NATO Rusiya təhlükəsinə qarşı üzvlərinin sayını artıracaq

788
Rusiyanın Krımı işğal etməsindən sonra NATO yenidən Avropanın əsas təhlükəsizlik sipəri kimi çıxış etməyə başlayıb.
 Bu müstəvidə də quruma yeni üzvlərin qəbulu ilə bağlı məsələ yenidən gündəmə gəlib. Belə ki, NATO Xarici İşlər Nazirləri Toplantısının ötən gün keçirilən iclasında quruma üzv dövlət başçılarının növbəti zirvə görüşünə hazırlıq prosesinin gedişi və Ukraynada baş verənlər müzakirə olunub. Nazirlər Ukraynada baş verənlərlə əlaqədar əməkdaşlığın təxirə salındığı Rusiya ilə bağlı məsələni də nəzərdən keçiriblər. Onlar Rusiyanın Krımı işğal etməsini və  Moskva tərəfindən Ukraynanın şərqində separatçılara hərbi yardım göstərilməsini pisləyərək Ukraynanın ərazi bütövlüyününm pozulmasının yolverilməz olduğunu və bunun quruma üzv ölkələr tərəfindən qəbul edilməyəcəyini vurğulayıblar.

Bundan əlavə görüşdə Əfqanıstandakı mövcud vəziyyət və orada gələcəkdə aparılacaq əməliyyatlar, qoşunların çıxarılması və digər məsələlər də əsas müzakirə obyektləri olub.

NATO-nun yenidən Avropada çevik siyasət yeridəcəyini xüsusi qeyd edən NATO-nun baş katibi Rasmussen isə qurumun genişlənə biləcəyini vurğulayıb. Bununla bağlı NATO Xarici İşlər Nazirləri yığıncağında çıxış edən Rasmussen, açıq qapı siyasətindən və İttifaqa qoşulma niyyəti olan dörd ölkədən danışıb.

NATO-nun baş katibi: “NATO-nun qapıları açıq olaraq qalır və heç bir üçüncü ölkə NATO-nun genişləməsi üzərində vetoya sahib deyil”, – deyə açıqlama verib.

O deyib ki, Gürcüstan, Bosniya və Herseqovina, Makedoniya və Çernoqoriya NATO üzvü olmaq istəyən ölkələrdir: “Rusiya isə NATO-nun hər cür genişləmə addımını, xüsusilə də sərhədlərinə yaxın bölgələr söz mövzusu olduğunda özünə qarşı atılmış bir addım və zamanla da təhlükə olaraq görür”.

Genişləmənin həm ona üzv olacaq ölkələr, həm də NATO baxımından yaxşı nəticələr verəcəyini söyləyən Rasmussen 4-5 sentyabrda Uelsdə keçiriləcək NATO sammitində bu məsələnin müzakirə  ediləcəyini bildirib. O, çıxışında: “Quruma üzv olmaq istəyən ölkələrə qapıdan keçmələri üçün ehtiyacları olan dəstəyi verəcəyik”, – deyə 4 aktiv NATO üzvü olmaq istəyən ölkələrin bu quruma üzvlüyünə yaşıl işıq yandırıldığına diqqəti cəlb edib.

İclasda ortaq müdafiə xəttini gücləndirilməsi məqsədiylə alınacaq tədbirlərin nəzərdən keçiriləcəyini ifadə edən Rasmussen, “Uels Zirvəsi təhlükəsizlik baxımından kritik bir mərhələdə Şərqi Avropa və Orta şərqdən köhnə və yeni təhdidlərlə qarşı-qarşıya olduğumuz bir dövrdə edilir”, – deyə bildirdi.