“NATO heç bir halda Ukraynaya qoşun yeritməyəcək”

620
Donbasdakı münaqişənin yenidən qızışması, ordu mövqelərinin itirilməsi Ukraynanı alternativ variantlar üzərində düşünməyə məcbur edib.
 Belə ki, separatçılarla müharibə daha da şiddətləndiyi üçün Ukrayna NATO-ya qarşılıqlı əlaqələrə cavabdeh olan komissiyanın növbədənkənar toplantısının keçirilməsi üçün müraciət edib. Bununla da  1949-cu ildə formalaşdırılan Şimali Atlantika Müqaviləsi Təşkilatı – NATO gündəmində olan məsələlərin müharibə yolu ilə həllini mümkün bilən hərbi təşkilat olduğu üçün Ukraynaya qoşun yeritmə ehtimalının olması müzakirə obyektinə çevrilir.

“Rusiyada gedən proseslər Putin rejiminin çökməsinin anonsudur”

Mövzumuzla bağlı suallarımızı cavablandıran politoloq Vəfa Quluzadə bildirdi ki, NATO heç bir halda Ukraynaya qoşun yeritməyəcək: “Rusiya Prezidenti Vladimir Putin hakimiyyətdə uzun müddət qala bilməyəcək. Rusiyada gedən proseslər Putin rejiminin çökməsinin anonsudur”. Hazırda Putinin Qərbə qarşı şantaj siyasəti yürütdüyünü deyən V. Quluzadə fikirlərini belə davam etdirdi: “Putin istəyir ki, Qərb Rusiyanın Ukrayna haqqını tanısın. Bu məqsədlə də Ukraynanın cənub-şərqində təxribat aparır – ora qoşun, silah-sursat göndərir”.

“Təmas xəttindəki gərginlik Putinin ABŞ-a qarşı şantaj siyasətinin tərkib hissəsidir”

Müsahibimizin sözlərinə görə, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində son vaxtlar müşahidə olunan gərginlik Putinin ABŞ-a qarşı şantaj siyasətinin tərkib hissəsidir: “Rusiya Ukraynada olduğu kimi, Azərbaycanla Ermənistan arasındakı müharibəni yenidən başlatmaq iqtidarında olduğunu göstərməklə, Qərbə, xüsusilə də ABŞ-a nümayiş etdirir ki, müharibəni yenidən başlatmaqla onların regionla bağlı siyasətinə ciddi zərbə vura bilər. Çünki Azərbaycan tranzit ölkə olaraq, Qərb üçün böyük əhəmiyyət kəsb edir”. V. Quluzadənin sözlərinə görə, Ukraynanın Qərbin qoşununa ehtiyacı yoxdur: “Ukrayna 50 milyon əhalisi olan böyük ölkədir. Ordusunu yerli istehsal gücünə silahla təmin etmək iqtidarındadır. Ona görə də Ukraynanın NATO ordusuna  ehtiyacı yoxdur. Hesab edirəm ki, Ukrayna Rusiya ilə uzunmüddətli müharibə aparmaq iqtidarındadır. Qərb də, öz növbəsində, Ukraynaya hər cür dəstək verəcəkdir”. NATO qoşunlarını Polşa, Çexiya, Macarıstan və Baltik respublikalarına yerləşdirib ki,  Rusiyanın onlara qarşı qəfil hücumunu dəf edə bilsinlər. Ukraynanın NATO-ya ünvanladığı sözügedən müraciətinə gəldikdə isə V. Quluzadə bildirdi ki, adıçəkilən ölkə yəqin ki, kömək istəyir: “Burada söhbət silah-sursatdan gedə bilər. Ukrayna öz ordusu üçün NATO-dan müasir silah-sursat istəyir”.

V. Putinin Ukrayna ordusunu “NATO legionu” adlandırmasına da münasibət bildirən V. Quluzadə Rusiya Prezidentinin fikirlərini böhtan, cəfəngiyat adlandırdı.

“ABŞ Ukraynaya görə Rusiya ilə döyüşməyəcək”

Politoloq Rasim Musabəyov da NATO qoşunlarının Ukraynaya yeridilməsi məsələsinin gündəmdə olmadığını bildirdi: “Sözügedən məsələ ilə bağlı NATO rəsmiləri tərəfindən heç bir şey deyilmədiyi üçün hesab edirəm ki, bu məsələdən danışmaq hələ tezdir. NATO Ukraynaya qoşun yeritmək niyyətində deyil. ABŞ və digər Qərb dövlətlərinin rəhbərləri  birmənalı olaraq bildiriblər ki, Ukraynaya görə Rusiya ilə döyüşməyəcəklər”. R. Musabəyovun sözlərinə görə, Ukrayna digər beynəlxalq təşkilatlardan olduğu kimi, NATO-dan da silah-sursat, maliyyə yardımı və siyasi dəstək istəyir.

“NATO Ukraynaya hər cür dəstək verəcək”

Hərbi ekspert Üzeyir Cəfərov isə bildirdi ki, NATO indiki şəraitdə Ukraynaya hər cür dəstək verəcək: “Bundan əvvəl də NATO bildirmişdi ki, böyük məmnuniyyətlə Ukrayna kimi bir dövləti öz sıralarında görmək istəyir. Ona görə hesab edirəm ki, Rusiyanın bu hərəkətləri fonunda NATO Ukraynaya hər cür dəstək verəcəkdir. Dünən NATO baş katibi bildirdi ki, biz artıq Rusiyanın Ukraynaya açıq şəkildə müdaxiləsinin şahidi oluruq. Bütün bunlar onu deməyə əsas verir ki, NATO bu yaxın günlərdə Ukraynaya hərtərəfli dəstək verəcək”. NATO-nun Ukraynaya birbaşa ordu ilə köməyə gələcəyi məsələsinin o qədər də inandırıcı olmadığını vurğulayan Üzeyir Cəfərov bunları dedi: “NATO Ukrayna ordusuna ancaq müasir silah-sursat və mütəxəssis dəstəyi ilə təmin etməklə yardım edəcək”.

Məlumat üçün bildirək ki, Rusiya Prezidenti V. Putin Sankt-Peterburqda “Qornıy” mineral-xammal universitetində çıxış zamanı Ukrayna ordusunu NATO-nun legionu adlandırıb: “Əslində bu artıq ordu deyil, xarici legiondur. Konkret olaraq NATO legionudur. Onun məqsədi Ukraynanın milli maraqlarını müdafiə etmək deyil. Fikrimcə, artıq Ukraynada da bunu çoxları dərk edirlər”.

Elvin Əliyev