NATO Rusiya ətrafında mühasirə halqasını daraldır

572

 

Əziz Mustafa
Rusiyanın hərbi gücünü ildən-ilə artırmaqda davam etməsi və Qərb üçün yenidən qorxulu təhlükə mənbəyinə çevrilməsi başda ABŞ olmaqla, Qərb ölkələrini ciddi şəkildə narahat etməkdədir. Bu müstəvidə də Rusiyadan gələn təhlükəyə qarşı cavab tədbirləri həyata keçirən NATO Polşa və Pribaltika ölkələrində əlavə hərbi qüvvələr yerləşdirməyi planlaşdırıb. Bu barədə məlumat verən ABŞ Müdafiə nazirinin müavini Robert Uorkun sözlərinə görə, Polşa və Pribaltika ölkələrində əlavə hərbi qüvvələr yerləşdirilməsi Rusiyadan adıçəkilən ölkələrə gələn təhlükənin ildən-ilə artması ilə bağlıdır. Robert Uork: “ABŞ özünün NATO üzrə müttəfiqləri olan Almaniya və Böyük Britaniya ilə birgə Pribaltika ölkələrinə və Polşaya sayı 4 min nəfər olacaq 4 batalyon göndərəcək”,-deyib.
Bununla bağlı “The Wall Street Journal”ın yazdığına görə, 4 batalyondan ikisi ABŞ, ikisi isə Almaniya və Böyük Britaniya hərbçilərindən ibarət olacaq. Uork xatırladıb ki, son illərdə Rusiya Litva, latviya və Estoniya sərhədlərində qəfildən çoxsaylı hərbi təlimlər keçirir: “Belə vəziyyət isə ABŞ-ı narahat etməyə bilməz. ABŞ NATO üzrə müttəfiqlərinin təhlükəsizliyini müdafiə etməyə borcludur və bununla bağlı müvafiq öhdəliklərimiz var”.
Xatırladaq ki, hələ ötən ay Uork bəyan etmişdi ki, Pentaqon daimi əsasda özünün Şərq sərhədlərində əlavə hərbi qüvvələr yerləşdirmək niyyətindədir. Bu müstəvidə də o, Polşa və Pribaltika ölkələrində 4,2 min nəfər canlı qüvvə, 250 ədəd zirehli texnika, o cümlədən “Paladin” tipli qaubitsa və “PDM Bradley”lərin yerləşdiriləcəyini istisna etmədiyini söyləmişdi. Buna paralel olaraq, ABŞ Müdafiə nazirinin müavini bölgəyə “Humvee” tipli 1750 ədəd yüngül zirehli texnika göndəriləcəyini də vurğulayıb. Qeyd edək ki, hələ 2014-cü ilin fevral ayının 10-da keçirilən NATO sammitində “XXI əsrin müdafiəsi, düşmən hücumunun qarşısının alınması” proqramı çərçivəsində bölgə ölkələrinin təhlükəsizliyini təmin etmək üçün əlavə hərbi qüvvələr yerləşdirilməsi barədə qərar qəbul etmişdilər. Lakin bu proqramda nəzərdə tutulanların həyata keçirilməsinin ləngidilməsi Polşa və Pribaltika ölkələrində narazılıqla qarşılanmışdı. Xüsusilə Rusiyanın Krımı işğal edərək Donbasda və Luqanskda qondarma qurumlar yaradaraq oradakı separatçılara hərbi yardımlar etməsi Polşa və Pribaltikada xüsusi təşvişlə qarşılandı. Ona görə də bu ilin iyul ayında Varşavada keçiriləcək NATO sammiti ərəfəsində adıçəkilən proqramın həyata keçirilməsi istiqamətində, nəhayət ki, müvafiq addımlar atılmağa başlanıb.

