“Nasaz maşınla sərnişin daşınmasına yol verilməyəcək”

0
372

“Son vaxtlar sərnişindaşıma sahəsində yol-nəqliyyat hadisələrinin sayı artdığından mikroavtobuslarla bağlı müvafiq tədbirlərin həyata keçirilməsinə dair qərar verilib”. Bunu Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. Şöbə rəisi bildirib ki, tədbirlər xüsusilə Bakı-Sumqayıt marşrutu üzrə qanunsuz fəaliyyət göstərən texniki cəhətdən nasaz nəqliyyat vasitələri ilə sərnişin daşımalarına qarşı keçirilir: “Şəhərlərarası yollarda sərnişin daşımaları yalnız avtovağzaldan avtovağzala olmalıdır. Amma buna əməl edilmir. Üstəlik, marşrutlara əlavə oturacaqlar qoyulur, avtomobillərin əksəriyyəti texniki cəhətdən nasazdır. Elə avtomobillər var ki, şinlərinin protektorları yoxdur. Halbuki, avtobuslarda bu, 2 mm-dən az olmamalıdır”. Onun sözlərinə görə, keçirilən tədbirlərlə nasaz nəqliyyat vasitələri ilə sərnişin daşıyan, konstruksiyasında dəyişiklik edən sürücülər inzibati məsuliyyətə cəlb edilib: “Tədbirlər davam etdiriləcək. Dayanacaqlardan kənarda sərnişin mindirib-düşürmə hallarına da qarşı mübarizə aparılacaq. Nasaz maşınla sərnişin daşınmasına yol verilməyəcək. Sərnişindaşıma ilə məşğul olmaq istəyən şəxs və ya şirkətlər nəqliyyat vasitələrinin texniki parametrlərini sərnişindaşıma sisteminə uyğun təşkil etməlidir. Səhər tezdən avtomobillərin texniki vəziyyətinə nəzarət olunmalıdır, sürücülər tibbi müayinədən keçməlidir”. K. Əliyev fərqlənmə nişanının yalnız texniki cəhətdən saz vəziyyətdə olan, konstruksiyasında heç bir dəyişiklik edilməyən, avtovağzaldan avtovağzala işləyən avtomobillərə verildiyini deyib.