Neftçala rayonuna 5 milyon manat ayrıldı

489
375729_01_prezidentAzərbaycan Respublikası Prezidenti İlham Əliyev Neftçala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi sahəsində Neftçala rayonunda bir sıra mühüm infrastruktur layihələri həyaya keçirilmiş, sənaye və emal müəssisələri açılmış, Mədəniyyət və incəsənət sarayı, Şahmat məktəbi əsaslı təmir olunmuş, təhsil və digər sosial yönümlü obyektlər inşa olunmuş, 24 kənddə sutəmizləyici qurğular quraşdırılmış, yeni yollar çəkilmiş, Kür çayı sahilində Bulvar kompleksi salınmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Neftçala şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda şəhər üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Neftçala rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Neftçala Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

Prezident İlham Əliyevin daha bir sərəncamı isə Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi ilə bağlıdır

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Otuz yeddi min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Neftçala Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.