Nəticəli əhvalat

475

Bizim çox qəribə xasiyyətlərimiz var. Məsələn, biz Xocalı soyqırımını ildə bir dəfə anır və bu dəhşətli hadisədən ətraflı söz açırıq. Bununla da işimizi bitmiş hesab edirik. Yaxud bu və ya digər tarixi şəxsiyyətimizi doğum, vəfat günlərində xatırlamaqla kifayətlənirik. Daha başqa bir misal: övladlarımızın təlim-tərbiyəsi ilə onlardan şikayət olandan-olana məşğul oluruq. Elə bu kimi səbəblərdən ərz etdiyim və ərz etmək istəmədiklərimdən istədiyimiz nəticəni əldə edə bilmirik. Mən uzun müddət bu kimi uğursuzluqlarımızın kökünü axtarmağa çalışdım. Bir məntiqi nəticə əldə edə bilmədiyimə görə bu işimi yarımçıq qoydum. Amma bu günlərdə özümlə bağlı başıma gəlmiş bir əhvalatdan belə qənaətə gəldim ki… Yox, əvvəlcə, qoy həmin əhvalatı nəql edim. Məncə, elə həmin əhvalat mənim nə demək istədiyimə işıq sala biləcək.

Deməli belə… Bu günlərdə xəstəliyimlə əlaqədar tanış bir həkimə müraciət etdim. Həkim dərmanlarla bahəm yeməyimə ən azı bir il ciddi fikir verməyimi məsləhət bildi. O, həmin yeməklərlə qidalanmayacağım təqdirdə, xəstəlikdən tam qurtula bilməyəcəyimi söylədi. Mən:

– Həkim, sən elə yeməklər dedin ki… Mən maaşımla həmin yeməkləri ala bilmərəm axı, – dedim.

Həkim yarıgerçək, yarızarafat dilləndi:

– Get, kredit al…

Onun bu sözlərinə münasibət bildirmək istəyirdim ki, o, əli ilə “dayan” işarəsi verərək davam etdi:

– Belə deyən tək sən olsaydın dərd yarı idi. Başa düşə bilmirəm, niyə bu camaat maşın almağa kredit alır, amma sağlamlığına lazım olanda belə bir addım atmaq istəmir? Vallah, biz çox qəribə millətik e…

– Həkim, bəlkə ayda, yaxud həftədə bir dəfə sizin o dediyiniz təamları qəbul edim, hə?

Bu dəfə həkim mənə mənalı-mənalı baxaraq dedi:

– Mən sözümü dedim. Amma görürəm, sən məni başa düşmək istəmirsən, vəziyyətinin ciddiliyini anlamırsan… Odur ki, istəyirəm sənə bir əhvalat danışım (Bu əhvalatı da mənə xətrini çox istədiyim sənətşünas Ziyadxan Əliyev nəql edib). Bəlkə, bir şey başa düşdün.

– Əhvalat? Axı əhvalatın mənim xəstəliyimə nə dəxli var?

– Olmasaydı, yəqin ki belə bir təkliflə çıxış etməzdim. Deməli belə, tanınmış keramika ustaları Məzahir və Lalə Avşarların sovet dönəminin son dövrünə təsadüf edən toyları “Moskva” mehmanxanasında keçirilib. Bu toyda iştirak edən əqidə dostları arasında heykəltəraş Hüseyn Haqverdiyev və sənətşünas Ziyadxan Əliyev də olublar. İş elə gətirib ki, onlar qarşı-qarşıya oturublar. Məclisin yenicə qızışan vaxtı imiş. Yavaş-yavaş sağlıqlar deyilir, badələr boşaldılırmış. Məclis əhli stolun üstündəki bütün yeməklərə əl atdığı halda, nədənsə heç kim süfrədəki qara kürüyə əl uzatmağa tələsmirmiş. Bəlkə də ürək etmirlərmiş. Belə ki, o vaxtlar kürü toy məclislərinə yenicə çıxarılırdı. Çoxları bəlkə də onun dadını bilmirmiş. Ziyadxan müəllim süfrədə “qəribsəyən” kürünü heykəltəraş dostuna göstərib: “Hüseyn, bundan ye, deyirlər ki, gözə çox xeyri var!” – deyir. Hüseyn Haqverdiyev də adətinə uyğun azacıq pauzadan sonra gözünü qıyaraq sənətşünasa çəp-çəp baxır və yavaşca söyləyir: “Ziyadxan, əzizim, düz deyirsən, kürü, doğrudan da, gözə xeyirlidir. Amma ayda-ildə bir dəfə yeyəndə yox, hər gün yeyəndə!”

Bu mənalı həyat hekayətindən sonra özümün vəziyyətini unudub istər-istəməz fikirlərə daldım. Az sonra belə qərara gəldim ki, sən demə, elə yuxarıda ərz etdiyim məsələlərin də kökündə bu dururmuş. Yəni biz Xocalı faciəsindən, tarixi şəxsiyyətlərimizdən mütəmadi söz açmamağımızdan, övladımızla hər gün maraqlanmamağımızdan istədiyimiz nəticələri əldə edə bilmirik. Bəlkə, indən belə addımlar ataq? Hə, nə deyirsiniz?

Qvami Məhəbbətoğlu