Nağaranın balaca mahir ifaçısı – Hüseyn Şıxıyev

521

Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini olan Hüseyn Şıxıyev qeyri-adi bacarığı ilə görənləri heyran edir. 7 yaşı tamam olmayan bu balaca bacarıqlı oğlan öz istedadını nağara çalmaqla gerçəkləşdirib.

Hüseyn hələ 5 yaşında ikən masa, stul, müxtəlif əşyaların üzərində ritmlər çalmağı öyrənib. Hüseynin bu bacarığını görən valideyinləri onu musiqi məktəbinə yazdırmaq istəyiblər. Onlar bildiriblər ki, nağara dərslərinə yazılmaq üçün uşağın ən azı 8-9 yaşı olmalıdır. Hüseynin nağaraya gücü çatmasa da, ifa etdiyi “Yallı”, “Tərəkəmə”, “Çəngi”si ilə onları mat qoya bilib.

30 ildən artıq nağaranın sirlərini uşaqlara aşılayan Telman Şıxıyev ilk dəfə belə bir bacarıqlı nağaraçalan uşaqla rastlaşdığını dedi. O həmçinin qeyd etdi ki, Hüseyn radio, televiziya verilişlərini izləməklə ritmləri öyrənib. Daha sonra o, qardaşı nəvəsi Hüseynin bu sahədəki ilk addımlarını bir neçə il öncə qiymətləndirdiyin söylədi: “İlk vaxtlar valideynləri bunu ötəri hiss olduğunu düşünəndə onlara bir nağara müəllimi kimi dedim ki, bu uşaq qeyri-adi istedada malikdir”.

Söhbətinin sonunda isə Telman müəllim belə söylədi: “Bu gün uşaqların çoxu musiqi məktəblərinə ancaq sintizator öyrənmək üçün yazılırlar. Ancaq qədim alətimiz olan nağaranı ifa etməyi öyrənmək istəyənlərin sayı, təəssüflər olsun ki, azdır”.

Esmira Hidayətova, Goranboy.