“Nazirlikdə hamı susur”

506

Bu günlərdə orta məktəbdə psixoloq işləyən S. Davudova “Yeniavaz.com” saytına müraciət ünvanlayıb. Şikayətçi bildirib ki, orta məktəblərdə psixoloq işləyənlərin maaşı azdır və onlardan bu maaşla yüksək nəticə gözləmək bir qədər real görünmür. Onun bildirdiyinə görə, məktəb direktorları və müavinləri ixtisasdan imtahan verəcəklər və yanvardan keçdikləri dərsə görə də maaşları artırılacaq. Ancaq psixoloqların sənədləri qəbul edilmir. Səbəb kimi isə Təhsil Nazirliyinin müvafiq qərarının olmaması əsas gətirilir. Müəllimə psixoloqların sənədlərinin qəbul edilməməsindən, onların imtahan olunub maaşlarının artırılmamasından şikayətçidir. Onu da bildirək ki, bu problemlə əlaqədar S. Davudova digər həmkarları ilə birlikdə Təhsil Nazirliyinə, Azərbaycan Prezidenti Administrasiyasına məktub yazıblar. Onlara verilən cavabın fotolarını da bu yazımızda paylaşacağıq. Mövcud problemin səbəbini və çıxış yollarını “Yeniavaz.com” saytına tanınmış təhsil eksperti Kamran Əsədov şərh edib, maraqlı təkliflər irəli sürüb…

– Kamran bəy, S. Davudovanın şikayəti ilə bağlı sizin də fikirlərinizi bilmək istərdik. Sual yaranır: orta məktəblərdə çalışan psixoloqlar niyə imtahan olunmur və imtahan verib maaşlarının artırılması onların da haqqı deyilmi?

– İlk növbədə qeyd edim ki, məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltmək və ailə-məktəb əməkdaşlığını kimi kompitensiyalarını təhlil etsək görərik ki, onların böyük əksəriyyəti işinin öhtəsindən gəlmir. Reallıq budur ki, bu gün məkətb psixoloqu ştatı ayın sonunda əmək haqqı almaqdan başqa bir funksiya yerinə yetirmir. Onların məktəb daxilində fəaliyyəti ancaq mktəb daxilində şəxsi münasbətlər zəminində informasiyaları məktəb direktoruna ötürmək, şagirdlərin dərsə davamiyyətini yoxlamaqdan ibrətdir.

Hesab edirəm ki, yaxın aylarda onların peşə fəaliyətinə aid baza əsasında formalaşmış imtahan olacaq. Xoşagəlməz hallardan biri də odur ki, məktəb psixoloqu kimi çalışan şəxslərin çoxunun bu sahə üzrə təhsili yoxdur. Yalnız qanunvericiliyin tələblərinə uyğun olaraq təhsili olanlar və imtahandan keçənlər bu vəzifədə saxlanılacaq və ondan sonra əməkhaqları qaldırılacaq.

– S. Davudova belə bir sual ünvanlayıb: görəsən, 160 manat maaşla orta təhsil sistemində müasir təhsilin yüksəliş özəyi olan psixoloji xidməti inkişaf etdirmək, balalarımızın psixoloji sağlamlıqları ilə bağlı problemlərini həll etmək və səmərəli pedaqoji-psixoloji tədris mühiti yaratmaq nə dərəcədə mümkündür?

– Bildiyimiz ki, Azərbaycan dövləti sosial sahəni prioritet elan edib. Prezidentin bu sərəncamı humanist addımdır. Neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, müəllimlərin maaşlarının artırılması hesabına müəllimlərimizin dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları 2 dəfə artırılacaq. Bu tədbir Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası sənədindən qaynaqlanır. Bu sənədə uyğun olaraq ötən ilin yayında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirlməsi həyata keçirilib. Bu sərəncam diaqnostik qiymətləndirməyə cəlb olunan müəllimlərə şamil olunacaq. Çünki onların bilik və bacarıqları yoxlanılıb. Məktəb psixoloqları da ilin sonuna qədər bu tipli imtahanlara cəlb olunacaqlar. Əlbəttə ki, məktəb psixoloqlarına verilən əməkhaqqı çox aşağı səviyyədədir. Amma əməkhaqqının azlığı işin keyfiyyətinə təsir göstərməməlidir. Çünki onlar bu vəzifəyə könüllü, öz istəkləri əsasında qəbul olunublar. Onlar alacaqları əməkhaqqını öncədən bilirdilər. Ona görə də düşünürəm ki, əməkhaqqı az olduuğu üçün aşağı keyfiyyətli xidmət göstərən psixoloqları ümumiyyətlə nəinki imtahanlara cəlb edib əməkhaqlarını artırmaq, onları birbaşa təhsil sistemindən uzaqlaşdırmaq lazımdır.

