Neçə il pensiya almaq mümkündür?

315

Azərbaycanda orta ömür müddəti ilə pensiya yaşı arasındakı fərq 12 ilə (gözlənilən pensiya ödənişi müddəti) bərabərdir. Pensiya yaşının artırılma səbəblərindən biri də məhz bu fərqin artmamasının qarşısını almaqdır. “Yeniavaz” xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlarda Azərbaycanda orta ömür müddətinin artdığı göstərilir. Elə bu səbəbdən də, gözlənilən pensiya ödənişi müddətinin 12 ildən çox olmaması üçün pensiya yaşının artırılmasına qərar verilib. Onu da qeyd edək ki, Beynəlxalq Səhiyyə Təşkilatının orta ömür müddəti ilə bağlı hazırladığı hesabata istinad etsək Azərbaycanda gözlənilən pensiya ödənişi müddətinin 9 ilə bərabər olduğu görünür.

Məlumat üçün bildiirək ki, Dövlət Statistika Komitəsi Azərbaycanda orta ömür müddətinin kişilərdə 72,7 yaş, qadınlar isə 77,6 yaş olduğunu, Beynəlxalq Səhiyyə Təşkilatı isə kişilərdə 67,5 yaş, qadınlar isə 73,7 yaş olduğunu bildirir.

Gözlənilən pensiya ödənişi müddətinin digər ölkələrdə hansı səviyyədə olduğunu hesablaya bilmək üçün Beynəlxalq Səhiyyə Təşkilatının açıqladığı rəqəmlərə istinad etdik. Hazırda dünyada ən uzunömürlü insanlar Yaponiyada yaşayırlar. Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, bu ölkədə orta ömür müddəti 84 ilə bərabərdir. Yaponiyada pensiya yaşının 60 yaş olduğunu nəzərə alsaq bu ölkədə gözlənilən pensiya ödənişi müddəti 23,2 ilə bərabərdir. Sinqapurda bu göstərici 20,6 ilə, Norveçdə 14,3 ilə, ABŞ-da isə 12,8 ilə bərabərdir. Region ölkələrinə gəldikdə isə qeyd edək ki, Ermənistanda gözlənilən pensiya ödənişi müddəti 11,5 ilə, Gürcüstanda 12 ilə, Rusiyada 12,2 ilə, Türkiyədə isə 15,8 ilə bərabərdir.