“NATO Kiyevə xüsusi status verməlidir”

455
Ukrayna Nazirlər Kabineti ölkənin NATO-ya qoşulmasına dair qanun layihəsini bəyənib. Bu barədə Baş Nazir Arseni Yatsenyuk bildirib.
 “NATO-nun sammiti ərəfəsində bizim məqsədimiz Ukrayna və NATO arasında xüsusi statusa nail olmaqdır. NATO bir nömrəli tərəfdaş olaraq Kiyevə xüsusi status verməlidir”, – deyə Baş Nazir əlavə edib.

A. Yatsenyuk deyib ki, Ukraynanın alyansa üzv olması məsələsinin NATO ölkələrində müzakirəsi asan keçməyəcək.  Xatırladaq ki, Ali Radada Ukraynanın NATO-ya qoşulması haqqında qanun layihəsi qeydiyyatdan keçib. Lakin layihənin nə vaxt müzakirəyə çıxarılacağı açıqlanmayıb. Bu arada isə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.  O deyib ki, Rusiya və Ukrayna prezidentləri Ukraynada atəşkəs barədə razılıq əldə etməyiblər, çünki Rusiya münaqişənin tərəfi deyil. D. Peskov bildirib ki, Putin və Poroşenko doğrudan da Ukrayna qüvvələri və ölkənin şərqindəki “könüllü dəstələr” arasında atəşkəsin əldə olunması barədə addımları müzakirə ediblər: “Lakin Rusiya bu barədə razılıq əldə də bilməz, çünki münaqişənin tərəfi deyil”.

Xatırladaq ki, Ukrayna Prezidentinin mətbuat xidməti P. Poroşenko və V. Putin arasındakı telefon söhbətində Donbassda daimi atəşkəs barədə razılıq əldə olunduğunu açıqlayıb.

Qeyd edək ki, dünən Ukraynanın Rusiya ilə sərhəddə ayırcı divarlar tikəcəyi məlum olub. Bununla bağlı Ukraynanın Baş Naziri Arseniy Yatsenyuk nazirlər kabinetinin iclasında deyib ki, Ukrayna-Rusiya sərhədində divar tikiləcək:

“Biz “Divar” layihəsinə başlayırıq.  Bu layihə Ukrayna-Rusiya sərhədində divarın inşasını nəzərdə tutur”, – deyə A. Yatsenyuk bildirib.

 

Ukrayna xaricdəki diplomatik nümayəndəliklərində işçilərin sayını azaldır

“Ukraynanın xaricdəki diplomatik nümayəndəliklərində işçilərin sayı azaldılacaq. Lakin bu, Ukraynanın xarici dövlətlərlə ikitərəfli münasibətlərinin səviyyəsinin azalmasına səbəb olmamalıdır”.

Bunu Ukraynanın xarici ölkələrdəki səfirliklərinin bağlanması və azaldılması ilə bağlı APA-nın sualına cavab olaraq Ukrayna Xarici İşlər Nazirliyindən bildiriblər.

Ukrayna xarici siyasət idarəsindən onu da qeyd ediblər ki, rəsmi Kiyev xarici siyasətin aktual prioritetlərinin gerçəkləşməsinin vacibliyini nəzərə alaraq, xaricdəki diplomatik nümayəndəliklərinin işinin optimallaşdırılması məsələsini nəzərdən keçirir: “Bu proses xarici tərəfdaşlarla əlaqələr potensialını qoruyub saxlamaq şərti ilə diplomatik nümayəndəliklərin prioritet istiqamətlərdə işinin gücləndirilməsi ilə nəticələnməlidir. Bu optimallaşma xaricdəki diplomatik nümayəndəliklərin işçilərinin sayının azalmasına gətirsə də, Ukraynanın xarici ölkələrlə ikitərəfli münasibətlərinin səviyyəsinin aşağı düşməsinə yönəlməyib və buna səbəb olmamalıdır”.