“Neftçi” “pley-off”da “Qarabağ”ı tək qoymadı

0
476

Çempionlar Liqasında mübarizəni dayandıraraq Avropa Liqasına yuvarlanan “Qarabağ”ı “Neftçi” bu turnirdə tək buraxmadı. Çünki “flaqman” bundan əvvəlki mərhələdə olduğu kimi, yenə səfər qələbəsi qazanaraq, “pley-off”a vəsiqə qazandı.

 

“Çixura” – “Neftçi” 2:3

Qollar: G. Qabedava, 30; 50 – E. Nfor, 16, 27, 38

“Çixura” (Gürcüstan): 25. Maksime Kvilitaya, 8. Georgi Kimadze, 37. Şota Kaşiya, 80. Georgi Rexviaşvili, 7. Jambul Jiqauri, 15. Georgi Koripadze (11. Tornike Mumladze, 79), 26. Georgi Datunaişvili, 49. David Odikadze (k), 9. Georgi Qabedava, 10. Laşa Kutçuxidze, 51. Besik Dekanoidze

Ehtiyat oyunçular: 1. Zurab Mtskeraşvili, 5. Laşa Txelidze, 23. Aleksandr İvanişvili, 27. Qiqa Beçvaya, 71. Temur Nadiradze, 24. Laşa Çikvaidze

Baş məşqçi: Samson Pruidze

“Neftçi” (Azərbaycan): 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 5. Elvin Yunuszadə, 16. Bruno Bertuççi, 7. Araz Abdullayev (21. Samir Məsimov, 72), 9. Flavinyo (k), 10. Julius Vobay (25. Cavid İmamverdiyev, 83), 15. Erik Ramos, 18. Kaue, 19. Mirhüseyin Seyidov (27. Məqsəd İsayev, 64), 90. Ernest Nfor

Ehtiyat oyunçular: 1. Emil Balayev, 17. Nicat Qurbanov, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov, 23. Ruslan Qurbanov

Baş məşqçi: Böyükağa Hacıyev

Sarı vərəqələr: G. Qabedava, 68; G. Datunaişvili, 82; G. Rexviaşvili, 90+2 – Kaue, 20; K. Kardoso, 52; B. Bertuççi, 63; E. Yunuszadə, 68; S. Məsimov, 74

Hakimlər: Tamas Boqnar, Qyorqi Rinq, Peter Berettian, Adam Farkas (hamısı Macarıstan)

7 avqust 2014. Tbilisi, Mixail Mesxi adına stadion

Bakıdakı oyundakı 0:0 hesabı komandaları ehtiyatlı oynamağa vadar edirdi. Lakin “Neftçi” yenə ənənəsinə sadiq qalaraq, ilk dəqiqələrdən hücuma atıldı. Elə ilk real vəziyyəti də komandamız yaxaladı. Flavinyonun sağ cinahdan yerlə ötürməsindən sonra Nforun yaxın məsafədən zərbəsini qapıçı dəf etdi. Buna baxmayaraq, forvard tezliklə istəyinə çatdı. Bu dəfə onun uzaq məsafədən qüvvətli zərbəsi qarşısında Kvilitaya aciz qaldı. Kamerunlu futbolçu 11 dəqiqə sonra rəqibi ikinci dəfə mərkəzə dəvət etdi. Bu dəfə Vobayın sol cinahdan yerlə ötürməsi zamanı boş qapı önündə yalnız topa toxunmaq qaldı. Düzdür, tezliklə meydan sahibləri fərqi minimuma endirdilər. Ancaq onların bərabərlik arzusunun üstündən tezliklə məhz Nfor xətt çəkdi. Araz Abdullayevin sağ cinahdan ideal ötürməsini bomboş mövqedə başla qapıdan keçirən Ernest 22 dəqiqə içində het-trikini rəsmiləşdirdi.

Fasilədən dərhal sonra “Çixura” yenə fərqi 1-ə endirdi. Bu dəfə də Qabedava səhnəyə çıxdı. O, komandasının kombinasiyalı hücumunu cərimə meydançası daxilindən dəqiq zərbə ilə qola çevirdi. Bundan sonra oyunda temp daha da artdı. Hər iki komanda tez-tez rəqib qapıçısını narahat edirdi. 54-cü dəqiqədə Flavinyonun sağ cinahdan ideal ötürməsinə Nfor qapı önündə başla toxuna bilmədi. Az sonra Jiqaurinin penalti nöqtəsi üzərindən zərbəsi zamanı top Kardosoya dəyərək səmtini dəyişdi. Lakin Stamenkoviç əla reaksiya ilə son anda qola mane oldu. “Çixura” 67-ci dəqiqədə növbəti dəfə bərabərlik qoluna yaxın oldu. Ancaq sabiq “İnter”li Odikadze təkbətək epizodda çərçivəyə düşə bilmədi. Oyun sona yaxınlaşdıqca “Neftçi” müdafiəyə daha çox diqqət yetirməyə başladı. Rəqib isə bütün qüvvə ilə irəli atılmışdı ki, bundan da maksimum yararlanmaq olardı. Bunun üçün imkan da düşdü. Lakin Bertuççinin fərqlənməsinə dirək mane oldusa, Flavinyoya qapıçı imkan vermədi. Buna baxmayaraq, inamlı səfər qələbəsi qazanan “Neftçi” Avropa Liqasında “pley-off” mərhələsinə adladı. Beləliklə, bu gün həm “Qarabağ”ın, həm də “Neftçi”nin “pley-off”dakı rəqibi bəlli olacaq.

