“Nəsimi yaradıcılığı böyük bir xəzinədir”

0
604

Dahi söz ustadı, mütəfəkkir şair İmaməddin Nəsiminin 650 illik yubileyi münasibətilə Mingəçevir Turizm Kollecində silsilə tədbirlər keçirilir. Kollec kitabxanasında  şairin kitablarından ibarət kitab sərgisi təşkil olunub, istedadlı tələbələr arasında  inşa və rəsm müsabiqələri keçirilib və ayrı-ayrı ixtisas qruplarında ədəbi müzakirələr aparılıb.Tələbələr tərəfindən təqdim olunan  əl işlərində çoxsayda  məzmunlu əsərlər, o cümlədən Nəsiminin portret cizgiləri və əsərlərinin bədii –fəlsəfi mahiyyətini əks etdirən tablolar yer alıb.

Yubiley tədbirləri  İmaməddin Nəsimi yaradıcılığına həsr olunmuş elmi- nəzəri konfransla davam etdirilib. Konfransda çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru,  professor Əyyub Əyyubov  dahi şairin 650 illik yubileyinin təntənəli şəkildə qeyd olunması barədə ölkə prezidenti cənab İlham Əliyev tərəfindən verilən Sərəncamın  böyük və önəmli  hadisə oluğunu bildirib:

“Cənab prezidentin bu addımı yüksək təqdirə layiqdir.Çünki  Sərəncamdan irəli gələn müddəaların icrası ümumən Azərbaycan ədəbiyyatına, poeziyasına  xidmət edən əvəzssiz töfhədir. Üstəlik 2019-cu ilin Nəsimi ili elan olunması  xalqımızın tarixinə, ənənələrinə, dahi övladlarının xatirəsinə göstərilən ehtiram nümunəsidir. Əslində İmaməddin Nəsimi  təkcə bizim deyil, şərqin böyük mütəfəkkiri və dahi söz ustadır. Onun əsərlərində  diqqət çəkən əsas motivlər ümumbəşəridir.Buna görə də  bizim qədər digər şərq xalqları da  Nəsimini özünün övladı, özünün şairi hesab edir.Ona yaxşı mənada  sahib çıxır.Nəsimi şerinin qüdrəti hələ zamanında ürəkləri fəth edib.Müxtəlif dillərdə böyük ədəbi nümunələr yaradan şair ölməzlik statusunu çoxdan qazanıb. Zəmanəmizdə isə bu poeziya ilahi eşq səviyyəsində dəyərləndirilməkdədir. Onun haqqında yazılan qalaq-qalaq kitablar, çəkilən bədii və sənədli filmlər, aparılan araşdırmalar, xatirəsinə ucaldılan abidələr, çəkilən tablolar, adına verilən  yer adları, küçələr, stansiyalar və  təhsil mərkəzləri  bəşəri  ümumxalq sevgisinin bir təzahürüdür.”

Bundan sonra  dahi şairin həyat və yaradıcılığından bəhs edən sənədli filmə baxış keçirilib. Ardınca konfransın digər məruzələri dinlənilib.

Pedaqoqlar Pəri Əyyubova və Kifayət Əliyeva müvafiq olaraq  “İmaməddin Nəsiminin həyat və yaradıcılığı”, eləcə də “Nəsimi yaradıcılığında hürufi  görüşləri” mövzularında çıxış edib.Çıxışlarda  İmaməddin Nəsiminin yaradıcı təfəkkürü, istifadə etdiyi dil üslubu və poetik janrlar, yaşam tərzi, dini baxışları və ömür yolu barədə maraqlı fikirlər səsləndirilib.Onun  hazırda Suriya torpaqlarında yer alan məzarı barədə ən son məlumatlar çatdırılıb.

Yubiley tədbiri  tələbə özfəaliyyət qrupu tərəfindən təqdim olunan ədəbi bədii kompozisiya ilə başa çatıb. Bədii hissədə tələbələr tərəfindən təqdim olunan Nəsimi poetikası, onun qəzəlləri əsasında  muğam və musiqi parçaları, eləcə də milli alətlərdə ifa olunan saz havaları yubiley tədbirinə xoş ovqaqt bəxş edib.          Yubiley tədbirinə yekun vuran professor Əyyub Əyyubov hər kəsi daim Nəsimi yaradıcılığından mənəvi ruh almağa dəvət edib:

“Nəsimi yaradıcılığı böyük bir xəzinədir. Onun ən azı bir şerini əzbər bilmək o xəzinənin incisinə sahib olmaq deməkdir.”

Esmira Hidayətova, Mingəçevir