“Neftçi” kombinasiyalı hücumlara “bel bağlamalıdır”

0
375

Sabah Avropa Liqasındakı təmsilçilərimiz “İnter” və “Neftçi” növbəti oyunlarına çıxacaqlar. “İnter”dən fərqli olaraq, “Neftçi”nin mərhələ adlamaq şansı çətin görünür.

21:00 “İnter” (Azərbaycan) — “Elfsborq” (İsveç)

Hakimlər: Stanislav Todorov, İvo Kolev, Martin Venev, Nikolay Yordanov (Bolqarıstan)

Hakim-inspektor: Qudmunder İnqi Yonsson (İslandiya)

UEFA nümayəndəsi: Krouford Uilson (Şimali İrlandiya)

24 iyul 2014. “Şəfa” stadionu

Topaz Premyer Liqasının gümüş mükafatçısı “İnter” hələ ki, ölkəmizi Avrokubokda layiqincə təmsil edir. İlk mərhələdə Moldova “Tiraspol”una hər iki oyunda qalib gələn “bankirlər” II mərhələyə də yaxşı başladılar. İsveçin “Elfsborq” klubu ilə səfərdə keçirilən matçda Kaxaber Sxadadzenin yetirmələri sürpriz qələbə qazandılar. Təsadüfi deyil ki, “İnter”in səfər qalibiyyəti hətta UEFA-nın manşetində yer aldı. Bu isə əbəs deyildi. Çünki əksəriyyət “Elfsborq”un asan qələbə qazanacağını düşünərək, favorit qismində məhz İsveç klubunun adını çəkirdi. Ancaq bakılılar səfərdə qələbə qazanmaqla, İsveçə turist kimi getmədiklərini isbatlaya bildilər. İndi həmin qələbənin ardını gətirmək lazımdır. Sevindirici haldır ki, “İnter” bu mövsümdə avrokuboklarda hələ ki, heç-heçə və məğlubiyyət görməyib. Səfərdə qazanılan hesab “bankirlər”in mərhələ adlamaq şansını artırır. Lakin bu o demək deyil ki, “İnter” Bakıdakı görüşdə çətinliklə üzləşməyəcək. Əksinə cavab görüşü daha çətin olacaq. Bu mənada, Sxadadzenin yetirmələrinin arxayınlaşmağa haqqları çatmır.

İlk oyunda olduğu kimi, “Elfsborq”la cavab matçına da “İnter” aparıcı oyunçusu olan Elvin Məmmədovsuz çıxacaq. “10 nömrə” zədəsini hələ tam sağaltmayıb. Bu səbəbdən o, ardıcıl 3-cü Avrokubok görüşündə komandasına kömək edə bilməyəcək. Məmmədovun yoxluğunda çox güman ki, yenə əsas heyətdə Dieqo Madriqal yer alacaq. “İnter” öz meydançasında daha təmkinli oyun sərgiləməlidir. “Bankirlər” hücuma atılmaq məcburiyyətində olan “Elfsborq”u əks-hücumlarda cəzalandıra bilərlər. Əgər Sxadadze ənənəvi taktikanı seçsə, “İnter” növbəti mərhələyə adlamaq mənasında çətinliklə üzləşməyəcək.

Bir məqamı da qeyd edək ki, “İnter” bu vaxta qədər avrokuboklarda hələ ki, 1 mərhələdən artıq adlamayıb. Bu mənada, Kaxaber Sxadadzenin əlinə yaxşı imkan düşüb. “Elfsborq” səddini keçsələr, klubun tarixində ilkə imza atılacaq. Bundan əlavə, mərhələ adlayacağı təqdirdə, “İnter”in növbəti rəqibi “Neman” (Bolqarıstan) — “Hafnarfyordur” (İslandiya) cütünün qalibi olacaq. Göründüyü kimi, “bankirlər”i 3-cü mərhələdə elə də güclü rəqib gözləməyəcək. İslandiya klubu bizə tanış rəqibdir. Vaxtilə Çempionlar Liqasının təsnifat mərhələsində “Neftçi” “Hafnarfyordur”a hər iki görüşdə qalib gəlmişdi (2:0, 2:1). Bu isə onu deməyə əsas verir ki, “İnter”in bu mövsüm Avrokubokda “pley-off”a qədər irəliləmək şansı var. Hər şey “bankirlər”in öz əlindədir.

