gəlib.

Azərbaycan kubokunun 5 oyununda üz-üzə gələn komandalar Premyer Liqada 40 dəfə qarşılaşıb. Hesabında 15 qələbə olan “qırmızı-qaralar” 8 heç-heçə edib və 17 dəfə meydandan xalsız ayrılıb. Çempionatda komandalar eyni sayda – hərəyə 51 qola seviniblər.

“Qəbələ” 23-cü dəfə “Neftçi”nin qonağı olacaq. Komandamız səfər matçlarında rəqibindən üstündür. Rəqib meydanında 9 dəfə qalib gələn “qırmızı-qaralar” 5 bərabərliklə kifayətlənib və 8 dəfə məğlubiyyətlə üzləşib. Paytaxt təmsilçisinin meydanında 30 qol vuran futbolçularımız 26 top buraxıblar.

 

Tura “Sabah”–“Sumqayıt” komandalarının “Əlincə Arena”da keçiriləcək oyunu ilə yekun vurulacaq. Oyun saat 20:30-da başlayacaq. “Sabah” – “Sumqayıt” qarşılaşmasını Əliyar Ağayev idarə edəcək. Rza Məmmədov və Zeynal Zeynalov yan xətlərdə Ağayevə kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Orxan Məmmədov yerinə yetirəcək.

Dünən isə  “Zirə” komandası “Azal Arena”da “Keşlə” klubunu qəbul edib. Baş hakim İnqilab Məmmədovun idarə etdiyi oyun 2:2 hesabı ilə başa çatıb. Baş məşqçi Ayxan Abbasovun futbolçuları mövsümə erkən vurulan qolla başlayıblar. Komandanın heyətində 2-ci dəqiqədə Mirsahib Abbasov hesabı açıb. Otuz altıncı dəqiqədə Pərdis Fərcad-Azad keçmiş komandasına qol vuraraq hesab arasındakı fərqi artırıb – 2:0. Fasilədən sonra hücuma atılan “Keşlə” futbolçuları hesab arasındakı fərqi azaldıblar.

Əvvəlcə 53-cü dəqiqədə Slavik Alxasov fərqlənib. Oyuna əlavə olunmuş dəqiqələrdə isə Andre Klennon hesabı bərabərləşdirib. Beləliklə oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, bu turun açılış matçında “Qarabağ” komandası “Səbail”i 2:0 hesabı ilə məğlub edib.