Naftalan neftinin nadirliyi turistləri Azərbaycana cəzb edir

0
620

Naftalan Azərbaycanın analoqu olmayan müalicəvi turizm mərkəzlərindən biridir. Naftalanda xüsusi iyə malik qara-qəhvəyi və qonur rəngli qatı maye-naftalan neft yatağı yerləşir. Naftalan neftinin nadirliyi, yüksək təsiri bir çox elmi tədqiqat və xəstəliyin müalicəsində 100 ildən artıq istifadə təcrübəsi ilə təsdiq olunub. Bu gün Naftalan özündə təbii amilləri, tibbi kurort nailiyyətlərini birləşdirən, Avropa komfortunu, Azərbaycanın qonaqpərvərliyini özündə cəmləşdirən, əlverişli qiymətlərə malik müasir istirahət və müalicə mərkəzidir. Onu da qeyd edək ki, bu diyarın təbiəti çox zəngindir, bu yer təbiət landşaftlarının gözəlliyi ilə seçilir. Bura gələn qonaqlar da bu gözəlliyə heyran olduqlarını deyirlər. Ümumiyyətlə, Naftalana yalnız sağlamlıq üçün yox, həm də uzun illər yadda qalan parlaq xatirələr və gözəl əhvali-ruhiyyə ardınca gəlirlər. Naftalan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Ülfət Əliyevin “Zaman-Azərbaycan” qəzetinə verdiyi məlumata görə, son illər nadir müalicəvi xassəli nefti ilə məşhur olan Naftalan şəhərinin beynəlxalq səviyyəli turizm mərkəzinə çevrilməsi məqsədilə genişmiqyaslı işlər həyata keçirilib. Ölkə başçısının tapşırığına uyğun olaraq, Naftalan şəhərində turizm sahəsində aparılmış islahatlar, bu şəhəri nəinki ölkəmizdə, eləcə də yaxın və uzaq xaricdə məşhurlaşdırıb. Burada beynəlxalq səviyyəli yeni istirahət və sağlamlıq mərkəzləri tikilib istifadəyə verilib. Təbii ki, müalicə və istirahət üçün də bütün imkanlar var. İcra Hakimiyyətinin nümayəndəsi onu da bildirdi ki, 2015-ci il şəhərdə turizm sektoru üçün çox uğurlu olub. Bu dövrdə şəhərə gələn xarici və yerli turistlərin sayı 16 min nəfəri ötüb, yəni son 5 illə müqayisədə 6 dəfə artıb.
Eyni zamanda xarici qonaqların Naftalana gəlməsində də müsbət dəyişikliklər müşahidə olunub: “Belə ki, 2015-ci ildə Naftalana dünyanın bir çox ölkələrindən – Rusiya Federasiyası, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Latviya, Almaniya, Türkiyə, Kanada, İsrail, Polşa, Fransa, İspaniya, İtaliya, Yaponiya, Çin, Dominikan, Birləşmiş Ərəb Əmirliyi və digər ölkələrdən, ümumilikdə 3000 nəfər xarici turist gəlib”.
Onu da qeyd edək ki, qış ayları olmasına baxmayaraq, Naftalanın “Çinar” otelində 150-dən çox turist var idi. Fürsətdən istifadə edib turistlərlə həmsöhbət olduq. Moskvadan olan turistlər ər və arvad Aleksandr Nikolayeviç Sitov və onun həyat yoldaşı Olqa xanım artıq 4 ilə yaxındır ki, hər il Naftalana gəlir və burada fəaliyyət göstərən oteldə həm Naftalan vannası qəbul edir, həm də gözəl istirahət edirlər: “Mən bu şəfa ocağı haqqında internetdən oxumuşdum. İdmançı olduğuma görə bütün ölkələri gəzirəm. Azərbaycan haqqında təsəvvürlərim çox yaxşıdır. Çünki burada biz qonaqpərvərlik, insanların isti münasibətini görürük. Artıq 4 ildir ki, bu məkanda müalicə alırıq. Özümüzü çox yaxşı hiss edirik. İnsan yaşlandıqca müxtəlif xəstəliklər onu tapır. Buranın neft vannasını qəbul etdikdən sonra özümüzü çox gümrah hiss edirik”.
Digər turistlərdən Xankərəm Vəliyev, İlyas Məmmədov və başqaları neft vannasının insan sağlamlığına xeyrindən, otellərdəki yüksək xidmətlərdən, sərfəli qiymətlərdən danışdılar. Bildirdilər ki, qış ayında burada dincəlməyin başqa ləzzəti var.
Sonda onu da qeyd edək ki, hazırda Naftalanda fəaliyyət göstərən turizm obyektlərində gün ərzində 2000 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür.
Esmira Hidayətova, Rövşən Məmmədov Naftalan