“Necə vicdansız və əqidəsiz olasan ki, erməni ilə əməkdaşlıq edəsən…”

374

Hərbi ekspert Üzeyir Cəfərov Baş Prokurorluğun Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə yaydığı bir qrup hərbi qulluqçuların vətənə xəyanət etmələri barədə yaydığı bəyanata münasibət bildirib. “Yeniavaz” xəbər verir ki, hərbi ekspert bu məlumatın çoxlarında dərin narahatlıq və üzgünlük yaratdığını bildirib: “Çox təəssüflənirəm ki, belə bir xoşagəlməz vəziyyət Silahlı Qüvvələrimizin şəxsi heyətinin ön xəttə olan hərbi qulluqçuları ilə baş verib və hesab edirəm ki, bildirəcəyim fikirlər də dövlət qurumları tərəfindən ararşdırma zamanı nəzərə alınacaq. Onu da başa düşürəm ki, ola bilsin ki, qeyd etdiklərim müvafiq qurumlar və vəzifəli şəxslər aşağıdakı qeydlərimi heç də birmənalı qarşılamasınlar. Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan bəzi şəxslər ilə bağlı tərəfimdən Hərbi Əks Kəşfiyyat İdarəsinin vəzifəli şəxslərinə bəzi məlumatlar bir neçə ay bundan əvvəl çatdırılmışdı. Düşünmək olardı ki, tərəfimdən qaldırılan konkret fakt və epizodlar müvafiq qurumlar tərəfindən hərtərəfli və ətraflı araşdırılacaq. Məsələnin nə yerdə olması ilə bağlı bir neçə dəfə maraqlansam da, mənə bildirilmişdi ki, göstərdiyim xüsusiyyətlər üzrə hələ araşdırmalar aparılır və yəqin ki tez bir zamanda lazım olan addımlar atılacaq. Qısa olaraq onu qeyd edim ki, Müdafiə Nazirliyinin Bakı yaxınlığındakı hərbi hissələrindən birində xidmət edən konkret adı və soyadı bilinən şəxs cəbhə bölgəsinə, konkret döyüş mövqelərinə getmək üçün müxtəlif yollar arayıb. Çox qəribədir ki, ona bu işdə yardımçı olan şəxslər tərəfindən o birbaşa döyüş bölgəsinə təyinat alıb. Bundan sonra onun hərəkətləri və əməlləri böyük narahatçılıqlar və narazılıqlar yaradır. Məhz ona görə də, onun hərəkətlərindən şübhələnən bəzi komandirlər bu adamla bağlı müvafiq addımların atılmasının vacibliyini qeyd etdikdən sonra, tərəfimdən Hərbi Əks Kəşfiyyat İdarəsinin rəhbər şəxslərinə onunla bağlı müvafiq ölçünün götürülməsi xahiş olunmuşdu. İndi isə məlum olur ki, iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçu və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər”.

Üzeyir Cəfərov qeyd edib ki, ötən ilin məlum aprel hadisələri zamanı baş verənlər ilə bağlı tərəfimdən təkidlə mətbuatda və rəsmi, qeyri-rəsmi görüşlərim zamanı cəbhədə baş verənlər ilə bağlı ciddi araşdırma və təhlil aparılmasının zəruriliyi bir neçə dəfə qeyd edilmişdi: “Artıq baş verənlər baş verib və onu da qeyd edim ki, şəxsən mənə bir azərbaycanlı zabit kimi çox iyrənc və təəssüfedici bir hadisə kimi təsir edib. Axı sən necə vicdansız və əqidəsiz olasan ki, qatı düşmənlə əməkdaşlıq edəsən? Baş verənlər bizi bir daha hər bir məsələyə, xüsusən də cəbhə bölgəsi ilə bağlı ən xırda detallara belə ciddi yanaşmağı tələb edir. Biz erməni kimi yaramazlara imkan və fürsət verməməliyik ki, onlar Silahlı Qüvvələrimizi zəiflətmək, gözdən salmaq üçün bəzi nadürüst və vicdansız ünsürlərdən istifadə etsinlər”.