Əməkhaqqının azlığı camaatın övladının günahı deyil ki, buna görə ona keyfiyyətsiz xidmət göstərilsin. Əgər məktəb psixoloqu iş saatı ərzində təhsil müəssisəsindədirsə, onun vəzifə borcudur ki, şagirdlərə yüksək səviyyədə xidmət göstəsin. Onu özünü cəmiyyətə nümayiş etdirsin deyə o vəzifəyə qəbul etməyiblər.

– Sizcə, məktəb psixoloqlarının diaqnostik qiymətləndirməyə cəlb edilməsinə ehtiyac varmı? Cəlb olunmamaları hansı problemləri yaradır?

– Təhsildə psixoloji xidmətin yüksək əhəmiyyətə malik olduğunu söyləməyə bəlkə də ehtiyac yoxdur. Uşaqlarımız gündən-günə artan nəhəng informasiya sistemi ilə və gərgin gündəlik fəaliyyətlə üz-üzədir. Psixoloji xidmət bunu nəzərə alaraq, uşaqların sağlamlığı və səmərəli təhsilləri üçün yaradılır. Uşaqlar bu xidmət vasitəsilə ehtiyac duyduqları ilkin və davamlı psixoloji yardımı əldə edir, psixoloji məsləhətlər alırlar. Psixoloq görürlər, onlarla söhbət edirlər, heç kəslə paylaşa bilmədikləri problemlərini onlara deyirlər. Bundan əlavə, şagirdlər tədrisdə üzləşdikləri çətinliklər, yaddaş və mənimsəmə problemləri haqqında psixoloqu məlumatlandırır və ondan lazımi yardım alırlar. Bütün bunlar uşaq və yeniyetmələr üçün çox vacibdir. Çünki uşaqlıq və yeniyetməlik dövründə insanda dünyanı dərk etmək, sosial münasibət qurmaq və tədrisdə uğur qazanmaq kimi məsələlərdə ciddi psixoloji problemlər olur. Müasir dövrdə psixoloji xidmət ümumilikdə uşaq şəxsiyyətinin sağlam, hərtərəfli intellektual inkişafında və formalaşmasında əvəzsiz əhəmiyyətə malikdir.

Psixoloji xidmət həm də şagirdlərə psixoloji xidmətdən yararlanmaq, psixoloqla söhbətləşmək və psixoloji məsləhət almaq təcrübəsi qazandırır. Bu təcrübə onların daima işinə yarayacaq. Unutmayaq ki, durmadan genişlənən və mürəkkəbləşən informasiya sistemi psixoloji problemləri artırmaqdadır.

Məktəb psixoloqu bütün şagirdlərlə, valideynlərlə, xüsusi hallarda pedaqoji heyətlə də işləyən “rəhbər işçi” sayılır. Şagirdlərin əqli-psixoloji sağlamlığına məsuliyyət daşıyır, nəticədə dərs ilinin sonunda onların sinifdən-sinfə keçirilməsini şəxsi işlərdə öz imzası ilə təsdiqləyir. Bundan əlavə, məktəb psixoloqları 1-ci sinfə qəbulla bağlı yaradılan psixoloji-tibbi-pedaqoji komissiyanın üzvüdür. Ona görə də, əksər məktəbdə psixoloqlar məktəb direktorlarının yaxın köməkçiləri kimi fəaliyyət göstərir.

Ona görə də düşünürəm ki, məktəb psixoloqları mütləq şəkildə imtahanlara cəlb olunmalı, onların bilik və bacarıqları yoxlanılmalıdır.

– Təhsil Nazirliyi tərəfindən məktəb psixoloqları ilə bağlı başqa hansı addımların atılmasına ehtiyac var?