Moskva Qərbi günahlandırır
NATO-nun Şərqdə yenidən hərbi baxımdan fəallaşması Rusiyada özünəməxsus şəkildə əks-səda verməkdədir. Təsadüfi deyil ki, Rusiya Xarici İşlər Nazirliyinin silahlar üzərində nəzarət və onun yayılmasının qarşısının alınması departamentinin direktoru Mixail Ulyanov deyib ki, NATO-nun ölkəmizin sərhədləri yaxınlığında fəallaşması beynəlxalq hüquq normalarının pozulması və bununla bağlı tərəflər arasında imzalanan müvafiq anlaşmaların tapdalanması anlamına gəlir. Mixail Ulyanov xatırladıb ki, 1997-ci ildə Rusiya ilə NATO arasında hərbi qarşıdurmadan çəkinməni nəzərdə tutan və Rusiyanın sərhədləri yaxınlığında Şimali Atlantika Paktı qüvvələrinin yerləşdirilməməsi barədə anlaşma imzalanıb. Amma son hadisələr göstərir ki, NATO artıq bu anlaşmalara əməl etmək niyyətində deyil”,-deyib.
Öz növbəsində, aprelin 27-də Moskvada keçirilən beynəlxalq təhlükəsizlik konfransında Rusiya Müdafiə naziri Sergey Şoyqu Qərbin müxtəlif bəhanələrlə Rusiyanın sərhədləri yaxınlığında əlavə hərbi qüvvələr yerləşdirmə siyasətini həyata keçirməkdə günahlandırmışdı. Şoyqu Qərbi Rusiyanın sərhədləri yaxınlığında hərbi güc nümayiş etdrmə siyasətinə son qoymağa çağırmışdı. Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə ABŞ-ın və Qərbin hərbi güc nümayiş etdirməklə Rusiyanı guya şantaj etdiyini iddia etmişdi. Halbuki NATO-nun Rusiyanın sərhədləri yaxınlığında yenidən fəallaşmasının arxasında Kreml tərəfindən, əvvəlcə, Gürcüstan, sonra isə Ukrayna ərazilərinin bir hissəsinin işğal edilməsinin dayandığı heç kimə sirr deyil. Digər tərəfdən də, Rusiyanın Suriyada hərbi hava əməliyyatlarını həyata keçirməklə Qərbə qarşı yeni savaş açması da Qərb-Şərq münasibətlərinin yenidən gərginləşməsində katalizator rolunu oynadı.

Rusiya itirdiklərini
geri qaytarmaq istəyir
Rusiya ilə Qərb arasında davam etməkdə olan gərginlik tərəflərin bir-birlərini ittiham etməsi ilə müşayiət olunmaqdadır. Belə ki, ötən gün NATO-nun Avropadakı Birləşmiş Komandanlığının rəisi, general Filip Bridlav deyib ki, Rusiya “soyuq müharibə” başa çatandan sonra dünyanın yenidən bölüşdürülməsinə baxılmasını və bununla bağlı özünün keçmişdəki hərbi təsir dairələrinin bərpa edilməsinə baxılmasını istəyir. Filip Bridlav: “Soyuq müharibə qurtardı, divarlar uçdu, Sovet İttifaqı dağıldı. Təbii ki, Rusiyanın nəzər nöqtəsinə görə, qaydalara yenidən baxılmalı və bu qaydalar yenidən qurulmalıdır. Belə bir iddia isə Avropa dövlətlərinin, o cümlədən Rusiyanın qonşusu olan müstəqil ölkələrin müstəqilliyini şübhə altına alıb”,-deyib.
Onun sözlərinə görə, Rusiya mövcud qaydaların pozulmasında maraqlı deyil, çünki onların necə yenidən yazılmasına əhəmiyyət vermir. Sadəcə olaraq, onların yenidən yazılmasını istəyir. İki ölkə arasında son günlərdə əmələ gələn gərginliklərdən biri də Rusiya hərbi təyyarələrinin Baltik dənizindəki ABŞ-ın hərbi obyektlərinin üzərində təhlükəli uçuşlar həyata keçirməsidir. Bununla bağlı açıqlama verən ABŞ hərbi dəniz əməliyyatlarının komandanı admiral Con Riçardson “Azadlıq” radiosuna açıqlamasında deyib ki,
Rusiya təyyarələrinin ABŞ-ın hərbi obyektlərinə yaxınlaşması “səhv” riskini artırır. Amerikalı admiral Rusiya qırıcılarının “səhvən” vurula biləcəyini bildirib: “Ümid edirəm ki, biz Rusiya qırıcılarının hərəkətlərini dayandıra biləcəyik. Bu, regionda ümumi gərginliyi artırır. Düşünürəm ki, onlar siqnal göndərmək istəyirlər”.
Xatırladaq ki, aprelin 29-da Rusiyanın “SU-27” təyyarəsi Baltik dənizində Amerika təyyarəsinin 30 metrliyindən uçub. Aprelin 13-də isə Rusiya qırıcıları Baltik dənizində olan “Donald Cook” Amerika esminesinin uzərindən uçuşlar həyata keçiriblər. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hadisələri “təhlükəli və qeyri-peşəkar” adlandırıb. Moskvadan isə bildiriblər ki, ABŞ-ın özü təyyarə və gəmilərini Rusiyanın sərhədlərinə yönəldərək Rusiya hərbçilərini təhrik edir.

