“Nazirlik mal-materialın qiymətini şişirirdisə…”

461

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) sabiq baş direktoru Beytulla Hüseynovun ibtidai istintaqa verdiyi ifadə bir çox mətləblərə aydınlıq gətirdi. Beytulla Hüseynov dindirilərkən deyib ki, 2009-2015-ci illərdə nazirliyin rəhbərliyi tərəfindən ona BTRİB üzrə aparılan təmir-tikinti işləri və alınan mal-materiallar üzrə qiymətlərin 20-25 faiz artırılıb əldə olunan vəsaitlərin 80 faizinin nazirliyə verilməsi barədə tapşırıq verilib. B. Hüseynov vurğulayıb ki, həmin göstərişin icrasını təmin etmək məqsədilə BTRİB və onun struktur bölmələri tərəfindən görülən işlər və alınan mal-materiallar üzrə qiymətlərin 20-25 faiz artırılması barədə telefon qovşaqlarının rəhbərlərinə və iş görən təşkilat kimi “Bakı Rabitə Tikinti Təmir” MMC-nin direktoru Bayram Vəliyevə və “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədova göstəriş verib, sonuncular da onun göstərişini icra edərək görülən işlərin, alınan mal-materialların qiymətlərini 20-25 faiz artırıb, əldə olunan vəsaitin 5 faizini telefon qovşaqlarının rəislərinə, 5 faizini qovşaqların baş mühasibi və baş mühəndisilərinə verib, mal-material xərcini, əmək haqqı xərclərinı çıxdıqdan sonra qalan vəsaiti onun göstərişi ilə birliyin baş mühasibi Anar Mustafayevə verib. O, ifadəsində vurğulayıb ki, keçmiş nazir Əli Abbasovun tapşırığı əsasında birliyin baş mühasibi A. Mustafayev hər ayın sonunda görülən işlər və alınan mal-materiallar üzrə qiymətlərin artırılması ilə əldə olunan vəsaitlər barədə nazirliyin yüksək vəzifəli şəxsinə məlumat verib.

O, ifadəsində göstərib ki, qiymətlərin artırılması ilə əldə etdiyi vəsaitdən nazirliyin rəhbər şəxsinə verdiyi hissəsindən sonra qalan vəsaitdən birliyin baş mühasibi A. Mustafayevə ayda “konvert” olaraq 7000 manat, “Bakı Rabitə Tikinti Təmir” MMC-nin direktoru B. Vəliyevə “konvert” şəklində 1500 manat, birliyin əməkdaşlarına – şöbə rəislərinə “konvert” olaraq ayda 500-700 manat olmaqla qeyd olunan dövr ərzində ümumilikdə hər ayda 4000-5000 manat, nazir müavini İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat pul verib. O, B. Vəliyev və E. Məmmədovun vasitəsi ilə vergi orqanları əməkdaşlarına 11 milyon manat pul verdiyini, qiymətlərin artırılması ilə əldə etdiyi vəsaitdən şəxsən özünə hər ay 25-30 min manat olmaqla ümumilikdə 1 milyon 200 min manat pul qaldığını, həmin pulu da şəxsi ehtiyaclarına sərf etdiyini bildirib.

“Mal-materiallar üzrə qiymətlər şişirilirdisə…”

Beytulla Hüseynovun bu açıqlaması ortaya belə bir sual çıxarır – əgər bir dövlət qurumunda görülən işlərin həcmi bu qədər şişirilirdisə, mal-materiallar üzrə qiymətlər artırılırdısa, bəs digər dövlət qurumları bu işə niyə nəzarət etməyiblər? Mal-materiallar üzrə qiymətlər şişirilibsə, görülən işə nəzarət edən başqa dövlət təşkilatları hara baxırdılar?

Əslində mövzu çox maraqlı və aktualdır. Ancaq nədənsə, bu mövzu ilə bağlı müraciət etdiyimiz ekspertlərin bəziləri bu barədə danışmaq istəmədilər. Sabiq millət vəkili Nazim Məmmədovun Beytulla Hüseynovun istintaqa verdiyi ifadəyə şərhi belə oldu: “Tenderi təyin edən dövlət qurumunun özünün tikintiyə nəzarət şöbəsi var. Adətən, bu işləri dövlət qurumları özləri aparmır, tender vasitəsilə hansısa bir şirkətə verilir. Yəni bu işləri özəl şirkətlər həyata keçirir. Özəl şirkətlər elan olunmuş tenderdə iştirak eləyir və qazanırlar. Ancaq bu işlərin əksəriyyəti öncədən razılaşıdırlırdı”.

