Nardaran radikal dini simvollardan, barrikadalardan təmizlənib

559

Dünən Daxili İşlər Nazirliyi (DİN), Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq Nardaranda birgə əməliyyat keçirib. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub. Müəyyən edilmiş yerlərdə postlar qoyulub və xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Nardaran qəsəbəsinin mərkəzi yolları və meydanı, həmçinin qəsəbəyə giriş-çıxış yolları polis nəzarətinə götürülüb. Qəsəbəətrafı yollarda isə bütün avtomobillər və sərnişinlərin sənədləri yoxlanılır. Ətraf ərazilərdən Bakı istiqamətinə hər kəs tək-tək yoxlanılmaqla buraxılır. Nardaranın girəcəyinə ağır zirehli texnika toplanıb, əraziyə Çevik Polis Alayı əməkdaşları nəzarət edir.

Qəsəbəyə gəlmiş daxili işlər nazirinin müavini Vilayət Eyvazov sakinlərlə profilaktik söhbət aparıb. Onları polisin qanuni tələblərinə əməl etməyə çağırıb. V. Eyvazov qəsəbə sakinləri ilə görüşündə onlarda olan qanunsuz silah və sursatı könüllü olaraq təhvil verməyi tələb edib.

Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları qəsəbənin küçə və meydanlarını radikal dini simvollardan təmizləyib. Mərkəzi küçələrdəki şüarlar, digər elementlər yığışdırılıb, barrikadalar təmizlənib. Polis noyabrın 26-da baş vermiş insidentin digər iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində axtarışlar aparıb. Saxlanılanlar var. Məlumata görə, qəsəbədəki bir neçə evdən silah-sursat aşkarlanaraq götürülüb.