“Nadir şah” bu dəfə bir cahangir kimi

0
353
Akademik Milli Dram Teatrında Yunus Oğuzun “Nadir şah” əsəri əsasında hazırlanmış eyniadlı tamaşasının premyerası keçirildi. 
Əsərin müəllifi Yunus Ömər Nadir şah obrazının bizə sovet dövründə zalım, qəddar bir şəxsiyyət kimi tanıdıldığını və bunun da ideologiyadan irəli gəldiyini bildirdi: “Bizə uzun illər tariximiz yanlış öyrədildi. Sovet dövründən biz Nadir şahı zalım bir hökmdar kimi tanımışıq. Lakin arxivlərə nəzər saldıqda onun əslində Azərbaycan torpaqlarının bütövlüyü uğrunda böyük şücaət göstərdiyinin şahidi oluruq. Doğrudur tarixi şəxsiyyətlər keşməkeşli bir dövr yaşadıqları üçün onların müəyyən ziddiyyətləri olur. Nadir şahın güclü taktikası olub”.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir. “Biz Yunus Oğuzun “Nadir Şah” dramaturji əsərini bütün məna və mətnini olduğu kimi saxlayaraq əsərin əsas mətləbini tamaşaçıya çatdırmağa çalışmışıq. Ümumiyyətlə, Nadir şah personajı olduqda ziddiyyətli bir xarakter olub. Düşündük ki, belə bir mürəkkəb personajın müəyyən tərəflərini ortaya çıxara bilərik. Biz onu tanıdığımız tərəfləri ilə ələ alaraq tamaşaçıya çatdırmağa çalışmışıq. O, sadə xalqın arasından çıxmış və cahangirlik zirvəsinə yüksəlmiş bir şəxsiyyətdir. Hesab edirəm ki, tamaşanı izləyən hər kəs “biz nə üçün Nadir şah kimi ola bilmirik” sualını özünə verməlidir”.Qeyd edək ki, tamaşanın rejissoru əməkdar artist Vidadi Həsənov, quruluşçu rəssamı İlham Elxanoğludur. Tamaşada Nadir şah obrazını Xalq artisti Ramiz Novruz və Əməkdar Artist Məmməd Səfa ifa edirlər. Janrı iki hissəli dramatik xronika kimi təyin olunmuş tamaşada Əməkdar artistlər Vidadi Həsənov (Sultan I Mahmud, Əbül Feyz, Əmir Teymur, Səadət xan – Moğol şahının vəziri), Əli Nur (Sultan I Mahmud, Əbül Feyz, Əmir Teymur, Səadət xan – Moğol şahının vəziri), Pərviz Məmmədrzayev (Məhəmməd şah – Moğol şahı, Miyanqala sərkərdəsi), Elşən Rüstəmov (Təhmasib xan Cəlayir, Qızlar Ağa, Nizamül-Mülk – Moğol şahının vəziri),  İlham Hüseynov (Leyli Əbdül Əfəndi, Hakim Atalıq, Baş münəccim, Qolitsin), Ayşad Məmmədov (Dauran xan – Moğol şahının vəziri, Həsən Paşa – Osmanlı vəziri, Qoca), aktyorlar Hikmət Rəhimov (Rzaqulu – Nadir şahın oğlu, Kamuşkin – Rusiya elçisi), Amid Qasımov (Rzaqulu – Nadir şahın oğlu, Kamuşkin – Rusiya elçisi), Ramin Şıxəliyev (Nəsrullah – Nadir şahın oğlu, Məhəmməd Hüseyn), Şamil İbrahimov (Nəsrullah – Nadir şahın oğlu, Məhəmməd Hüseyn), Oqtay Mehdiyev (Məhəmməd şah – Moğol şahı, Miyanqala sərkərdəsi), Vüsal Mustafayev (Məhəmməd xan Türkmən – Nadir şahın elçisi, Rəhim Sultan, Qadam), Vüqar Hacıyev (Məhəmməd xan Türkmən – Nadir şahın elçisi, Rəhim Sultan, Qadam), Elgün Həmidov (Dauran xan – Moğol şahının vəziri, Həsən Paşa – Osmanlı vəziri, Qoca), Əminə Babayeva (Qadın, Bizi-dayə), Nigar Güləhmədova (Fatimə soltan bəyim, Sərvi), Könül Cəfərzadə (Fatimə soltan bəyim, Sərvi), Adil Dəmirov (Oğul) çıxış edirlər.

İki hissədən ibarət tamaşanın xronometrajı 2 saat 5 dəqiqədir.

Xəyalə Sadıqova

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here