– Çoxlu müraciətə və irada baxmayaraq, Təhsil Nazirliyi bu sahədə heç bir irəliləyişə nail olmayıb. Səbəblər isə məlum deyil, anlaşılmazdır və müəmmalıdır. Nəticədə şagirdlərin az hissəsini əhatə edən proqramlar, layihələr həyata keçirilir, onlara milyonlar sərf olunur. Bütün ailələri, hamımızı narahat edən, bütün şagirdlərin sağlamlığını, səmərəli təhsilini və intellektual inkişafını əhatə edən psixoloji xidmət isə qıraqda qalıb.

2013-cü ildən təhsildə psixoloji xidmətə və məktəb psixoloqlarına qarşı anlaşılmaz və ədalətsiz yanaşma formalaşıb. Həmin ilin yayında heç bir xəbərdarlıq edilmədən və qanuni səbəb göstərilmədən məktəb psixoloqlarının əməkhaqqı dərəcəsi aşağı salınaraq 12-yə endirilib. Hələ bu, başlanğıc imiş.

Sonralar Təhsil Nazirliyi diaqnostik qiymətləndirmədən keçmiş məktəblərdə psixoloqların əməkhaqqını müəllimlərin əməkhaqqından iki dəfə aşağı salıb, beləliklə, psixoloqların fəaliyyətini, psixoloji xidmət sahəsində uzun illər və böyük zəhmət hesabına görülmüş işlərin inkişafını əngəlləyib. Məktəb laborantlarını müsabiqə yolu ilə, zəruri ixtisas sahibləri olan ali təhsilli məktəb psixoloqlarını isə müsabiqəsiz, texniki işçi kimi işə qəbul etməklə Təhsil Nazirliyi psixoloji xidmət sahəsində baza təhsilli professional kadrların işləməsinin qarşısını alıb. Belə vəziyyətdə texniki işçi səviyyəsinə düşən, ixtisasını isə yalnız ali təhsillə əldə edən məktəb psixoloqu necə aktiv və vicdanlı fəaliyyət göstərə bilər?! Şübhəsiz, bu, müasir təhsil sistemində normal olmayan gülünc vəziyyətdir.

Psixoloji xidmət inkişaf edəndə digər təhsil layihələrinin də inkişafına şərait yaranır. Məsələn, inklüziv təhsili hamımız alqışlayırıq, amma onu da bilmək lazımdır ki, psixoloji xidməti inkişaf etdirmədən loqopedik (defektoloji) xidməti formalaşdırmaq, əqli və fiziki məhdudiyyətli uşaqlara normal təhsil vermək mümkün deyil. Çünki bu tipli şagirdlərin, uşaqların həm də psixoloji problemləri olur və onlara daimi psixoloq nəzarəti gərəkdir. Loqopedik və əqli problemlərin əksərinin kökündə elə psixoloji və psixonevroloji problemlər durur.

Psixoloji xidmət bütün şagirdləri əhatə edən, tədrisin, tərbiyənin səmərəliliyinə, şagirdlərin əqli və fiziki inkişafına yönələn ümumi xidmətdir, inklüziv təhsil isə çox az sayda şagirdi əhatə edən xüsusi xidmətdir. Artıq bu təhsili həyata keçirən defektoloq müəllimlər də psixoloqlardan iki dəfə çox əməkhaqqı alırlar. Təhsildə fundamental ümumi xidmətləri nəzərə almadan xüsusi xidmətlərin və layihələrin hesabına perspektivli nailiyyətlər əldə etmək mümkün deyil. Çünki təhsil sistemi yeni yaradılan biznes layihəsi və özəl şirkət deyil, fundamental sahədir.

2013-cü ildən hazırlanması vəd olunan təhsildə psixoloji xidmət haqqında yeni əsasnamədən heç bir xəbər yoxdur. Məktəb psixoloqları primitiv təlimatlarla və proqramlarla belə təchiz olunmurlar. Təhsildə psixoloji xidməti istiqamətləndirən müasir proqramlar, şagirdlərlə psixoloji işlərin reallaşdırılması barədə təlimatlar hazırlanmır, pedaqoji-psixoloji layihələr və tədbirlər həyata keçirilmir. Məktəb psixoloqlarının attestasiyası və diaqnostik qiymətləndirilməsi aparılmır.

