Nağdsız pul kütləsi 20% artıb

525
Manatla geniş pul kütləsi (dövriyyədə olan banknot və sikkələr, həmçinin manatla tələb olunanadək və müddətli əmanət və depozitlər) bu ilin ilk yarısında 3,5%, ötən ilin müvafiq dövrünə nisbətən isə 18,9% artaraq 17 milyard 5,1 milyon manata çatıb.
 Bu barədə məlumat Mərkəzi Bankın açıqladığı sonuncu pul siyasəti icmalında yer alıb. Dövr ərzində manatla pul bazasında (dövriyyədə olan nağd pul və bank ehtiyatları – kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) mövsümi amillərin təsiri nəticəsində 1,3% azalma müşahidə olunub. Ötən ayın əvvəlinə olan məlumata görə, geniş pul kütləsi (manatla geniş pul kütləsi və sərbəst dönərli valyutada əmanət və depozitlər) ötən ilin müvafiq dövrünə nisbətən 20,9% artaraq 20 milyard 596.2 milyon manata çatıb. Xarici valyutada depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi ötən ilin müvafiq dövrünə nisbətən dəyişməyərək 34,8% təşkil edib. Xarici valyutada əmanətlərin geniş pul kütləsində payı isə 1,4 faiz bəndi artaraq 17,3% təşkil edib. Son bir il ərzində nağdsız pul kütləsi 20% artıb ki, bu da nağdsız ödəniş infrastrukturundan istifadə səviyyəsinin artdığını göstərir. 2014-cü ilin 6 ayı ərzində bankomatlarla aparılan əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,5% (733 milyon manat) artaraq 4 milyard 681 milyon manat, POS-terminallarla aparılan əməliyyatların həcmi isə 21,4% (92,6 milyon manat) artaraq 525,6 milyon manat təşkil edib. Ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,4% (51,8 milyon manat) artaraq 306 milyon manata yüksəlib.  etmişdir.

 

Mərkəzi Bankın məlumatları

yanlış şərh edilir

Məlumat üçün onu da qeyd edək ki, Mərkəzi Bank dünən valyuta bazarında həyata keçirdiyi sterilizasiya əməliyyatlarını bəzi mətbuat orqanlarının yalnış şərh etdiyi barədə məlumat yayıb. Bankdan verilən məlumata görə, bank özünün rüblük pul siyasəti icmalında manatın məzənnəsinin sabitliyini təmin etmək məqsədilə valyuta bazarında həyata keçirdiyi sterilizasiya əməliyyatları barədə müntəzəm olaraq məlumatlar yayımlayır. Bankdan bildirilib ki, valyuta sterilizasiyası xarici valyutanın kəskin ucuzlaşmasının və ya milli valyutanın əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq məqsədilə izafi xarici valyutanın alışıdır: “Adətən ölkənin tədiyyə balansında profisitin olduğu və valyuta bazarında təklifin tələbi üstələdiyi hallarda mərkəzi banklar tərəfindən valyuta alışları həyata keçirilir. Lakin, bu günlərdə Azərbaycanın bəzi mətbuat orqanları Mərkəzi Bankın valyuta sterilizasiyası əməliyyatları haqqında məlumatı ictimaiyyətə yalnış şərh edərək bunu valyuta xərcləməsi kimi çatdırıb”. Məlumata görə, son illərdə ölkənin tədiyyə balansının profisiti şəraitində Azərbaycanın valyuta bazarında təklif tələbi üstələyir. Bununla əlaqədar, Mərkəzi Bank valyuta bazarından 2010-cu ildə 1 milyard 385 milyon dollar, 2011-ci ildə 4 milyard 153 milyon dollar, 2012-ci ildə 1 milyard 584 milyon dollar, 2013-cü ildə 2 milyard 457 milyon dollar, 2014-cü ilin 6 ayında isə 967,4 milyon dollar məbləğində alışlar həyata keçirərək valyuta ehtiyatlarının artırılmasına yönəldib. Təkcə 2014-cü ilin I yarısında Mərkəzi Bankın sərəncamında olan valyuta ehtiyatları 7% artaraq 15 milyard 163 milyon dollar səviyyəsinə yüksəlib ki, bu da valyuta ehtiyatlarının kifayətliliyi üzrə beynəlxalq normaları əhəmiyyətli dərəcədə üstələyir.