Nəvəsinə indidən ev alıb

0
497

– Əşi, vur da şilləni qulağının dibinə.

– Elə bilirsən vurmaq olur?

– Nə nazlandırırsan uşağı…

– Səndə səbir var ey, özüm ölüm, mən olsam, şilləni vurardım ağzının üstünə.

– İnşallah, ata olarsan, onda görərik…

İllər öncə oğlu ağlayan qohumuma demişdim bu sözləri…

O gün uşaqların ana babası “qızlarını çox əzizləyirsən, belə olmaz” deyəndə dostuma dediyim sözləri xatırladım…

***

Yaxın tanışım deyir ki, nə vaxt uşaqların şəklini sosial şəbəkədə paylaşıram xəstələnirlər. Əvvəl əhəmiyyət vermirdim onun dediklərinə. Pis çıxmasın, qazancımın yarısı da iynə-dərmana gedirdi. Axır vaxtlar tanışımın dediyinə mən də əməl edirəm, açığı, peşman da deyiləm.

Bunu ona görə yazıram ki, bəlkə mənim kimi fərqində olmayıb, uşaqlarını tez-tez xəstələndirən başqa adamlar da var…

Uşaqlarınızın şəkillərini sosial şəbəkədə az paylaşın…

***

O gün əməkdaşımız Esmira Hidayətova Mingəçevirdə 7 uşaqlı ailənin acınacaqlı həyat şəraitindən bir yazı yazmışdı. Yazı qəzetimizdə çap olunan gün telefonuma zəng gəldi. Xeyirxah insanlardan biri bu ailəyə kömək etmək üçün telefon nömrəsi istəyirdi. Uşaqlardan birinin ağlayan yerdə fotosunu da göndərmişdi Esmira xanım. Şəkil çox təsirli idi. Esmira xanımdan soruşdum ki, o niyə elə ağlayır? Məlum oldu ki, ağlayan uşağın balaca bacısının qolu yanıb, tərpədə bilmir, o da hər dəfə bunu görəndə ağlayırmış. Bacısının qolunu tərpədə bilməsi üçün təcili əməliyyat lazımdır…

***

Mansur adında bir ellim var. Jurnalist olduğumu bildiyi üçün mənim haqqımda böyük düşünürmüş. Bir dəfə rayona gedəndə utana-utana gəlib mənə dedi ki, bəs 14 ildir evlidir, uşağı olmur. Uşaq evindən uşaq götürmək istəsə də vermirlər. Hər sənədi qaydasındadır, şəraitləri normaldır, sağlamlıqları da öz yerində. Amma uşaq evləri atılmışlarla dolu olsa da, uşağa tamarzı olan Mansurun ailəsini get-gələ salırlar. Məndən xahiş elədi ki, ona kömək edim. Mən də bir-iki dəfə yazdım, hətta rəsmi şəkildə elektron müraciət də elədim, bir faydası olmadı. Bunu Mansura bildirəndə dedi ki, “sənə dedim axı, bizim adamımız yoxdur, olsa, bizə də uşaq verərdilər”.

Deməyə söz tapmadım…

***

Adam, bəlkə, nəvəsinə də indidən ev alıb qoyub. Biz öz ailəmizi dolandıra bilmirik, camaat nəvəsinin dərdini çəkir. Amma mən o fikirdəyəm ki, uşağa indidən ev, cehiz almaq barədə düşünməkdənsə, onun savadlı, əxlaqlı bir insan olmasına çalışmalıyıq. Savadı və əxlaqı yerində olan adamın çörək qazanması elə də çətin olmur. Az qazanır, amma ac da qalmır…

***

Dünən 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü idi.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatlarını araşdırarkən məlum oldu ki, dövlət qeydiyyatından keçən itkin düşmüş şəxslər arasında 61 nəfər uşaq var. Onlardan 20 nəfəri qız, 41 nəfəri oğlandır. Əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslər isə 27 nəfərdir. Onlardan 7 nəfəri qız, 20 nəfəri oğlandır…

***

Şablon olsa da deyim: bizim problemlərimizdən biri də unutqanlığımızdır. Elə eləməliyik ki, uşaqlarımız da böyüyəndə bunun fərqində olsunlar. Qarabağda əsir düşən, başına faciə gətirilən uşaqları təkcə biz yox, elə haqdan, ədalətdən dəm vuran dünya əhli də qoruya bilmədi. Dünyanın başbilənləri bunu görməzliyə vururlar.

O gün saytlarda, sosial şəbəkələrdə bir xəbər oxunma rekordu qırırdı, bütün dünya bu xəbərdən danışırdı: ABŞ-ın Ohayo ştatındakı Sinsinati şəhər zooparkında 4 yaşlı oğlan diqqətsizlikdən qorillanın “qəfəsinə” düşmüş, uşağın xilası üçün qorilla güllələnmişdi.

Uşaqlar dünyanın gülü-çiçəyidir, söz yox. Bəs illərdir, elə indi də müsəlman ölkələrində qırılan, şiddətin, qorxunun, dəhşətin içində yaşayan, Qarabağda öldürülən, yurd-yuvasından didərgin salınan uşaqlar uşaq deyillərmi? Onların hüququ yoxdurmu? O uşaqları o günə qoyanların qorilladan nəyi artıqdır, nəyi əskikdir?

***

Bayramınız mübarək, əziz uşaqlar…