Nasist həbs düşərgəsinin keçmiş əməkdaşı mühakimə edilir

22

Almaniyada nasistlərin dövründə həbs düşərgəsinin katibi olmuş qadın mühakimə edilir.

azərtac Bildd nəşrinə istinadla xəbər verir ki, müttəhimlər kürsüsündə İtsexo şəhərinin 96 yaşlı sakini əyləşib. Məlum olub ki, bu şəxs İkinci Dünya müharibəsinin son iki ilində Dantsiq (hazırda Polşanın Qdansk şəhəri) yaxınlığındakı Ştuttqof həbs düşərgəsinin qərargahında xidmət edib. O, düşərgənin komendantı Paul-Verner Hoppenin makinaçısı olub. Bu ölüm fabrikində 11 minə yaxın dustaq məhv edilib. Daha 54 min nəfər bu dəhşətli müəssisənin “yardımçı düşərgələrində” həlak olub. Müharibənin sonunda “ölüm marşları” zamanı dustaqları fiziki cəhətdən taqətsiz hala salır, onları sadəcə acından öldürürdülər.

İndi müttəhim kürsüsündə əyləşən qadın məhbusların sistematik şəkildə qətlə yetirilməsində birbaşa təqsirkar olanlara kömək göstərməkdə günahlandırılır.

Prokuror bildirib ki, cinayətlərə vasitəçilik və araqızışdırma təkcə əldə silah tutmaqla deyil, yazı masası arxasında da həyata keçirilə bilərdi. Lakin indi makinaçı qadının həbs düşərgəsi ərazisində baş verənlər barədə məlumatlı olmasını sübut etmək lazım gələcək.

Maraqlıdır ki, məhkəmə prosesi yetkinlik yaşına çatmayanlar üçün məhkəmə palatasında keçirilir, çünki cinayətin törədildiyi anda müttəhimin yaşı 18-dən aşağı olub.