Təhsil naziri müxtəlif tədbirlərdə, təhsilin inkişafı ilə bağlı çıxışlarında bir dəfə də olsun “təhsildə psixoloji xidmət”in adını tutmayıb. Çox qəribədir, müasir təhsilin perspektivinə əhəmiyyətli dərəcədə təsir edən, şagirdlərin sağlam davranışını, əqli və fiziki inkişafını tənzimləyən və xalqın gələcək sağlamlığını əsaslandıran psixoloji xidmət haqqında kim danışacaq, bu sahənin inkişafı ilə bağlı tapşırıqları kim verəcək?! Niyə müasir təhsildə inkişafın ana xətti sayılan psixoloji xidmət haqqında Təhsil Nazirliyində hamı susur?

Ümumiyyətlə, orta ümumtəhsil sistemimizdə xüsusi mənəvi dəyərləri əhatə edən pedaqoji-psixoloji işlər ürəkaçan səviyyədə deyil. Halbuki müasir siyasi-iqtisadi və hərbi şəraitdə milli-mənəvi və milli-psixoloji dəyərləndirmələr üçün pedaqoji-psixoloji işlərin aparılması, layihələrin həyata keçirilməsi vacibdir. Təhsil Nazirliyinin rəsmiləri də dəfələrlə qeyd edirlər ki, onlar dövlət başçısının tapşırığına əsasən təhsildə müasir fərdi xüsusiyyətlərə və dəyərlərə sahib olan yeni vətəndaş formalaşdırmaq istəyirlər. Şəxsiyyət problemini əsasən psixologiya elmi öyrənir, belə olan halda orta ümumtəhsil sistemində yeni dəyərlərə malik şəxsiyyətin formalaşmasında məktəb psixoloqundan əhəmiyyətli vəzifə ola bilərmi?

Son dövrlər mətbuatda orta təhsil məktəblərində psixoloqların yarıtmaz fəaliyyəti ilə bağlı fikirlər səsləndirilir və bəzi psixoloqların bu vəzifəni ixtisasdəyişmə nəticəsində tutmasına irad bildirilir. Bu fikirləri səsləndirən, əslində isə problemin mahiyyətindən xəbəri olmayan şəxslər guya psixoloji xidmət dərdi çəkirlər. Halbuki iradlar birbaşa bu sahəni idarə edən Təhsil Nazirliyinə ünvanlanmalıdır. Qaldı ki ixtisasdəyişməyə, bu proses təhsil sistemində qanuni haldır. Məsələn, rus dili müəllimlərinin əksəriyyəti məcburi və uğursuz şəkildə öz ixtisaslarını dəyişərək informatika “müəllimlərinə” çevriliblər və məktəb psixoloqlarından da iki dəfə çox əməkhaqqı alırlar. Psixoloji xidmətdə isə ixtisasdəyişmənin özü də vaxtilə psixoloq ştatlarının boş qalmamasına və bu sahənin inkişafına xidmət edib. Şübhəsiz, getdikcə orta ümumtəhsil məktəblərində baza təhsilli psixoloqların sayı artacaq və bu sahədə kadr potensialı yüksələcək. Amma bu iş mətbuatda məntiqsiz irad və mülahizələrlə inkişaf etdirilə bilməz. Bu işlə cavabdeh hökumət təşkilatı olan Təhsil Nazirliyi məşğul olmalı və sözügedən sahəni inkişaf etdirməlidir. Heç olmasa Rusiyada olduğu qədər.

– Dünya təhsil sistemində də məktəb psixoloqları orta məktəb müəllimlərindən fərləndirilirmi?

– Psixoloji xidmət XIX əsrin sonlarında Avropada və Amerikada yaranmağa başlayıb. Elə yarandığı vaxtdan onun ən çox tətbiq olunduğu sahələrdən biri təhsildə psixoloji xidmətdir. Təhsildə psixoloji xidmət ilk dəfə 1898-ci ildə Amerikanın Detroyt şəhərindəki orta məktəbdə həyata keçirilib.

