Nağıl kimi bir adam

412

Bu yer üzündə fərqli bir rəng, fərqli bir səs, fərqli bir mənzərə idi. Elə bil, ömrü boyuncə kimsə ilə dava eləməmişdi, hərəkətlərindən danışıq tərzindən, yerişindən, duruşundan mehribanlıq yağırdı. Elə adı da mehribançılıq, sülh mənasına gəlirdi: Barış, Barış Manço.

Uzun-uzun saçları vardı, bığlarının ucu çənəsinin altına qədər uzanırdı, hər barmağına bir üzük taxardı, geyiminə baxsan ayırd edə bilməzdin ki, bu hindudur, yapondur, ya türk. Tamamən fərqli bir insan gətirin göz önünə. Elə oxumağı da təkrarsız idi. Kimsənin oxuduğunu oxumadı, kimsənin üslubunu təkrarlamadı. Qalın qar içində yamacda cığır aça-aça gedən adam varmı, bax eynən elə adam idi Barış Manço.

Türk dilinin, türk mədəniyyətinin dünyadakı qeyri-rəsmi elçisi idi. Səsi ya Latın Amerikası ölkələrindən gəlirdi, ya da Cənub-şərqi Asiyadan. Ən çox da Doğu Türküstanda, Yaponiyada, Koreyada, Laosda tanınır, sevilirdi. Getdiyi hər yerdə türk adını tanıdır, sevdirirdi. Bunun nə qədər böyük missiya, gərəkli iş olduğunu söyləməyə ehtiyac toxdur. Getdiyi yerlərdən çox maraqlı proqramlar hazırlayıb göstərirdi TRT-də. Onun proqramları həvəslə baxılır, böyük rəğbət qazanırdı.

Azərbaycanı yad ölkə hesab eləmirdi. Qapılar açılan kimi Bakıda bizləri salamlayan ilk qardaş sənətçilərdən idi. Bir Novruz ərəfəsində Qoşa Qala qapılarının yanında düzəldilmiş səhnədə oxuduğu gözlərimin özündədir. Hava soyuq olsa da onun coşqusu, səmimiyyəti adamın qəlbinə hərarət kimi axırdı.

Qəribədir ki, o heç kəsi yamsılamadığı kimi, kimsə də ondan sonra onun oxuduqlarını təkrarlamadı. Mahnıları ancaq öz səsində, öz nəfəsində qalır Barış abinin. Mahnıları da özü kimi fərqli idi. Adlara fikir verin: Sarı çizməli Mehmet ağa; Arkadaşım eşşək; Domates, bibər, patlıcan; Gülpəmbə… Mahnılarının sözünü də, musiqisini də özü yazırdı. Musiqi də, sözlər də özü kimi fərqli, təkrarsız idi.

TRT-də “Adam olacaq çocuk” adlı uşaq verilişi aparırdı. Əslində o, aparıcılıq deyildi, Barış abi o proqramı yaşayırdı. 3-4 yaşlı uşaqları necə danışdırır, necə sevindirirdi, İlahi! Adam başdan-başa sevgi idi, səmimiyyət idi, təbəssüm idi. körpələr bir andaca özlərini unudur, filosof görkəmi alıb yaşından böyük şeylər danışır, sonunda da bir diş məcunu, ya başqa bir şey hədiyyə alıb sevinə-sevinə ananın üstünə qaçırdılar. Uşaqlarla uşaq kimi danışmırdı, böyüklər kimi söhbət edirdi, mikrafonu belə onların boyuna görə endirmirdi, onları pilləkənlə yuxarı qaldırır, o böyüklük duyğusunu yaşadırdı onlara.

Nağıl kimi bir adam idi, bu yer üzündə dolaşır, ayaq basdığı hər yerdən dostluq, qardaşlıq türküləri kimi əsib keçirdi.

Başına topladığı musiqiçi dostları onu bir göz işarəsi ilə başa düşür, istədiyi notdan başlayırdılar. Bütün duyğularını, könlünü musiqiyə vermişdi, və dünyaya demək istədiyi hər şeyi də musiqi dili ilə söyləyirdi. Hətta xoşladığı qıza sevgisini də çox orijinal tərzdə açıqlayıb. Deyilənə görə, xoşladığı qız ondan bir mərtəbə yuxarıda yaşayırmış və bir gün barış evdə musiqi ilə məşğul ikən qapı döyülür. Açanda da qarşısında kimi görsə yaxşıdır, sevdiyini. Qız gəlişinin məqsədini deyir və xahiş edir ki, balkona düşmüş paltarı götürüb ona versin. Barış abi də “Verərəm, ancaq bir şərtlə: gərək mənimlə evlənəsən”. Bu da onun eşq elanı. Yəni bağışla ki, bir mərtəbə yuxarı qalxıb, sənə sevgimi elan eləməyə macalım yoxdur, amma indi ki özün gəlmisən, lap yerinə düşdü, biləsən ki, səni sevirəm. Bu söhbətin nə qədər doğru olduğunu bilmirəm, amma onu bilirəm ki, bu cür eşq elanı ona yaraşır.

Həyatının son illərində bir mahnısı daha çox sevilir, könüllərə tərcüman olurdu. Bu mahnı əslində zarafatcıl adamın cox ciddi və duyğulu bir etirafına bənzəyirdi:

Unutma ki, dünya fani,

Verən Allah alır canı,

Mən nasıl unudurum səni,

Can bədəndən çıxmayınca.

1999-cu ilin yanvarını fevrala bağlayan gecə 56 yaşında bir quş kimi uçub getdi dünyadan. Onu dəfn eləməyə milyonlar toplaşmışdı. İstanbul o izdihamı çox az-az görür. Aradan 18 il keçir, BARIŞsızlığımızın 18 ili. İnsanın insana verə biləcəyi ən böyük pay onun üçün Allaha dua eləməkdir. Mən də bu ayrılığın 18-ci yaşında üzümü bizi Yaradan Uca Xaliqə tutur, Ondan sənə rəhmət diləyirəm, günahlarını əfv eləsin, nemətlərinə qovuşdursun səni, Barış abi. Allah rəhmət eləsin!

Əli Çərkəzoğlu