“Neftçi”-HİK matçında qalib müəyyənləşməyib

75

Avqustun 3-də UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakının “Neftçi” klubu Finlandiyanın HİK komandasını qəbul edib.“Bakcell Arena”da keçirilən matçı Şotlandiyadan olan hakimlər briqadası idarə edib.

Komandaların cəhdlərinə baxmayaraq birinci hissədə hesab açılmayıb. İlk hissədə “Neftçi”nin qapıçısı Aqil Məmmədov zədələnib. Qarşılaşmanın 17-ci dəqiqəsində qolkiper Kamran İbrahimovla əvəzlənib.

İkinci hissəyə Bakı təmsilçisi daha fəal başlayıb. Görüşün 59-cu dəqiqəsində “Neftçi” hesabı açıb. Bakı təmsilçisinin heyətində Samir Buqrin baxımlı qol ilə yadda qalıb. İki dəqiqə sonra qonaq komandanın heyətində Roope Riski hesaba tarazlıq gətirib. Matçın 65-ci dəqiqəsində “Neftçi”nin müdafiəsində olan boşluqdan istifadə edən Jair HİK-i hesabda önə çıxarıb. On beş dəqiqə sonra “Neftçi”nin kapitanı Emin Mahmudov standart vəziyyətdən baxımlı qola imza atıb. Komandaların cəhdlərinə baxmayaraq matçda qalib müəyyənləşməyib – 2:2.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşaması avqustuna 12-də Helsinkidə keçiriləcək. Bu cütün qalibi pley-off mərhələsində Türkiyənin “Fənərbağça” klubu ilə üz-üzə gələcək. Məğlub komanda isə Konfrans Liqasının pley-offunda “Makkabi” (Hayfa, İsrail) – “HB Torşavn” (Farer adaları) cütünün qalibinə rəqib olacaq.