Narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur

522

Bu gün Mingəçevir şəhər 10 saylı məktəbdə  “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib. Tədbirdə  Mingəçevir şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Hikmət Qasımov, Mingəçevir şəhər prokuroru Elmar Camalov, şəhər təhsil şöbəsinin müdiri Sahib Məmmədov, Mingəçevir Narkoloji Dispanserin həkim-narkoloqu Zeynəb Balakişiyeva və məktəbin 8-9-10-11 ci sinif şagirdləri iştirak ediblər.

Tədbir  məktəbin yuxarı sinif şagirdlərinin narkomaniya ilə bağlı çıxışları ilə başlayıb. Daha sonra məkəbin direktoru Xumarə Mikayılova şagirdlərə qonaqları təqdim edib. Bildirib ki, şəhərimizə yeni təyin olunan hüquq-mühafizə orqanlarının rəhbərləri ilk dəfə olaraq 10 saylı məktəbə gəliblər.

Daha sonra narkomaniyanın insanlara mənfi təsirindən, onun törətdiyi amansızlıqlardan polis polkovniki Hikmət Qasımov geniş məlumat  verərək bildirib ki, narkomaniyaya qarşı tərəfimizdən geniş  mübarizə üsulları həyata keçirilir: “Hər kəs  zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərdən xəbərdar olmalıdır. Biz tərəfimizdən mütəmadi olaraq təhsil müəssisələrində bu kimi maarifləndirici tədbirləri həyata keçirəcəyik”. O daha sonra şəhər ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, narkomanlığın yayılması ilə mübarizə sahəsindəki tədbirlərdən söz açıb: ”Tərəfimizdən keçirilən əməliyatlar zamanı 80-dan çox narkoman tutularaq cinayət məsuliyyətinə cəlb ediliib, 5 kiloqramdan çox narkotik maddə dövriyədən çıxarılıb. Mən sizə bildirmək istərdim ki,  narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur və gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır”.

Şəhər prokuroru Elmar Camalov nakomaniyanın acı fəsadlarından, hüquqa zidd əməllərdən qorunma yollarından, narkotik təsiq altına düşənlərin öz arzularından kənarda qalmasından, ailə faciələrindən geniş danışıb.

 Tədbirdə çıxış edən Mingəçevir Narkoloji Dispanserin həkim-narkoloqu Zeynəb Balakişiyeva bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniyanın insan sağlamlığına vurduğu ziyandan, törətdiyi fəsadların ağır nəticəsindən  söz açıb.

Şəhər təhsil şöbəsinin müdiri Sahib Məmmədov isə ölkəmiz müstəqilliyini bərpa etdirəndən sonra narkotiklərlə mübarizənin daim dövlətin diqqət mərkəzində olduğunu diqqətə çatdırıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edirdi.

Tədbirdə, həmçinin narkomaniya ilə bağlı təbliğat xarakterli “Narkomaniya-bəşəriyyətin bəlası” adlı videoçarx nümayiş olunub. Şagirdlərin hazırladıqları narkomaniya ilə bağlı  kiçik səhnəciklər də hamı maraqla izləyib.

Tədbirin sonunda  şagirdləri maraqlandıran suallara aydınlıq gətirilib.

Esmira Hidayətova, Mingəçevir