20 ildən çoxdur müstəqilliyə çıxmış keçmiş sovet respublikalarında psixoloji xidmətlərə xüsusi diqqət yetirilir. Rusiyanın Təhsil və Elm Nazirliyində 1995-ci ildən psixoloji xidmət şöbəsi fəaliyyət göstərir. Azərbaycanın Təhsil Nazirliyində isə hələ də belə bir şöbə yoxdur.

Amerikada və Avropada məktəb psixoloqlarını həmin ölkələrin psixoloqlar assosiasiyaları və xüsusi tədqiqat mərkəzləri təlimatlarla, proqramlarla və lazım olan iş vəsaitləri ilə təmin edir. Bu ölkələrdə məktəb psixoloqları vacib, populyar ixtisas sahibi sayılır, onların 30-35%-nin doktorluq elmi dərəcəsi var və müəllimlərdən də yüksək əməkhaqqı alırlar. Azərbaycanda isə diaqnostik qiymətləndirmədən keçmiş məktəblərdə psixoloqlar müəllimlərdən, hətta orta ixtisas təhsilli (texnikum təhsilli) ibtidai sinif müəllimlərindən də iki dəfə az əməkhaqqı alırlar.

Azərbaycanda bütün orta ümumtəhsil müəssisələrində (uşaq bağçalarında, müxtəlif tipli məktəblərdə, internatlarda və s.) psixoloji xidmət var. “Təhsildə psixoloji xidmət haqqında” əsasnamə də hazırlanıb. Özəl orta ümumtəhsil məktəblərində xüsusi psixologiya kabinetləri və psixoloqlar qrupu fəaliyyət göstərir. Onlar həm də lazım olan təlimat və texniki vasitələrlə təchiz olunublar. Əsasən sadə vətəndaşların uşaqlarının oxuduğu dövlət orta ümumtəhsil müəssisələrində isə şagirdlərin sayından asılı olmayaraq yalnız bir psixoloq xidmət göstərir və o da heç bir təlimatla, proqramla və texniki vasitələrlə təchiz olunmur. Belə məktəblərdə psixoloqların çoxunun kabinetləri də yoxdur.

“Azərbaycan müəllimi” qəzetində oxuyuruq: “Rusiya məktəblərində psixoloji təlimə və pedaqoji-psixoloji problemlərə diqqət gücləndirilib. Artıq ümumtəhsil məktəblərində işləyən bütün müəllimlər ali məktəbdə aldıqları ixtisasdan asılı olmayaraq icbari qaydada psixologiyanı yenidən öyrənməli olacaqlar. Məsələnin ciddiliyini nəzərə alaraq paytaxt Moskva və digər şəhərlərdə məktəb psixoloqlarının ixtisasının artırılması nəzərdə tutulub. Onlar orta ümumtəhsil məktəblərində psixologiya dərsləri də tədris edəcəklər” (28 fevral 2014-cü il).

Müqayisəni Amerika və Avropa ilə aparmağa isə, məlum məsələdir ki, dəyməz. Amma öz təhsilimizi heç olmasa Rusiya və başqa MDB dövlətləri qədər inkişaf etdirməyə borcluyuq. Bütün dünyada təhsilin inkişafı psixoloji xidmətin inkişafı ilə paralel aparılır. Burada alternativ yoxdur. Varsa, qeyri-adekvat yoldur və təhsilin inkişafına məntiqsiz, perspektivsiz cəhddən savayı bir şey deyil.

Azərbaycanda bütün şagirdlərlə işləyən, şagird şəxsiyyətinin sağlam, hərtərəfli formalaşmasında, əqli və fiziki inkişafında mühüm rol oynayan, hər il 500, hətta 2000 nəfərədək şagirdi yoxlayıb şəxsi işlərində rəsmi imzası ilə onları sinifdən-sinfə keçirən, hər il yüzlərlə şagirdin birinci sinfə qəbulunda öz imzası ilə iştirak edən məktəb psixoloqu, ümumiyyətlə, təhsildə psixoloji xidmət sahəsi dövlət qayğısından və nəzarətindən kənarda qalıb, üstəlik, diaqnostik qiymətləndirmədən keçmiş məktəblərdə psixoloqlar müəllimdən, hətta “texnikum” təhsilli ibtidai sinif müəllimindən də iki dəfə az əməkhaqqı alırlar.

Nicat