Nəsiminin təbliği istiqamətində atılan hər addım təqdirəlayiqdir

349

Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi İli” elan edilməsi respublikamızın mədəniyyəti və ədəbi mühiti üçün əlamətdar hadisələrdən biridir. Bu sənəd XIV əsrin sonu və XV əsrin əvvəllərində yazıb yaratmış, Azərbaycan fəlsəfi qəzəlinin banisi, 3 dildə (ərəb, fars və türk) mükəmməl divanlar ərsəyə gətirən İ. Nəsimi yaradıcılığının, xalqımıza verdiyi böyük töhfələri yenidən araşdırıb təhlil etmək, eləcə də onun təsəvvüf yönümlü fəlsəfi fikirlərinin müxtəlif dillərə tərcümə olunaraq beynəlxalq miqyasda daha geniş tanıdılması baxımından olduqca əhəmiyyətlidir”.

Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Mingəçevir Dövlət Univresitetinin müəllimi, İmadəddin Nəsimi haqqında bir sıra əsərlərin müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tədqiqatçı-şair, “Qızıl qələm” mükafatçısı Əbülfət Həsənoğlu söylədi.

O bildirdi ki, Azərbaycanla yanaşı, Yaxın Şərq, İraq, Kiçik Asiya və Suriyada, eləcə də Orta Asiyada geniş şöhrət qazanmış İmadəddin Nəsimi yaradıcılığının himni ilahi eşq və bu eşqdə vüsala qovuşmağa layiq olan kamil insandır: “Şairin zəngin irsi hər bir insana anladır ki, yüksək elmlilik, dini və mənəvi-əxlaqi idealları qoruyub inkişaf etdirmək yolu ilə insan kamilliyə qovuşa bilər. Kamil insan əsl həqiqəti dərk edir və nəfsini idarə etməklə mənən saflaşaraq ilahi eşqində vüsala hazır olur.

Dərin fəlsəfi fikirlərinə görə despotizmin, nadanlığın və cahilliyin daim təqib etdiyi İ. Nəsimi müxtəlif ölkələrdə sığınacaq tapmağa çalışsa da, heç yerdə təqib və təhdidlərdən xilas ola bilmədi. Amalı, əqidəsi yolunda insanlığa qurban getməyin nadir timsallarından birinə çevrilmiş Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan yaradıcılığı ilə daim insanın əzəmətini, onun ucalığını və azadlığını tərənnüm etmişdir. Təəssüf ki, ilahi eşq yolunu  tutmuş, yüksək dini etiqada malik Nəsimi öz çətin anlaşılan fəlsəfi fikirlərinə görə dinsiz kimi qələmə verilmişdir. Nəsiminin 1963 beytini (“İraq divanı”) şərh etmiş bir araşdırıcı kimi deyə bilərəm ki, onun poeziyasında Allaha və onun kəlamı olan müqəddəs Qurani-Kərimə xələl gətirəcək heç bir kəlməyə təsadüf etmədim. Elə götürək onun ədəbiyyatımızda müəyyən mübahisələrə səbəb olan “Ənəlhəq”lə bağlı fikirlərini. Məlum olduğu kimi, “Ənəlhəq” (haqq məndədir) kəlamı ilk dəfə X əsrdə fars şairi Hüseyn ibn Mənsur (Həllac Mənsur) tərəfindən işlədilmişdir. Nəsimi gənc yaşlarından Mənsuru özünə örnək seçib, hətta Hüseyni, Mənsuri təxəllüsləri ilə şeirlər də yazıb. Şair Mənsura həsəd apararaq deyirdi:

Darə çıxmaq bu fəna ərsədə Mənsura düşər,

Bilməyən sirri-ənəlhəqqi o dəvi nə bilir?

Yəni bu fani dünyada “ənəlhəq” söyləmək kimi ucalıq Mənsurun payına düşüb, “ənəlhəq”in sirrini bilməyənlər bu iddianın nə olduğunu anlamazlar.

Sonralar bu ucalığa yetişən Nəsimi belə yazırdı:

Buldu Nəsimi çün səni neyçün “ənəlhəq” deməsin?

Ey bu sözə münkir olan, dövlətü darın yox imiş.

İlahi nurlanmaya qovuşan şair: “Nəsimi səni tapdı, niyə “ənəlhəq” deməsin, ey bu sözü inkar eyləyən sənin o ucalıq var-dövlətindən xəbərin yox imiş”, – deyir.  