Birgə hərbi təlimlər
təhlükəsizlik səddidir
Rusiyadan gələn təhlükəyə qarşı Qərb ölkələri öz müttəfiqlərinin müdafiəsi məqsədi ilə son illərdə çoxsaylı birgə hərbi təlimlər keçirirlər. Hərbi təlimlər zamanı qarşı tərəfdən gələn təhlükənin qarşısının alınmasına xidmət edən müxtəlif hərbi taktikalar sınaqdan çıxarılır. İlk baxışdan bu hərbi təlimlərdə canlı hərbi qüvvə və müxtəliftəyinatlı döyüş texnikasının sayının az olması çoxsaylı suallar ortaya çıxarır. Bununla belə hərbi ekspertlər belə hərbi təlimləri düşmən tərəfinin hücumunun qarşısının alınmasına xidmət edən kiçik döyüş modeli hesab edirlər. Belə bir fikir vurğulanır ki, birgə hərbi təlimlərin azsaylı olmasına baxmayaraq, bu sahədə təcrübə əldə edilir. Bu da gələcəkdə düşmən hücumlarının qarşısının alınması zamanı daha iri hərbi əməliyyatların həyata keçirilməsinə imkan verəcək.
Bu müstəvidə də ötən gün Estoniyada 6 min hərbçinin iştirakilə başlayan NATO-nun “Spring storm” təlimləri diqqəti cəlb edib. Təlimlərdə ABŞ, Almaniya, Böyük Britaniya və Niderland daxil olmaqla, alyansa üzv 10 ölkənin hərbçiləri iştirak edirlər. Hərbi təlimlər Rusiya sərhədlərinə yaxın Pılvamaa, Tartumaa və Vırumaa bölgələrini əhatə edir. Mayın 19-dək davam edəcək təlimlərə həmçinin Polşadan “SU-22” qırıcı-bombardmançı təyyarələri, ABŞ-dan isə “F-15” qırıcıları, “CH-47 Chinook” hərbi-nəqliyyat helikopterləri və özündə həm təyyarənin, həm də vertolyotun xüsusiyyətlərini birləşdirən “Bell V-22 Osprey” konvertoplanları cəlb edilib.
Bu gün isə Moldovada “Dragon Pioneer-2016” adlı ABŞ-Moldova birgə hərbi təlimləri başlayacaq. Mayın 20-nə kimi davam edəcək hərbi təlimlərdə hərbi hava quru qoşunlarının minaaxtaranlar alayları iştirak edəcəklər. Məqsəd müharibə başlayacağı təqdirdə, düşmən hücumunun qarşısını almağa xidmət edən ərazilərin minalanması ilə bağlı taktikanı sınaqdan çıxarmaqdır. Beləliklə, ABŞ və onun NATO üzrə müttəfiqləri Rusiya ətrafında mühasirə halqasını daraltmaqda davam edirlər. Hadisələrin belə bir istiqamətdə inkişaf etməsi isə istənilən an bəşəriyyətin nüvə müharibəsinə sürüklənməsinə gətirib çıxara bilər…