“Nağıllar aləmi”nin müəllifi ilə söhbət

0
397

Bu ilin sentyabr ayından Azərbaycan Xalça Muzeyində “Bir eksponatın tarixi” layihəsi həyata keçirilir. Layihə çərçivəsində hər ay bir eksponatın tarixi ətraflı şəkildə təqdim edilir. Bu dəfə isə “Bir eksponatın tarixi” layihəsində muzeyin kolleksiyasında saxlanılan xalçaçı-rəssam Eldar Mikayılzadənin müəllifi olduğu “Nağıllar aləmi” xalçası təqdim olunub. Tədbir çərçivəsində Yeniavaz.com-un suallarını cavablandıran xalçaçı-rəssam deyib: “Nağıllar aləmi” xalçasını tələbəlik illərimdə, daha doğrusu, 1983-cü ildə ərsəyə gətirmişəm. Niyə bu xalçaya “Nağıllar aləmi” adı verdiyimə gəldikdə isə… Ümumiyyətlə, biz rəvayət, nağıl mədəniyyətinə bağlı xalqıq. Yeri gəlmişkən, nağıllar, bayatılar bizim dünyagörüşümüzü təkmilləşdirən çox böyük xəzinədir. Nağıllarımız uşaqlıq illərimizdən ta dünyamızı dəyişənə qədər bizimlə, əgər belə demək mümkünsə, yolçuluq, yoldaşlıq edən bir mədəniyyətdir, bizim qan yaddaşımızdır. Elə buna görə də mən xalçama “Nağıllar aləmi” adını verdim. Xalçanın ana haşiyə tərəfi qaranlıq, orta hissəsi işıqlıdır. Bunun da səbəbi var. Belə ki, bizim nağıllarımızda həmişə qaranlıq və işıqlı dünya öz əksini tapır. Başqa sözlə desək, xeyirlə şərin mübarizəsi ön plana çəkilir”.

Daha sonra o dedi: “Bu əsər üzərində işləyərkən bütün nağıllarımızı bir daha oxudum. Onlardakı əsas fəlsəfi mahiyyət daşıyan didaktiv əhvalatları seçib xalçada toxudum. Bu mənada burada belə bir müqayisə də aparmaq olar. Bildiyiniz kimi, bizdə “Azərbaycan nağılları” kitabı çap olunub. Mənim “Nağıllar aləmi”m isə nağıllarımızın xalça formasında çapıdır”.

Eldar Mikayılzadənin sözlərinə görə, Azərbaycan xalçaları xalqın keçmişini, bu gününü əks etdirir, tariximizi naxışlara çevirərək yaşadır, gələcəyə aparır. Xalçaçılıq eyni zamanda xalqımızın mədəniyyətini, adətlərini yaşadan bir sənət növüdür: “Yeri gəlmişkən, 1995-ci ildə İstanbulda keçirilən sərgimdə demişdim ki, “Xalçaçılıq azərbaycanlıların ana dilidir”. Bu gün də bu fikirdəyəm. Axı tarixən bizim nənələrimiz bu dildə danışıblar”.

Onu da qeyd edək ki, Eldar Mikayılzadənin əksər xalçalarında olduğu kimi “Nağıllar aləmi”ndə də bütün elementlər əsərin məzmununun zənginləşməsinə xidmət edir. Ümumiyyətlə, onun xalçalarında heç bir elementin “işsiz” olmadığını söyləmək olar. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev onun “Yaranış” xalçasına aid etdiyi: “…əminliklə demək olar ki, çoxəsrlik Azərbaycan xalçaçılığında onun yaratdığı nümunələr kimi əsas və köməkçi təsvir motivləri, eləcə də haşiyələrdən başlamış düz mərkəzi hissəyə qədər “səpələnmiş” müxtəlif ölçülü elementləri məntiqli, çox vaxt da düşündürücü məna-məzmunla yüklənmiş ikinci bir xalça tapmaq çox çətindir” sözlərini xalçaçı-rəssamın “Nağıllar aləmi”nə də şamil etmək olar.

Eldar Mikayılzadənin xalça sənətimizə gətirdiyi yenilikləri sadalamaqla qurtarmaz. O, xalçalarında tariximizə səyahət etməyi, xalqımızın nəsillərdən-nəsillərə ötürülən milli-mənəvi dəyərləri haqqında söz açmağı xoşlayır. Onun xalcalarına tamaşa etsəniz bunun bir daha şahidi olarsınız.

Daha çox süjetli və ornamentli xalçalara üstünlük verən Eldar müəllim bununla bağlı ünvanladığımız suala isə belə cavab verdi: “Bu sahədə Lətif Kərimov da fəaliyyət göstərib. Mən sadəcə, süjetli və ornamentli xalçaları daha da təkmilləşdirmişəm. Yeri gəlmişkən, onu da vurğulayım ki, məni rəssamlığa Səttar Bəhlulzadə, xalçaçılığa isə Lətif müəllim gətirib. Mən onlardan bəhrələməklə Eldar Mikayılzadə olmuşam”.

Sonunçu: “Noyabrın 14-də İlham Əliyevin imzaladığı sərəncama əsasən 2017-ci ilin oktyabr ayında Bakı şəhəri V Beynəlxalq Azərbaycan xalçası simpoziumuna ev sahibliyi edəcək. Bu mötəbər tədbirə hansı işinizlə çıxacaqsınız?” sualına cavabında o, hazırda bir yeni xalça üzərində işlədiyini vurğuladı və əlavə etdi: “Amma hələ ki ona dəqiq bir ad verməmişm. Təxmin adı isə belədir: “Bərpa”. Mən bu işim barədə indidən ətraflı məlumat vermək istəmirəm. Sadəcə, onu deyim ki, həmin xalçanın mərkəzində bizim məşhur “Şeyx Səfi” xalçasından da (Təbriz xalçaçılıq məktəbinin şah əsəri hesab edilən bu sənət incisi “Viktoriya və Albert” muzeyində (London) “Ərdəbil xalçası” adı ilə nümayiş olunsa da, Azərbaycan incəsənətində əsasən “Şeyx Səfi” kimi tanınır. – Mənbə: Lətif Kərimov “Azərbaycan xalçası”. I cild. 1961.) elementlər olacaq.

Xatırladaq ki, indiyədək xalçaçı-rəssam Eldar Mikayılzadə bir-birindən ecazkar “Şəbi-hicran-1″ (1981),”Azərbaycanın poeziya və musiqi korifeyləri” (1983-1984), “Xətai” (1990), “Xəmsə” (1991), “İslam” (1992), “Təbriz” (1993), “Bürclər” (1994), “Xilaskar” (1995-1997), “Üç din” (1998), “Səttar” (1999), “Bismillahir-rəhmanir-rəhim” (2001), “Üç peyğəmbər” (2003), “Şəbi-hicran-2” (2006), “Yaranış” (2010), “Kəhkəşan” və “Səttarın arzusu” (2012) və s. nadir sənət nümunələrini də ərsəyə gətirib.

Qvami Məhəbbətoğlu