Təsəvvüfdə eşq, insan ruhunun Allaha qovuşub onda əriməsi arzusudur. “Ənəlhəq” isə bu arzuya çatmanın ifadəsidir. “Ənəlhəq” söyləmək o kamil insanlara qismət olurdu ki, onlar öz içində nəfsi boğub mələksima olmaqla “fəna-fillah” məqamına yetişsinlər. Belə insanları Allah mükafatlandıraraq qəlblərini nurlandırırdı. Bu məqam “bəqa-billah” adlanır və “ənəlhəq” (haqq məndədir, haqla haqq olmuşam və ya ilahi nurlanmaya yetişmişəm) söyləməyə imkan verən bir haldır. Adi dindarlar tərəfindən qəbul edilməyən “ənəlhəq” Haqq aşiqləri tərəfindən Quranın “Ən Nur” surəsinin 35-ci ayəsi ilə əsaslandırılırdı: “Allah göylərin və yerin nurudur. O, nur üstündən nurdur. Allah dilədiyi bəndəni öz nuruna qovuşdurur”.

Nəsimi poeziyası, şair özü demişkən, şahlara layiq bir incidir:

Əlfazi-Nəsimi bu gün ol möcüzədir kim,

Bənzər ona bir lölövü şəhvar ələ girməz.

Yəni  Nəsimi söhbəti (sözləri) bu gün elə bir möcüzədir ki, ona bənzər şahlara layiq bir inci ələ düşən deyil.

Ümumiyyətlə, Nəsimi poeziyasını anlamaq üçün təsəvvüf fəlsəfəsinin mahiyyətini, sufizmi, hürufi rəmzlərini, əbcəd hesabını, Quranı, dini əsatir və rəvayətləri bilmək vacibdir. Quran kəlamlarından geniş istifadə və rəmzi fikirlər, şair özü demişkən, anlaşılmaz “quş dilinin” yaranmasına səbəb olmuşdu:

Heç kimsə Nəsimi sözünü fəhm edə bilməz,

Bu, quş dilidir, bunu Süleyman bilir ancaq”.

Ölkəmizdə hər ilin mühüm tarixi hadisələrə, şəxsiyyətlərə həsr edilməsi ənənəsini yüksək qiymətləndirən müsahibimiz daha sonra vurğuladı ki, bədxahlarımızın Azərbaycan xalqına hər cür şər və böhtan atdığı bir dövrdə Nəsiminin parlaq şəxsiyyəti və idealı fonunda cari ilimizdə beynəlxalq mədəni həyatın diqqət mərkəzində olmaq şübhəsiz, ümummilli bir dəyərdir: “Güman edirəm ki, bu missiya uğurla yerinə yetiriləcək, Nəsimi ilə bağlı yeni tədqiqatlar aparılıb əsərlər yazılacaq və şair dünya miqyasında daha geniş təbliğ olunacaqdır. Nə xoş ki,  son zamanların araşdırmalarının nəticəsi olaraq onun əsərlərinin əlyazmaları tapılıb. Məsələn, Türkiyənin müxtəlif əlyazma mərkəzlərində Nəsimi “Divan”ının 80-dən çox əlyazma nüsxəsi saxlanılır. Onların sırasında Manisa, Amasya, Ərzurum, İzmir, Diyarbəkir, Balıkesir, İstanbul, Ankara və s. yerlərdə saxlanılan nüsxələri qeyd etmək olar. Tədqiqatçılarımız  onlardan bir neçəsinin fotosurətini əldə edə biliblər.

Hazırda Nəsimi poeziyası müxtəlif xarici dillərə tərcümə olunaraq beynəlxalq ədəbi mühitdə yayılmaqdadır. Ancaq bu o qədər də asan məsələ deyildir. Şairin tərcüməsi ilə məşğul olanlar, yaxşı olar ki, Nəsimi fəlsəfəsini dərindən mənimsəsinlər. Onu da deyim ki, tərcümələrin hansı keyfiyyətdə olmasından asılı olmayaraq, ən azından Nəsimi kimi mütəfəkkirin tanıdılmasında böyük əhəmiyyət kəsb edir. Bu mənada Nəsiminin təbliği istiqamətində atılan hər bir addım təqdirəlayiqdir.

Onu da qeyd edim ki, İmadəddin Nəsimi öz ilahi eşqi və dini etiqadı ilə övliyalıq məqamına yetişmiş, İslam dininin saflığı uğrunda canını fəda etməsilə şəhidlik zirvəsinə ucalmış, kamilliyi, əxlaqı, əqidəsi, iradəsi və dözümü ilə xalqımız, xüsusən də gənclərimiz üçün örnək olmağa layiq dahi şəxsiyyətdir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”