“Neftçi” – “Qəbələ” matçı çempionluq baxımından da həlledici ola bilər

0
336

Sabah Topaz Premyer Liqasında XXIV tura start veriləcək. “apasport”un məlumatına görə, turun qarşılaşmaları iki gün ərzində baş tutacaq.

“İnter Arena”da start götürəcək ilk oyun günü “Keşlə” – “Zirə” matçı ilə başlayacaq. 2018-ci ildə qələbə qazanmayan qonaqlar avrokuboklara vəsiqə şansını çətinə salmamaq üçün mütləq qalib gəlməlidi. Ölkə kubokunda finala yüksələn bakılılar isə görüşə yüksək əhval-ruhiyyədə çıxacaq.

Digər üç matç ikinci oyun günündə baş tutacaq. Autsayderlər qrupunda qərarlaşan “Səbail”lə “Kəpəz” arasında görüş də hər iki komanda üçün əhəmiyyət kəsb edir. Gəncə təmsilçisi Premyer Liqada yerini qorumaq üçün xal hesabını artırmağa çalışacaq. Bakılılar isə “Keşlə”ni önə buraxmamaq üçün ev oyununda 3 xal qazanmalıdı.

 

Tura eyni saatda başlayacaq iki görüşlə yekun vurulacaq. Bu da Azərbaycan çempionunun adına da aydınlıq gələ bilməsi ilə bağlıdı.

 

Ardıcıl 5-ci çempionluğun astanasında olan “Qarabağ” “Sumqayıt”la səfər matçında qələbə qazansa, qızıl medalları təmin edəcək. Qurban Qurbanovun yetirmələri bunun üçün mövsümün ikinci yarısında çempionat matçlarında uduzmayan rəqibin seriyasını qırmalıdı. Samir Abasovun komandası isə kubokdakı uğursuzluğu Premyer Liqanın mükafatı ilə unutdurmaq üçün lideri büdrətməlidi.

 

“Neftçi” – “Qəbələ” matçı çempionluq baxımından da həlledici ola bilər. Əgər “Qarabağ” turun ilk günü qızıl medalları təmin etməsə, “ağ-qaralar”ın xal qazanmasını gözləyəcək. “Qəbələ”nin istənilən xal itkisi ağdamlıları ümumilikdə 6-cı çempionluğa daşıyacaq.

 

“Neftçi” və “Qəbələ” 11 gündə 3-cü dəfə üz-üzə gələcək. Komandalar Azərbaycan kubokunun yarımfinalından sonra yenidən qarşılaşacaq. “Neftçi” evdə əldən verdiyi finala vəsiqənin revanşını almaq üçün meydana çıxacaq. Qonaqlar isə turnir cədvəlinin 2-ci pilləsindəki mövqeyini təhlükəyə atmamaq üçün 3 xal əldə etməlidi.

 

Topaz Premyer Liqası

XXIV tur
21 aprel (şənbə)

16:00. “Keşlə” – “Zirə”

Mövsümün əvvəlki oyunları: 1:1, 0:1, 2:1
“İnter Arena”

22 aprel (bazar)
17:00. “Səbail” – “Kəpəz”
Mövsümün əvvəlki oyunları: 1:0, 3:2, 1:2
“Bayıl Arena”

 

19:00. “Sumqayıt” – “Qarabağ”
Mövsümün əvvəlki oyunları: 1:4, 0:2, 1:1
Sumqayıt. Şəhər stadionu

19:00. “Neftçi” – “Qəbələ”
Mövsümün əvvəlki oyunları: 1:2, 2:3, 2:1
8-ci km qəsəbə stadionu

 

1. Qarabağ 23 17 5 1 33-8 56
2. Qəbələ 23 12 6 5 37-23 42
3. Sumqayıt 23 11 6 6 31-25 39
4. Zirə 23 9 8 6 29-24 35
5. Neftçi 23 10 4 9 31-24 34
6 Səbail 23 5 4 14 15-32 19
7. Keşlə 23 4 6 13 20-36 18
8. Kəpəz 23 3 3 17 14-38 12

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) – 12