Ekspert bildirib ki, məsələdən xəbərdar olan da, olmayan yoldaşlar da sosial şəbəkələrdə nə isə yazanda çox diqqətli və ehtiyatlı olsunlar: “Xoşagəlməyən, hamımıza təsir edən hadisədir, baş verib. Kimin kimlə nə ədavəti var, klaviatura arxasında ağlına və ağzına nə gəldi yazır. Hamınızın əsəblərini də, hisslərini də gözəl anlayıram. Amma, eyni zamanda, acizanə xahiş edirəm ki, yazdıqlarınızda son dərəcə korrekt və diqqətli olasınız.

Bir neçə məsələ ilə bağlı öz fikirlərimi bildirməyi vacib sayıram.

1. Əvvəla, belə hadisələr dünyanın əksər ölkələrinin özündə, ordularında olub, baş verir və yəqin ki, nə qədər insan övladı var, olacaq məsələlərdir. Hər şey ciddi nəzarət altındadır və 30-40 nəfər adam heç vaxt 100 minlik ordunun döyüş ruhuna və hazırlığına təsir edə bilməz.

2. Çoxları sual edirlər və özü də təhqiramiz şəkildə həbs edilənlərin adlarının çəkilməsini həm tələb edir, həm də az qala onları didib-parçalayacaqlarını yazırlar. Qardaşlar, həbs edilən şəxs hələ o anlama gəlmir ki, o tam günahkardır. Onun günahı yalnız və yalnız qanuni məhkəmə qərarı olandan sonra qüvvəyə minmiş məhkəmələrdən sonra bilinəcək. İndi kimisə həbs ediblərsə, bu o demək deyil ki, o artıq vətən xainidir. İnşallah, tez bir zamanda hər kəs dəqiqliklə biləcək ki, bu çirkin işin təşkilatçıları və icraçıları kim və ya kimlərdir? Ona görə də, gəlin biz həbs edilən hərbçilərin və mülki şəxslərin ailə üzvlərinin, doğmalarının vəziyyətini də başa düşək. Bəlkə sabah məhkəmə araşdırması zamanı ibtidai istintağın yazdıqlarının tam əksi olan məsələlər ortalığa çıxdı, onda nə olacaq? O qədər elə hallar olub ki, dünən həbs edilən şəxslər, bu gün həm hərbi xidmətlərini davam etdirirlər, həm bəziləri yüksək general-mayor, general-leytenant rütbələrindədirlər. Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin tonlarla ət məhsullarını, ərzaq və yanacaq materiallarını satmaqda günahlandırılan general rütbəli şəxslərinin adlarını açıqlaya bilərəm ki, bu adamlar keçmiş Milli Təhlükəsizlik Nazirliyinin “podvalında” da olublar və sonradan günahlarının olmaması müəyyənləşdiyindən sərbəst buraxılıblar.

3. Sonuncu dəfə, bəzi virtual sosial şəbəkə “qəhrəmanlarına” səslənirəm. Əvvala, öznüzə, silahlı qüvvələrimizə və dövlətimizə hörmət qoyun. Kompüter ekranı qarşısında çox şeylər asan görünə bilər. Amma, unutmayaq ki, biz rahat şəkildə evimizdə-eşiyimizdə, isti-sərin otaqlarda oturmuşuq, amma bizim övladlarımız, qardaşlarımız erməni-rus hərbi birləşmələrinin qarşısında ən sərt iqlim və hava şəraitində bütün cəbhə boyu xidmət keçirlər. Bu ordunun yaxşısı da, pisi də bizimdir. Biz də erməni deyilik ki, bizim əvəzimizdən hansısa başqa dövlətin əsgəri və ya zabiti gəlib bizim qeyrətimizi qorusun”.