Neft hasilatı sənaye istehsalının əsas göstəricisi olmaqda davam edir

0
460
Cari ilin yanvar-noyabr aylarında ölkə sənayesində 29,8 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. 
Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. Komitənin ötən il açıqladığı məlumatlara istinadən apardığımız hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 11 ayı ərzində sənayedə məhsul istehsalı və xidmətlərin həcmi 3,2% və 1 milyard manat azalıb. Məlumatda həmçinin qeyd olunur ki, bu ilin ilk 11 ayında sənaye məhsulunun 70,4%-nin istehsal olunduğu mədənçıxarma bölməsində 38,4 milyon ton neft və 17 milyard kub metr əmtəəlik təbii qaz hasil edilib. Apardığımız müqayisə göstərir ki, 2013-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə xam neftin hasilatı 2,8% və 1,1 milyon ton azalıb, əmtəəlik təbii qazın həcmi isə 4,9% və 800 milyon kub metr artıb.

 

Sənaye istehsalının azalmasında “Azəri-Çıraq-Günəşli”nin payı böyükdür

Rəqəmlərdən də açıq şəkildə görünür ki, ölkədə sənaye istehsalının azalmasının əsas səbəbi neft hasilatının aşağı düşməsi ilə bağlıdır. Qeyd olunduğu kimi Azərbaycan sənayesinin təxminən 2/3-si neft hasilatı ilə bağlıdır. Belə olan halda neft hasilatındakı azalmalar sənaye sektorunda artım tempini aşağı salır. Qeyd edək ki, burada “Azəri-Çıraq-Günəşli” yatağında hasilatın aşağı düşməsinin də böyük payı vardır. Bildiyimiz kimi ölkədə hasil olunan neftin böyük hissəsi “Azəri-Çıraq-Günəşli” yatağından hasil olunur. Müqayisə üçün qeyd edək ki, bu ilin ilk 3 rübü ərzində ölkə üzrə 32,1 milyon ton neft hasil olunubsa, bunun 75,4%-i və 24,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin payına düşüb. Məlumat üçün bildirək ki, 2013-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 3 rübü ərzində “Azəri-Çıraq-Günəşli”də ümumi hasilat 1,2% və ya 300 min ton azalıb.

MDB-də sondan ikinciyik

Məlumat üçün onu da bildirək ki, Azərbaycan sənaye istehsalındakı artım tempinə görə də Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında son sıralarda yer alıb. MDB Dövlətlərarası Statistika Komitəsinin açıqladığı, yanvar-oktyabr aylarını əhatə edən sonuncu hesabatında göstərilir ki, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk 10 ayı ərzində Birliyə daxil olan ölkələr arasında Ukrayna, Azərbaycan və Qazaxıstanda sənaye istehsalı aşağı düşüb. Sənaye istehsalı Ukraynada 9,4%, Azərbaycanda 0,4%, Qazaxıstanda isə 0,3% həddində azalıb. Digər ölkələrə gəldikdə isə sənaye məhsullarının ən yüksək artımı Özbəkistanda qeydə alınıb. Komitənin məlumatında göstərilir ki, cari ilin yanvar-oktyabr aylarında sənaye istehsalı Özbəkistanda 8,4% artıb. Özbəkistandan sonra ən yüksək artım Tacikistanda qeydə alınıb – 5,7%. Digər dövlətlərdə isə sənaye məhsullarının artımı belə olub: Moldovada 4,7%, Qırğızıstanda 2,4%, Onu da xatırladaq ki, Azərbaycanda neft hasilatının ən yüksək həddə çatdığı 2010-cu ildə sənaye istehsalının artım tempinə görə MBD-də ilk sırada olmuşuq. 4 il əvvəl – 2010-cu ilin ilk 11 ayı ərzində Azərbaycanda builkindən 22,6% çox – 47,1 milyon ton neft hasil olunub. Həmin dövürdə sənaye istehsalında 3,1%-lik artım qeydə alınıb və bu göstərici ilə Azərbaycan MDB-də birinci olub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here