Biz isə fərqi yoxdur, “İnter”, “Neftçi”, “Qarabağ”, “Xəzər Lənkəran” və ya başqa komanda, bütün azarkeşləri stadiona çağırırıq. Gəlin, “İnter”ə belə vacib qarşılaşmada dəstək olun.

23:30 “Koper” (Sloveniya) — “Neftçi” (Azərbaycan)

Hakimlər: Benoi Millo, Stefan Luzi, Kiril Lompre, Sebastien Moreyra (Fransa)

Hakim-inspektor: Alfredo Trentalange (İtaliya)

UEFA nümayəndəsi:Tormod Larsen (Norveç)

24 iyul. “Bonifika” stadionu

”İnter”dən fərqli olaraq, “Neftçi” Avropa Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən başlayıb. Daha bir fərq isə “Neftçi”nin ilk görüşdə, özü də doğma meydançada məğlubiyyətlə üzləşməsidir. Bakıda üstün oynamasına rəğmən, “Koper”ə uduzan “Neftçi” mərhələ adlamaq şansını xeyli çətinləşdirib. Düzdür, futbolda hər cür nəticə qeydə alınır və bu mənada, “flaqman”ın növbəti mərhələyə vəsiqəni Sloveniyada təmin edəcəyi heç də istisna olunmur. Lakin komanda daxilində də vəziyyət yaxşı deyil. Vitse-prezident Tahir Süleymanovun istefa verməsi, bundan əlavə baş məşqçi Böyükağa Hacıyevin “Koper”i keçməyəcəkləri təqdirdə, istefa verəcəyini bildirməsi ab-havanı gərginləşdirib.

”Neftçi” mərhələ adlamaq istəyirsə, səfərdə daha kəsərli hücumlar qurmalıdır. Bakıdakı qarşılaşmada “ağ-qaralar” üstün təsir bağışlasalar da, kombinasiyalı hücumlar həyata keçirməkdə çətinlik çəkirdilər. “Neftçi” əsasən futbolçuların fərdi bacarığı sayəsində nəyəsə nail olmaq istəyirdi. Bu səbəbdən də Bakıdakı görüşdə daha çox uzaq məsafədən zərbələrə bel bağlanılırdı. Sloveniyadakı qarşılaşmada isə komanda daha çox kombinasiyalı hücumlar qurmalıdır. Şübhəsiz ki, bunda əsas yük yarımmüdafiə və hücum xəttinin üzərinə düşəcək. Araz Abdullayev, Julius Vobay və Flavinyo “trio”sundan çox şey asılıdır. İlk oyunda zəif təsir bağışlayan Ernest Nforun Sloveniyadakı matça əsas heyətdə çıxıb-çıxmayacağı maraq doğurur. Çətin ki, Bakıdakı qarşılaşmada əvəzləndiyinə görə baş məşqçiyə etirazını bildirən Nfora Hacıyev rəhm etsin. Belə olan halda, hücumun sivri ucunda kimin yer alacağı sual doğurur. Bu ampluada Ruslan Qurbanovun oynamaq ehtimalı az deyil.

Sloveniyadakı qarşılaşmada müdafiə xəttinin də üstünə böyük yük düşəcək. Nədənsə əksəriyyət ilk oyundakı çıxışına görə daha çox Məqsəd İsayevin üstünə düşdü. Halbuki həmin görüşdə birinci növbədə, Bruno Bertuççi, Oskar Kardozo və Saşa Stamenkoviç “baltalanmalı” idi. Əgər adlarını çəkdiyim oyunçular ilk oyunda buraxdıqları “uşaq səhvlərini” təkrarlasalar, “Neftçi”nin aqibəti çətin olacaq. Hacıyevin müdafiədə dəyişikliklərə gedəcəyi də istisna olunmur. Ancaq heyəti kasad olan vaxtda “Neftçi”də dəyişikliklərə əl atmaq asan deyil. İstənilən halda, “Neftçi”yə inanmalı və “flaqman”a uğur arzulamalıyıq.

POLADXAN ƏHMƏDOV

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here