“Neftçi” klubu UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib

48

Bakının “Neftçi” klubu UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib.

Bakı təmsilçisi turnirin cavab oyunları çərçivəsində “Aris”i (Kipr) qəbul edib.

Bakıda, “Bakcell Arena”da keçirilən oyunda “Neftçi”nin start heyətində İvan Brkiç, Mamadu Mbodj, Solomon Kvirkveliya, Kenni Sayef, Voislav Stankoviç, Emin Mahmudov, Qodsvey Donyo, Eddi İsrafilov, Azər Salahlı, Ataa Caber və Yusuf Laval yer alıblar.

Kipr təmsilçisinin heyətində isə meydana Vana, Kaju, Leo Benqtsson, Morqan Braun, Delmiro Evora Naskimento, Artur Yannik Qomis, Stiv Yaqo, Mixlali Mayambela, Martin Sloqar, Frants Brorsson və Yulius Syoke çıxıblar.

Almaniyalı baş hakim Bastian Dankertin idarə etdiyi oyunda “Neftçi” rəqib qapısından 3 cavabsız top keçirib. Matçın 38-ci dəqiqəsində Qodsvey Donyo, 57-ci dəqiqəsində Eddi İsrafilov və 63-ci dəqiqəsində isə Kenni Sayef fərqləniblər.

“Neftçi” – “Aris” matçında qonaqlar azlıqda qalıb. Belə ki, Kipr təmsilçisinin ingiltərəli yarımmüdafiəçisi Morqan Braun 82-ci dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Kiprdə keçirilən ilk oyunda Bakı klubu 0:2 hesabı ilə məğlub olub. İki oyunun nəticəsinə görə, “Neftçi” klubu UEFA Konfrans Liqasının növbəti mərhələsinə yüksəlib. Azərbaycan təmsilçisi növbəti mərhələdə “Rapid” (Vyana, Avstriya) – “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.