“Qarşılıqlı anlaşmalar olub”

Nazim Məmmədov ehtimal edir ki, mal-materialın qiymətindəki şişirtmə əslində Beytulla Hüseynovun dediyindən də çox ola bilərdi: “Orada qiymətlərdəki şişirtmə 20-25 faiz yox, daha yüksək faizdən gedə bilər söhbət. Məncə, daha ciddi artırmalar, şişirtmələr mövcud idi. Bu isə mənimsəmə xarakteri daşıyırdı. Həmin dövrdə bu işlərə nəzarət eləyən Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi adlı qurum var idi. İkincisi, əgər bu iş dövlət büdcəsi vəsaiti hesabına aparılıbsa və qiyməti, dəyəri 50 min manatdan yuxarıdırsa, qanunvericiliklə həmin tenderin açıq hərracı olmalıdır. Əgər dövlətin vəsaiti – büdcə hesabına aparılıbsa, Maliyyə Nazirliyi, Hesablama Palatası və digər qurumlar buna nəzarət edə bilərdilər, etməli idilər. Əgər bunu etməyiblərsə, deməli, burada qarşılıqlı anlaşmalar ola bilərdi. Yəni yoxlayıcı orqanlarla qiyməti şişirdənlər arasında razılaşma. Mənim fikrimcə, problemin səbəbi budur”.

Millət vəkili Fəzail İbrahimli sualımızı dinlədikdən sonra mövzuya münasibət bildirmək istəmədiyini dedi: “Mənim ixtisasım tarixçidir, mən siyasi yönümdə məsələləri daha düzgün izah edə bilərəm. Amma qanun pozulubsa, qanunun pozulması üzrə maddələr var. Hər bir kəs pozduğu maddələr üzrə cəzasını almalıdır. Məsələnin fəlsəfəsi budur. Əlavə şərh vermək istəmirəm”.

“Elə bilirdim ki, bizdən pis yollar heç yerdə yoxdur”

Millət vəkili Araz Əlizadə mövzuya hər hansı şərh vermək istəmədiyini söylədi: “Korrupsiya və bu məsələlərlə əlaqədar istintaq orqanlarına müraciət eləyin. Nə verəndə görmüşəm, nə də alanda görmüşəm. Mətbuatın yazdığına isə şərh vermək fikrində deyiləm”.

Dövlət qurumlarının gördükləri işin keyfiyyətinə gəlincə, Araz Əlizadə: “Mən əvvəl elə bilirdim ki, bizdən pis yollar heç yerdə yoxdur. Keçən il ABŞ-da olandan sonra mən gördüm ki, Nyu-Yorkun yolları nə qədər bərbad vəziyyətdədir, Bakının yollarına şükür elədim. Mən tez-tez sükan arxasında oluram və Azərbaycan yolları içərisində məni ən çox Şamaxıdan İsmayıllıya gedən yol narahat eləyir. Bir də narahatam ki, Bakı-Astara yolunu 30 ilə yaxındır çəkib bitirə bilmirlər. Astara yolu niyə yekunlaşmır, bilmirəm. Bu, mənim işim deyil. Mən burada istehlakçı kimi sözümü deyirəm. 30 ilə lazım olsaydı, Bakıdan Ayacan yol çəkmək mümkün idi. Gəncə yolu əla, Şamaxıya qədər yol əla, Şəki və s. yollar əladır. Əvvəllər əgər bizdə yollar çox bərbad vəziyyətdə idisə, indi bir sürücü kimi şikayətim yoxdur. Siyasətçi kimi mən yollar haqqında heç nə deyə bilmərəm, amma sürücü kimi deyə bilərəm. Bir yol çəkilirsə, sonra başqa bir qurum gəlib qazıb başqa bir iş görürsə, bu, koordinasiya problemidir. Bunu yol çəkən qurumla sonradan iş görən qurum öz aralarında əvvəlcədən müzakirə etməli idilər. Bunlar koordinasiya məsələləridir. Bu, ümumi idarəçilik sistemi ilə bağlı olan məsələdir. Bir ara dövlət qurumları arasında əlaqələndirici qurumun yaradılması gündəmə gəlmişdi. Əgər əlaqələndirici qurum olacaqdısa, yeni məmurlar ortaya çıxacaqdı. Siz jurnalistlər də yazacaqdınız ki, nə qədər məmur törəyir”.

Nicat İntiqam