 

Oyunsonrası açıqlamalar

Rövnəq Abdullayev (AFFA prezidenti): “Normal oynadılar, yaxşı oyun idi. Xoşuma gəldi. İki komandamız Avroliqanın “pley-off” mərhələsində oynayacaq. Bu, yaxşı nəticədir. Ötən gün “Qarabağ”ın da səfər oyununu canlı izlədim və matçdan sonra paltardəyişmə otağına gedərək onlarla söhbət etdim. Komandaya uğurlar arzuladım. Ağdam klubunun rəqibi çox güclü idi. Sevindirici haldır ki, “Neftçi” ardıcıl ikinci rəqibinə də səfərdə qalib gələrək mərhələ adladı. Artıq püşkatmanın nəticəsini gözləyəcəyik”.

Sadıq Sadıqov (“Neftçi”nin prezidenti): “Oyundan razıyam. Hamı necə oynadığımızı gördü. Uşaqlar yaxşı çıxış etdilər. Meydançada əsl mübarizə gedirdi. Amma uğur komandamızın tərəfində idi. İki fərqli hissə izlədik. Mən qələbə qazanacağımıza əmin idim. Hətta uşaqlar ikinci hissədə həyəcanlananda da inamımı itirmədim. Səfərdə qələbə qazandığımız halda evdə uğur qazana bilməməyimizin səbəbini anlamıram. Fikrimcə, Tofiq Bəhramov adına Respublika Stadionu bizim üçün daha düşərli olacaq. “Pley-off” oyunlarını orada keçirəcəyik. Kanales? O, artıq komandamıza gəlməkdədir. Nfor da Nikolasın qayıtdığını eşidən kimi qol vurmağa başladı”.

Böyükağa Hacıyev (“Neftçi”nin baş məşqçisi): “Çixura” çox gec ayıldı. Onlar hesab 3:1 olandan sonra özlərinə gəldilər və açıq futbol oynadılar. Əgər rəqib bir az da tez açıq futbol oynasaydı, daha yaxşı olardı. Qalib gəlmişik və sevinirik. Bizim bu gün imkanımız var, futbolçular alırıq. Gürcülərin də əlinə imkanlar düşsə alarlar və komandalarını gücləndirərlər. Azərbaycanlı jurnalistlər də bilir ki, bizim komandalarda olan gürcü məşqçilər də bizimlə bacarmırlar. Bunu hamı bilir”.

Soso Pruidze (“Çixura”nın baş məşqçisi): “Çox gözəl oyun göstərdik. Heyətimiz kasad idi. Müdafiədə oynatdığımız futbolçular yarımmüdafiəçilər idi. Xüsusi hər hansı bir taktika fikirləşməyin mənası yox idi. Əsas düşüncəmiz qol buraxmamaq idi. Bilirdik ki, qapımızda top görsək, bizə çətin olacaq. Belə də oldu. Amma düşünürəm ki, azarkeşlərə yaxşı oyun göstərə bildik. Rəqibin hücumçuları bizdən daha sürətli idi və daha güclü idilər. Ona görə də müdafiədə daha yaxşı oynamalıydıq. Qol buraxdıqdan sonra irəli atılmaq məcburiyyətində idik. Amma rəqibin hücumçularının peşəkarlığı öz sözünü dedi. Azərbaycan klublarının maliyyə cəhətdən imkanları daha genişdir. Daha yaxşı futbolçular alırlar və heyətlərini gücləndirirlər. Onlar kimi futbol oynamağı düşünmürük. Türkiyəyə meyl edən futbol oynamaq bizim üçün yaxşı olardı”.

Ernest Nfor (“Neftçi”nin hücumçusu): “Çox çətin oyun oldu. Amma şadam ki, bu görüşdən qalib ayrıla bildik. Bu gün məndə hər şey alındı. Üç qol vurduğum üçün çox sevinirəm. İkinci hissədə mübarizə aparmaq çətin olsa da, duruş gətirə bildik”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here