“Narkomanlar özlərini cəmiyyətdən kənara atılmış hesab edirlər”

0
499

“Azərbaycana narkotik əsasən İran İslam Respublikasından gətirilir, buna görə də Cənub zonasında bu bəladan daha çox əziyyət çəkilir. Fikrimcə, buna səbəb olanlar ölkəmizdə böyük faciələrə şərait yaradırlar”.

Bu sözləri “Dünya” Ana və Uşaqlar İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva “Narkomaniya və İİV-QİÇS virusu xəstəliyinə yoluxmuş yeniyetmə və gənclərin maarifləndirilməsi və tibbi reabilitasiyası” mövzusunda keçirilən konfransda səsləndirdi. Dünyaxanım Əliyeva bildirdi ki, belə bir layihənin reallaşdırılmasında məqsəd ölkəmizdə bu mövzuda maarifləndirici tədbirlər həyata keçirməklə, gəncləri mümkün qədər bu bəlalardan qorumaqdır: “Bu məsələdə az da olsa, bir faydamız olarsa, özümüzü çox xoşbəxt hiss edərik. Amma hər kəs əlindən gəldiyi qədər bu bəla ilə mübarizə aparmalıdır”.

“Ölkəmizdə narkomanların

sayı 10 dəfə artıb”

“Bu gün Azərbaycan dövlətini düşündürən və narahat edən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır. Son 5 ildə ölkəmizdə narkomanların sayı 10 dəfə artıb. Son məlumatlara əsasən, 22 min nəfərdən artıqdır. Bu, çox dəhşətli mənzərədir. Rəsmi qeydə alınan narkotika istifadəçilərinin 98,2%-i kişilər, 1,8%-ni isə qadınlar təşkil edirlər. Həmçinin qeydə alınanların 99%-i 20-59 yaş arasındadır”.

Yeniyetmə və gənclərin narkomaniyaya düçar olmasında və ölüm həddinə gətirilib çıxarılmasında valideynlərin böyük günahı olduğunu dilə gətirən İB sədri dedi: “Çünki valideynlər narkomaniya və İİV-QİÇS virusu xəstəliyinə tutulmuş övladları haqqında vaxtında aidiyyəti orqan və təşkilatlara məlumat vermirlər. Buna görə də narkomaniyaya düçar olanların sayı günü-gündən artır”.

“Acınacaqlı vəziyyətdən

dolayı ətrafdakılara qarşı

olduqca aqressiv olurlar”

Layihədə toxunulan ikinci problem isə QİÇS-ə yol açan İİV-QİÇS (Qazanılmış immun çatışmazlığı sindromu) virusu xəstəliyi oldu. Bu xəstəliyin cəmiyyətimiz üçün çox böyük və təhlükəli bir bəla olmasından danışan D. Əliyeva qeyd etdi ki, Azərbaycanda hər 4 aktiv narkomandan biri İİV-QİÇS virusunun daşıyıcısıdır: “Bəzən virusa yoluxmuş xəstə – istər qadın, istər kişi, düşdüyü acınacaqlı vəziyyətdən dolayı ətrafdakılara qarşı olduqca aqressiv olurlar. Sağlam adamlara qarşı onlarda nifrət oyanır və onlar bilərəkdən başqalarını da yoluxdurmağa başlayırlar. Öz ölümlərini gözləyən bu insanlar özlərini cəmiyyət tərəfindən kənara atılmış kimi hesab edirlər. Nəticədə onlar həmin cəmiyyətdən uzaqlaşır, qapalı həyat tərzi keçirir və son çıxış yolu kimi intihara əl atırlar. Bu həm də boşanmaların sayının çoxalmasına gətirib çıxarır. Axı kim istəyər ki, hər an ölüm qorxusu altında yaşayaraq “onu” gözləsin?!”